Sovet rejiminin 30-cu illər repressiyası əsasən milli özünüdərkə xidmət edənləri, xalqın gələcəyi üçün çalışanları, ictimai-mədəni fəalları hədəfə almışdı. Şair, pedaqoq, ədəbiyyatşünas və mətbuat xadimi Əmin Abid də ömrünü Vətəni və xalqı üçün yaşayan ziyalılardan idi. Buna görə də repressiyanın cəngindən qurtula bilməzdi...

Əmin Mütəllib oğlu Əhmədov (Abid) 1898-ci ilin bir payız günündə Bakıda ziyalı ailədə dünyaya göz açıb. İbtidai təhsilini anası Reyhan xanımın evdə açdığı məktəbdə alır. Sonra şəhərdəki III Aleksandr (oğlanlar) gimnaziyasında təhsilini davam etdirir.

Ali təhsil almaq üçün 1914-cü ildə Türkiyəyə getmək istəyir. Ancaq I Dünya müharibəsinin başlanması buna mane olur. O, qardaşı şair Əlabbas Müznibin naşiri və redaktoru olduğu “Dirilik” və “Babayi-Əmir” jurnallarında işə düzəlir. Müxtəlif imzalarla hekayə, şeir, məqalə və tərcümələr dərc etdirir. 1918-ci ildə ilk milli və müstəqil dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyəti qurulur. Bununla digər azərbaycanlı gənclər kimi, onun da xaricdə ali təhsil almaq arzusu gerçəkləşir. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə qəbul olunur. Tələbəlik dövründə “Azərbaycan türklərinin ədəbiyyat tarixi” adlı monoqrafik əsərini yazır. 1920-ci ildə Cümhuriyyət süqut edir, vətəndən gələn acı xəbərlər onun yaradıcılığında da özünü göstərir. “Yeni Qafqaz”, “Azəri-türk”, “Odlu yurd” və digər jurnallarda “Gültəkin” təxəllüsü ilə şeirlər dərc etdirir. Sibir sürgünlərinə, təqib və təhqirlərə qarşı etiraz səsini ucaldır. Şairin Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə dərc olunan “Buzlu cəhənnəm” adlı kitabında əksini tapır.

Əmin Abid 1927-ci ildə Azərbaycana qayıdır, xüsusilə Bakıda başqa bir ovqatla qarşılaşır. İstanbula oxumağa getdiyi zaman milli şüur yüksək, xalqda özünüdərk hissləri güclü idi. İndi isə o, bunların tamam əksini müşahidə edir. Sovet rejiminin apardığı yadlaşdırma, milli dəyərləri heçə endirmə siyasətinin, müstəqil düşüncə sahiblərinin təqib edilməsinin şahidi olur. Qələmini süngüyə çevirərək özünü odlara-alovlara vurur:

Xəzərin suyunda çox göz yaşım var,
Bağrına yaslanmış dərdli başım var.
Dünyaya gəldim mən – toprağım oldun,
Altaylardan endim – durağım oldun...

Əmin Abid bolşeviklərin açıq təqib və təhdidlərindən sarsılsa da, yüksək tədqiqatçılıq qabiliyyəti ilə mənsub olduğu xalqın ədəbiyyatını, folklorunu araşdırmaq işində həvəsdən düşmür. Əksinə, səylərini daha da artırır. Bakı Dövlət Universitetində işə düzəlir. Pedaqoji fəaliyyətlə yanaşı, qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair elmi məqalələr dərc etdirir. Tədris ocaqlarında, dərnəklərdə “Oğuznamə”, “Azərbaycan ədəbiyyatının başlanğıcı” mövzularında məruzələrlə çıxış edir. “Azərbaycan türklərinin ədəbiyyat tarixi”, “Türk ədəbiyyatında bayatı-mani növü”, “Bayatının türk xalqları ədəbiyyatında mövqeyi”, “Azərbaycan ədəbiyyatının qədim abidələrindən” monoqrafik əsərləri, eyni zamanda “Kitabi-Dədə Qorqud”un mətni haqqında məlumat”, “XVII əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyatımız tarixində Sabirin mövqeyi”, “Mirzə Şəfi haqqında aparılan tədqiqlərə bir baxış”, “Türk el ədəbiyyatına elmi bir baxış (“Oğuznamə”)” kimi məqalələri mətbuatda dərc olunur. Gərgin elmi axtarışları nəticəsində Məhəmməd Füzulinin “Söhbətül-əsmar” əsərini aşkar edir və elm aləminə tanıdır.

Alimin yaradıcılığının ən maraqlı səhifələri folklorumuzla, qədim qaynaqlarımızla bağlı olub. Mənbələrdə göstərilir ki, Əmin Abidin fikrincə, qədim türk dastanlarının ahəngdar mətni – vurğunun cümlələrin sonuna salınması, cümlə və ifadələrin təkrarı və s. zaman keçdikcə cilalanaraq heca vəznli şeiri formalaşdırıb. O, qədim şeirlərimizi “vəznli şeir” adlandırıb. Fikirlərini əsaslandırmaq üçün “Kitabi-Dədə Qorqud” dastanının Drezden kitabxanasında saxlanılan nüsxəsindən nümunələr verib. Bu dastanın müstəqil bir əsər deyil, “Oğuznamə”nin tərkib hissəsi olduğunu bildirib.

Əmin Abidə görə, vəznli şeirdən tədricən heca vəzni yaranıb. İlk nümunə kimi Mahmud Kaşğarlının “Divani-lüğət it-türk” əsərində qorunub saxlanılan atalar sözlərini misal göstərib. O, bununla da kifayətlənmir. Daha qədim qaynaqları önə çəkir. Orxon-Yenisey abidələrində də 7 hecalı şeir şəklinin olduğunu söyləyir və ondan nümunələr verir.

Araşdırmalarda qeyd edilir ki, Cümhuriyyətin bolşeviklər tərəfindən işğalına etiraz olaraq yazdığı üsyankar şeirlər, xüsusilə gənclər tərəfindən maraqla qarşılanır. Mühacirətdə olan ziyalılarımız isə onun yaradıcılığını böyük həyəcanla izləyirlər. Türkiyədə və digər ölkələrdə sığınacaq tapmış Cümhuriyyətin hökumət üzvləri Gültəkinin şeirləri ilə nəfəs alır və onun milli azadlıq ruhlu əsərlərini yüksək qiymətləndirirlər.

Mübariz şair gizli şəkildə yayılan vətənpərvərlik mövzusundakı şeirləri ilə gənc nəslin milli azadlıq mübarizəsi ruhunda yetişməsində önəmli rol oynayır. Həmin şeirlərin birində müəllif işğalçı bolşevik rejiminə, müstəmləkə zülmünə qarşı etirazını belə ifadə edir:

...Qaldıqca ruslarda diyarım mənim,
İntiqam olacaq şüarım mənim.

Əmin Abid düşmənlərdən intiqamını gəncləri milli azadlıq uğrunda mübarizəyə hazırlamaqla alırdı. O, millət sevgisinə, vətənpərvərliyinə görə təqib edilir və işdən çıxarılır. Eyni zamanda mətbuatda tənqid hədəfinə çevrilir. Belə bir çətin şəraitdə açıq mübarizənin mümkünsüzlüyünü görür və elmi mübarizə yolunu seçir. Çox çətinliklə də olsa, qədim və orta yüzilliyin qaynaqlarını araşdırır. Əldə etdiyi nailiyyətləri sistemləşdirməyə çalışır. Amma həyatını repressiya tufanından xilas edə bilmir. Adı türk millətçilərinin siyahısına salınır. Maarif sahəsində aparılan “təmizləmə” əməliyyatı əsasən türk ədəbiyyatı, coğrafiya və tarix müəllimlərinə qarşı yönəldilirdi. Bundan sonra onun Bakıda işləməsi daha da çətinləşir. Məcburiyyət qarşısında qalan alim 1929-1934-cü illərdə Ağdaş, Quba və Ağdam rayonlarında müəllim işləyir.

Stalin diktaturası minlərlə günahsız insan kimi Əmin Abidi də qara kölgə kimi izləyirdi. 14 iyul 1938-ci ildə həbs edilir. Türkiyəyə casusluqda, gənclər arasında pantürkizmi təbliğ etməkdə günahlandırılan millətsevər ziyalı həmin ilin oktyabrın 21-də güllələnir.

Savalan Fərəcov