Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan “Kommunikasiya meneceri” layihəsi çərçivəsində Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) üzrə görüş təşkil olunub. Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən iclasda layihə üzrə Sabirabad RMİ-də yaradılmış işçi qrupunun üzvləri və tabe müəssisələrdə sosial media üzrə əlaqələndirici şəxslər iştirak ediblər.
İclasda idarə rəisi Fərid Qurbanzadə çıxış edərək regional idarənin kommunikasiya meneceri Anar Rəhimliyə və onun rəhbərliyi ilə yaradılmış işçi qrupuna uğurlar arzulayıb, layihənin fəaliyyətinə dair tövsiyələrini verib.
Daha sonra kommunikasiya meneceri Anar Rəhimli layihənin məqsədləri barədə danışıb. İclas fikir mübadiləsi ilə davam edib.
***
Şəki RMİ-də kommunikasiya meneceri fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb, idarəyə tabe müəssisələrdə əlaqələndirici şəxslər təyin edilib. Şəki şəhər Heydər Əliyev Mərkəzində idarənin kommunikasiya meneceri Elvin Qarayev işçi qrupunun üzvləri və tabe müəssisələrin məsul nümayəndələri ilə görüşüb. O, öncə Mədəniyyət Nazirliyinin sözügedən layihəsi barədə məlumat verib, layihənin nazirliyin sistemində həyata keçirilən islahatların tərkib hissəsi olduğunu bildirib. KİV və sosial media ilə iş prosesində qarşıya çıxan problemlər, onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.
***
Ağdaş RMİ üzrə bu layihə ilə bağlı yaradılan işçi qrupunun da ilk iclası keçirilib. Tabe müəssisələrdə sosial media fəaliyyətinə məsul şəxslərin qatıldığı iclasda qeyd edilib ki, mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti barədə ictimaiyyətin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir kommunikasiya vasitələri ilə operativ formada məlumatlandırılması diqqətdə saxlanılmalıdır. Vurğulanıb ki, media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması, nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin yüksəldilməsinə xidmət edir.