Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist, publisist, tərcüməçi Şakir Yaqubov oktyabrın 15-də, 71 yaşında dünyasını dəyişib.

Şakir Hənifə oğlu Yaqubov 25 fevral 1951-ci ildə Astara rayonunun Bala Şahağac kəndində doğulub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik dövründə “Azərbaycan gəncləri”, “Bakinski raboçi”, “Bakı”-“Baku” qəzetləri ilə əməkdaşlıq edib. Keçmiş Almaniya Demokratik Respublikasında keçdiyi hərbi xidmət illərində də ordu qəzetində rus dilində yazıları dərc olunub.

Peşəkar jurnalist fəaliyyətinə 1974-cü ildən başlayan ustad qələm sahibi “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “Panorama” qəzetlərində müxbirlikdən baş redaktoradək müxtəlif vəzifələrdə çalışıb. 2000-2010-cu illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” jurnalının məsul redaktoru işləyib, onlarla kitabın redaktoru olub.

Ş.Yaqubovun “Mən şahidəm ki...”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərir”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” və s. kitabları ictimai, mədəni, idman, sosial həyatın ayrı-ayrı sahələrinə dair həm ciddi bilgi mənbəyi, həm həyat bələdçisi, həm də publisistik salnamədir. Neçə-neçə gənc jurnalist onun dəst-xəttindən faydalanaraq, qayğısı ilə əhatə olunaraq peşəyə gəlib.

Şakir Yaqubovun xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.