Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycan milli mətbuatının görkəmli nümayəndəsi, maarifçi-publisist Ömər Faiq Nemanzadənin 150 illiyi münasibətilə videoçarx hazırlayıb.

Videoçarxda qeyd olunur ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və  “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. O, “Molla Nəsrəddin” jurnalında, eləcə də dövrün bir sıra qəzet və jurnallarında (“Açıq söz”, “Tərəqqi”, “İrşad”, “Həyat”, “Rəncbər”, “Adıgün kolxozçusu”, “Kommunist”, “Qızıl bayraq” və s.) yazılarla çıxış edib. Müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu yetkin qələm sahibi kimi tanıtmaqla yanaşı, düşmənlər də qazandırıb.

Repressiya qurbanı olan görkəmli ziyalı 1937-ci ildə saxta ittihamlarla həbs edilərək güllələnib.