Azərbaycan
12 oktyabr 1938 – Tanınmış kinooperator Şərif İsmayıl oğlu Şərifov (1938 – 26.9.2007) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.
12 oktyabr 1974 – Əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar Qılman Balaməmməd oğlu Salahov (16.3.1906 – 1974) vəfat edib. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri olub.
12 oktyabr 1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov; 21.3.1924 – 1990) vəfat edib. “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı gəraylısı” kimi aşıq havalarının müəllifidir.
13 oktyabr 1918 – Əməkdar incəsənət xadimi, rəssam Lətif Əbdülbaği oğlu Feyzullayev (1918-1987) anadan olub. Abşeron təbiətinin koloriti, Xəzər neftçiləri ilə bağlı maraqlı əsərlərin müəllifidir.
13 oktyabr 1938 – Əməkdar artist Hamlet Ağadadaş oğlu Qurbanov (1938 – 15.11.1995) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Dədə Qorqud”, “O dünyadan salam” və s.), televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
13 oktyabr 1940 – Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev; 1940 – 24.8.2017) Bakıda anadan olub. “Bir saatlıq xəlifəlik”, “Baş tutmayan hiylə” operettalarının, uşaqlar üçün musiqili səhnə əsərlərinin (“Tülkü, tülkü, tünbəki...”), mahnıların müəllifidir.
13 oktyabr 1940 – Əməkdar incəsənət xadimi, kinoşünas İmran Musa oğlu Xəlilov (1940 – 18.7.2000) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
13 oktyabr 1967 – Tanınmış aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897-1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq” filmində (Yarməmməd) çəkilib.
13 oktyabr 1974 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə (15.12.1909 – 1974) vəfat edib. Əsərləri müxtəlif xarici muzeylərin eksponatları sırasındadır.
14 oktyabr 1875 – Maarif xadimi, naşir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875-1941) Bakıda doğulub. 1906-1908-ci illərdə “Dəbistan” adlı ilk milli pedaqoji jurnalın naşiri və mühərriri olub.
14 oktyabr 1912 – Heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912 – 21.4.2006) Dərbənd şəhərində anadan olub. Şuşada M.P.Vaqifin abidəsi, X.Natəvanın büstü və s. əsərlərin müəllifidir.
14 oktyabr 1916 – Əməkdar artist Süsən Hacı Aslan qızı Məcidova (1916 – 24.5.1985) anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə çəkilib.
14 oktyabr 1933 – Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 – 2.12.2004) Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
Dünya
12 oktyabr 1896 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale; 1896-1981) anadan olub.
12 oktyabr 1924 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 – 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.
12 oktyabr 1935 – İtalyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 1935 – 6.9.2007) anadan olub.
13 oktyabr 1921 – Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand – İvo Livi; 1921-1991) anadan olub. Çəkildiyi filmlər: “Etiraf”, “Vəhşi”, “Silah seçimi”.
13 oktyabr 1934 – Rus aktyoru Saveli Kramarov (1934-1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.
14 oktyabr 1864 – Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski; 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” və s. romanların müəllifidir.
Hazırladı: Vüqar Orxan