Oktyabrın 28-də Tatarıstan Respublikasının (Rusiya Federasiyası) Almetyevsk şəhərində “Adımnar” kompleksinin səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş etdiriləcək. Tamaşa rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi Mixail Borisovun quruluşunda göstəriləcək.
Bu barədə Tatarıstanın Leninoqorsk rayonundakı “Birlik” Azərbaycan milli-mədəni muxtariyyəti ictimai təşkilatı məlumat yayıb.
Belə bir tamaşa hazırlamaq ideyası mərhum Mixail Borisovun yetirmələri olan “Sozvezdiye-Yoldızlık” art-rezidensiyanın artistlərinə məxsusdur.
“Sozvezdiye-Yoldızlık” festivalının baş prodüseri, art-rezidensiyanın rəhbəri Dmitri Tumanov deyib: “Biz fəxr edirik ki, bu gənclər təhsili başa vurandan sonra vətənə qayıdıblar və öz respublikalarının firavanlaşmasına xidmət edirlər. Mixail Borisov özü onlara həmişə deyirdi: “Sizi həmişə qiymətləndirəcək və sevəcək insanların yanına qayıdın”. Gənclər bu dəstəyi, bu sevgini hiss edirlər, ona görə də belə təşəbbüskarlıq göstərirlər”.
Qeyd olunub ki, art-rezidensiyanın artistləri Üzeyir Hacıbəylinin bu məşhur əsərinin qəhrəmanlarını kazanlı tamaşaçılara sevdiriblər və indi həmin tamaşanı Rusiyanın başqa şəhərlərində nümayiş etdirirlər.