Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalı tərəfindən bu ilin mart ayında elan edilən II “4.4” Qısa Tamaşalar Festivalına səhnə əsərlərinin qəbulu oktyabrın 15-də başa çatıb.
Milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyan festival 25-30 noyabr tarixində Bakıda keçiriləcək.
“Şuşa İli”nə həsr olunan festivalın proqramı tərtib olunub. Dövlət teatrları və müstəqil teatrlar olmaqla 25 yaradıcı kollektivin təqdim etdiyi tamaşalardan 10 nümunə seçilib.
Qeyd edək ki, müsabiqəyə tamaşalar videoyazı formatında (xronometraj – maksimum 44 dəqiqə) qəbul olunub. Səhnə əsərlərinin janr məhdudiyyəti yoxdur.
Ötən ilin noyabr ayında gerçəkləşən ilk festivaldan fərqli olaraq, bu dəfə festivalda tamaşalar onlayn deyil, canlı təqdim olunacaq. Festival çərçivəsində tamaşa nümayişləri ilə yanaşı, treninq, seminar və panel müzakirələr də təşkil ediləcək.
İlk üç yerin qalibləri peşəkar teatr xadimlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyən ediləcək və mükafatlandırılacaq. Birinci yer üçün 5000, ikinci yer üçün 3000, üçüncü yer üçün 1500 manat mükafat nəzərdə tutulub.