Layihə üzrə Ağdam və Bərdədə tədbirlər

 

“Azərbaycan xalçaçıları” İctimai Birliyi (AXİB) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda xalça sənətinin inkişafına dəstək” layihəsini həyata keçirir. Layihə üzrə ilk tədbir bu günlərdə Ağdam rayonunda reallaşıb.

Ağdama səfər zamanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevlə görüş keçirilib. Sonra Quzanlı qəsəbə Mədəniyyət evində məlumatlandırıcı sessiya təşkil olunub.

Tədbirdə AXİB İdarə Heyətinin üzvü, xalçaçı-rəssam və rəngkar Eldar Hacıyev, “Azərxalça” ASC-nin Ağdam filialının rəhbəri, Əməkdar mədəniyyət işçisi Ceyran Əliyeva və digər qonaqlar iştirak ediblər.

Layihə rəhbəri, AXİB-in üzvü Timur Qavrin tədbiri açıb, birliyin katibi Günel Aslanova Azərbaycan xalça sənətinin tarixi, müasir inkişaf yolu haqqında məruzə edib. Məruzədə Qarabağ xalça məktəbinin özəlliklərindən bəhs olunub, bu kontekstdə Eldar Hacıyevin yaradıcılığına nəzər salınıb.

Sonda Eldar Hacıyev tədbir iştirakçılarının suallarını cavablandırıb.

***

Layihə üzrə növbəti görüş Bərdə RMİ Bərdə Dövlət Rəsm Qalereyasında gerçəkləşib. Tədbirdə çıxış edən idarə rəisi Vəsilə Möhsümova bildirib ki, Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.

Sonra “Azərbaycan xalçaçıları” İctimai Birliyinin əməkdaşları tərəfindən xalçaçılıq sənəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Mütəxəssislər iştirakçılara ustad dərsləri keçib.

Qeyd edək ki, 2010-cu ildə yaradılan “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri Əməkdar mədəniyyət işçisi Röya Tağıyevadır.

N.Məmmədli