Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

530 il əvvəl...

12 oktyabr 1492-ci ildə Xristofor Kolumbun gəmiləri Amerika sahillərinə çıxıb. Ekspedisiyanın çıxdığı ilk ərazi indiki Baham adaları olub. Bu gün tarixə Amerikanın “kəşf” edilməsi günü kimi düşüb. Hərçənd Kolumbun dünya ekspedisiyası Hindistana səfər etməyi planlaşdırırdı və gəlib çıxdıqları torpaqların Hindistan olduğunu zənn edirdilər. Bununla belə, Amerikanın kəşfi Kolumbun adı ilə bağlandı. 12 oktyabr ABŞ-da “Kolumb günü”, onun vətəni İspaniyada isə “İspan milləti günü” kimi qeyd edilir.

 

209 il əvvəl...

12 oktyabr 1813-cü ildə Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu) yerləşən Gülüstan kəndində bağlanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları – Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış xanlıqlarının ərazisi Rusiya imperiyasının tərkibinə daxil edilib. Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalıb. Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahın təmsilçisi Mirzə Əbülhəsən imzalamışdı. Müqaviləyə əsasən, İran Xəzər dənizində hərbi donanma saxlamaq hüququnu itirib.

 

195 il əvvəl...

13 oktyabr 1827-ci ildə II Rusiya-İran müharibəsi (1826-1828) gedişində Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları Təbrizi ələ keçirib. Ardınca general İvan Paskeviçin qoşunları Ərdəbil və Urmiyanı da işğal edib. Ruslar işğalı genişləndirməklə gələcək sülh müqaviləsində maksimum üstünlük əldə etmək niyyəti güdürdülər. 1828-ci ilin fevralında bağlanan Türkmənçay müqaviləsi bunu təsdiqlədi.

 

142 il əvvəl...

13 oktyabr 1880-ci ildə Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmiryolu nəqliyyatının əsası qoyulub. Prezident İlham Əliyevin 2005-ci ildə (7 oktyabr) imzaladığı sərəncamla 13 oktyabr Azərbaycanda “Dəmiryolu işçilərinin peşə bayramı günü” elan olunub.

 

101 il əvvəl...

13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası – Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəddə 1921-ci ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin Cənubi Qafqazla bağlı müddəaları dəqiqləşdirildi, Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşdi. Müqavilənin mühüm bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbit edilmişdi.

 

99 il əvvəl...

13 oktyabr 1923-cü ildə Ankara Türkiyənin yeni paytaxtı elan edilib. Paytaxtın İstanbuldan Ankaraya köçürülməsi Mustafa Kamal Atatürkün təşəbbüsü idi. 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin toplandığı və xalqın qurtuluş mücadiləsinin idarə olunduğu şəhər yeni Türkiyənin mərkəzi halına gəlmişdi. 29 oktyabrda yeni paytaxtda Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi.

 

98 il əvvəl...

12 oktyabr 1924-cü ildə Ukrayna SSR tərkibində Moldaviya Muxtar Sovet Sosialist Respublikası təşkil olunub. Muxtar respublika indiki Moldovanın təxminən üçdəbirini əhatə edirdi. 1940-cı ildə Sovet İttifaqı tərəfindən Bessarabiya Rumıniyadan qoparıldı və bu bölgənin Moldaviya MSSR-lə birləşdirilməsi nəticəsində Moldaviya SSR (2 avqust 1940) yaradıldı.

 

24 il əvvəl...

11 oktyabr 1998-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın rəsmi məlumatına əsasən, dövlət başçısı Heydər Əliyev 76,11 faiz səs qazanaraq ikinci dəfə prezident seçilib.

 

17 il əvvəl...

12 oktyabr 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan hissəsinin açılış mərasimi keçirilib. Bundan öncə, 2005-ci il mayın 25-də kəmərin Azərbaycan hissəsinin açılışı olmuşdu. 1768 km-lik boru xətti ilə neft Türkiyənin Ceyhan limanına 2006-cı il mayın 28-də çatdı.

Hazırladı: V.Orxan