Elçin Qafarlı: “Hüseyn Cavidin 6 pyesini Türkiyə türkcəsinə uyğunlaşdırıb nəşr etdirməyi planlaşdırmışıq”

 

5-9 oktyabr tarixində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY da təmsil olunurdu. Sərgi çərçivəsində Mədəniyyət Nazirliyinin bu qurumdakı nümayəndəsi Elçin Qafarlı ilə həmsöhbət olduq.

 

– Elçin müəllim, TÜRKSOY builki sərgidə necə təmsil olunur?

– TÜRKSOY olaraq bundan əvvəl də bir neçə dəfə Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmişik. Bu dəfə stendimizdə təşkilatımız tərəfindən nəşr edilən, türk xalqlarının ədəbiyyatını, folklorunu, dastanlarını, poeziyasını, musiqisini, yəni zəngin mədəniyyətini əks etdirən son nəşrlərimiz yer alıb. TÜRKSOY-un stendinə böyük marağın şahidi olduq.

 

– Gələcəkdə təşkilatın himayəsi ilə sırf türkdilli dövlətlərin və toplumların kitab sərgisini keçirmək olarmı?

– Gələn il TÜRKSOY-un 30 illiyidir. Bu münasibətlə müxtəlif tədbirlər, o cümlədən ayrıca kitab sərgisinin də keçirilməsi nəzərdə tutula bilər.

 

– Bu il Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin yubileyləri qeyd olunur. Bununla bağlı TÜRKSOY tərəfindən hansı tədbirlər keçirilib?

– TÜRKSOY hər il Türk dünyası mədəniyyətinin müxtəlif sahələrini təmsil edən dahi şəxsiyyətlərimizin yubileylərini qeyd edir, bəzilərinin adına isə xüsusi il elan olunur. Məsələn, əvvəlki illərdə biz Azərbaycandan  Mirzə Fətəli Axundzadə, Molla Pənah Vaqif, İmadəddin Nəsimi, Qara Qarayev və Nizami Gəncəvinin yubileyləri ilə bağlı illər elan etmişik. Bu il isə görkəmli bəstəkarımız Fikrət Əmirovun 100 illiyi münasibətilə TÜRKSOY tərəfindən “Fikrət Əmirov İli” elan etmişik. Bəstəkarın yubileyi ilə bağlı ilk tədbir bu ilin fevral ayında Ukraynada keçirildi. Baxmayaraq ki, Ukrayna TÜRKSOY-un üzvü deyil, lakin TÜRKSOY ortaq türk mədəniyyətini nəinki türk dövlətlərində, digər ölkələrdə də tədbirlər keçirərək o xalqlara da bizim mədəniyyətimizi tanıtmaqla məşğuldur. Ona görə də biz “Fikrət Əmirov İli”nə Ukraynanın Dnepropetrovsk şəhərində keçirdiyimiz konsertlə başladıq və sonra Qazaxıstanda, bu günlərdə isə Türkiyədə davam etdirdik. Oktyabrın 7-də Adanada, 9-da Ankarada “Fikrət Əmirov İli” ilə bağlı konsertlər təşkil edildi.

Onu da qeyd edim ki, ənənəvi keçirdiyimiz “TÜRKSOY Opera Günləri” bu il Fikrət Əmirova həsr olundu. Türk dünyasından gələn opera sənətçilərinin iştirakı ilə Türkiyənin Bursa və İzmir şəhərlərində və Şimali Kiprin Girne və Qazimağusa şəhərlərində keçirilən konsertlərdə bəstəkarın əsərləri sənətsevərlərə təqdim edildi.

Bu il görkəmli şairə Xurşidbanu Natəvanın 190 illik yubileyi qeyd edilir. Yubileylə bağlı iyul ayında Ankarada, TÜRKSOY-un qərargahında Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi və ölkəmizin Türkiyədəki səfirliyi ilə birlikdə “Qarabağdan doğan Günəş və Ay. Xurşidbanu Natəvan. Fatma xanım Kəminə” kitabının təqdimatını keçirdik. Sentyabrda Şuşada “Məclisi-üns”ün bərpası ilə bağlı keçirilən tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət etdiyimiz gənc şairlər də iştirak etdi. Həmçinin bu il TÜRKSOY və Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi ilə birlikdə görkəmli satirik şairimiz Mirzə Ələkbər Sabirin 160 illiyi ilə bağlı tədbir keçirilib.

Bundan əlavə, iyun ayında istiqlal şairimiz Əhməd Cavadın 130 illiyi ilə bağlı Ankarada böyük bir tədbirlər proqramı həyata keçirdik. Onun şeirlərini Türkiyə türkcəsində nəşr etdirərək təqdimatını reallaşdırdıq.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyi ilə bağlı müəllifin 6 pyesini Türkiyə türkcəsinə uyğunlaşdırıb nəşr etməyi planlaşdırmışıq.

Məlum olduğu kimi, 2022-ci il eyni zamanda tanınmış qırğız yazıçısı Toktobolot Abdumomunovun (1922-1989) 100 illiyi münasibətilə TÜRKSOY tərəfindən əlamətdar il elan edilib. “Abdumomunov İli” ilə bağlı üzv ölkələrimizdə, o cümlədən noyabr ayında Bakıda tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

– Türk dünyasının gözü bu il qədim Bursaya dikilib...

– Bəli, bu il tədbirlərimizin əsas hissəsi “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada keçirilir. Türk dünyasının teatr, kino, ədəbiyyat, sənətkarlıq, moda, muzey sahələri üzrə müxtəlif tədbirlərimiz olub. Türkiyənin Safranbolu şəhərində isə avqust ayında “TÜRKSOY Rəssamlar Görüşü” ənənəvi tədbiri keçirildi. Tədbirdə ümumilikdə 23 rəssam (ölkəmizdən 4 rəssam) iştirak etdi. İki həftə davam edən tədbirdə hər rəssamın hazırladığı 3 əsərdən ikisi Safranbolu mövzulu, biri isə Türk dünyası ilə bağlı rəsm əsərləri idi. Sonda 69 rəsm əsəri ərsəyə gəldi və TÜRKSOY-un rəsm kolleksiyasını zənginləşdirdi.

Onu da deyim ki, biz bütün tədbirlərimizə yaşlı, orta və gənc nəsli təmsil edən sənət adamlarını dəvət edirik ki, onlar da estafeti özündən sonra gələn nəslə ötürsünlər.

 

– Təşkilatın bu il daha hansı tədbir və layihələri gözlənilir?

– 1-5 noyabr tarixində Türkiyənin Bursa şəhərində “Korkut Ata” (“Dədə Qorqud”) Türk Dünyası Beynəlxalq Film Festivalı keçiriləcək. Bu, sayca ikinci festivaldır. Keçən il ilk dəfə İstanbul şəhərində təşkil olunan festivalda Türk dünyasından kinematoqrafiya sahəsində mütəxəssislər, prodüserlər, menecerlər, aktyorlar, rejissorlar iştirak etdilər. Bu ildən festivalın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilən şəhərlərində keçirilməsi qərara alınıb. Beləliklə, növbəti il festivalın Şuşada keçirilməsi planlaşdırılıb.

Bundan başqa, bildiyiniz kimi, TÜRKSOY-un teatr fəaliyyəti də var. Bununla bağlı qurumun nəzdində üzv ölkələrin Teatr Rəhbərlərinin Şurası fəaliyyət göstərir. Mən hazırda həmin şuranın koordinasiyasını da həyata keçirirəm. Şuranın toplantılarında teatrlar arasında əməkdaşlığı, bu sahədə olan problemləri və digər məsələləri müzakirə edirik. Çox istərdik ki, Türk dünyasının gənc yazarları yeni dram əsərləri qələmə alsınlar. TÜRKSOY bu məsələni də diqqətdə saxlayır. Təşkilatın Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi ilə əməkdaşlığı çərçivəsində hər il müxtəlif mövzularda ədəbi müsabiqələr keçirilir. TÜRKSOY tərəfindən üzv ölkələrin teatrlarına tövsiyə olunur ki, həmin müsabiqələrdə dram janrı üzrə qalib gəlmiş əsərləri öz repertuarlarına daxil etsinlər.

Təşkilatın iştirakı ilə teatr festivalları da keçirilir. 4 il əvvəl Qazaxıstanın Mədəniyyət Nazirliyi və Mangistau Vilayətinin İcra Hakimiyyəti ilə birlikdə Aktau şəhərində Xəzəryanı ölkələrin teatr festivalı keçirildi. Festivalda 5 Xəzəryanı ölkənin teatrları iştirak etdilər. Əsas məqsədimiz digər Xəzəryanı ölkələrdə də ardıcıllıqla bu festivalın davam etdirilməsidir.

Həmçinin TÜRKSOY-un özünün beynəlxalq teatr festivalını keçirmək kimi bir fikrimiz də var. Bu festivalın ilkini gələn il “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşada keçirməyi planlaşdırırıq. Bilirsiniz ki, hazırda Şuşada teatr binası yoxdur. Amma festivalın açılış və bağlanış mərasimləri Şuşada, festivalın tamaşaları isə Bakıda, Gəncədə və yaxud başqa bir şəhərdə nümayiş oluna bilər.

 

– Gələn il TÜRKSOY-un 30 yaşı tamam olur. Yubiley nə ilə yadda qalacaq?

– TÜRKSOY-un yaradılması ideyası 1992-ci ildə irəli sürülüb. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilib, nəhayət, 12 iyul 1993-cü il tarixində Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalanıb.

2023-cü ildə TÜRKSOY-un quruluşunun 30 illiyini həm üzv ölkələrimizdə, həm də UNESCO və BMT kimi mötəbər təşkilatlarda qeyd etməyi nəzərdə tutmuşuq. Artıq bununla bağlı hazırlıqlar gedir. TÜRKSOY 30 illik fəaliyyəti dövründə müxtəlif layihələrə imza atıb. Bu layihələrdən ən önəmlilərindən biri “Türk Dünyasının Mədəniyyət Paytaxtı”dır. İndiyədək 10 şəhər bu  missiyanı daşıyıb. Bunlardan birincisi Astana (2012), sonuncusu isə Bursa şəhərləridir. Gələn il isə Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhəri bu estafeti qəbul edəcək. Qeyd etdiyim kimi, TÜRKSOY-un ənənəvi tədbirlərini “paytaxt” elan etdiyimiz şəhərlərdə keçiririk. Şuşada tədbirlər keçirməklə bu şəhəri Türk dünyasına və daha geniş ictimaiyyətə tanıtdırmağı qarşımıza məqsəd qoymuşuq. TÜRKSOY Şuşada keçiriləcək tədbirlərlə bağlı təkliflər hazırlayaraq Azərbaycan Mədəniyyət Nazirliyinə təqdim edib. Nazirlik bu təklifləri nəzərdən keçirir və noyabrın 5-də Bursa şəhərində keçiriləcək TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbəti iclasında müzakirə olunaraq təşkilatın 2023-cü il üçün fəaliyyət planına daxil ediləcək. İnanıram ki, Türk dünyasının mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçiriləcək bu tədbirlər vasitəsilə mədəniyyət beşiyimiz Şuşa TÜRKSOY pəncərəsindən dünyaya yüksək səviyyədə tanıdılacaq.

 

– 2023-cü ildə ölkəmiz, o cümlədən Türk dünyası üçün bir sıra əlamətdar ildönümləri olacaq...

– Doğrudur, gələn il Azərbaycan peşəkar milli teatrının 150 illiyidir. TÜRKSOY Azərbaycan teatrının yubileyini Türkiyədə qeyd etmək istəyir. Hazırda bununla bağlı işlər gedir. Tədbirə Azərbaycandan və Türk dünyasından teatr mütəxəssislərini dəvət etmək, Azərbaycan teatr rəssamlarının sərgisini və teatrımızın tarixinə aid fotosərgi keçirmək istəyirik. Türk dövlətlərində teatr rəssamlarının sərgisi, demək olar ki, nadir hallarda keçirilir. Amma Avropada, dünyada bu praktika var. Bu sərgini keçirməklə Azərbaycan teatrının 150 illiyinə bir töhfə vermək istəyirik. Ümid edirəm ki, bu təklif gələn ay keçiriləcək TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında 2023-cü illə bağlı fəaliyyət planımıza da daxil edilər.

Gələn il Azərbaycan kinosunun yaranmasının 125, görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun isə 90 illiyidir. TÜRKSOY olaraq bu iki yubileyi birləşdirib Azərbaycan kinosunun təbliği ilə bağlı bir tədbir də keçirməyi düşünürük.

Həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Ümummilli liderimizin mədəniyyətə çox böyük diqqəti və qayğısı olub. Ulu öndərlə bağlı əlamətdar ildə “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyevin Türk dünyası mədəniyyətinin inkişafında rolu” və digər mövzularda tədbirlər keçirməyi planlaşdırırıq.

Bundan başqa, gələn il qardaş Türkiyə Cümhuriyyətinin də 100 illiyidir. Bu yubiley ili münasibətilə də TÜRKSOY tərəfindən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Söhbətləşdi: Nurəddin Məmmədli