İbrahim İsfahanlının xatirəsi Teatr Xadimləri İttifaqında yad edildi
XX əsr Tiflis Azərbaycan ədəbi-mədəni mühitində xüsusi xidmətləri olan teatr, sənət xadimlərindən biri də teatr tariximizə görkəmli aktyor və rejissor kimi daxil olmuş Gürcüstanın Xalq artisti İbrahim İsfahanlıdır.
Oktyabrın 19-da Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) sənətkarın anadan olmasının 125 illiyinə həsr olunmuş “Səhnə fədaisi” adlı tədbir keçirildi. Tədbirdə teatr xadimləri, ziyalılar, sənətsevərlər, Tiflis Azərbaycan teatrının müxtəlif nəsillərdən nümayəndələri iştirak edirdilər.
Tədbiri ATXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov açaraq İbrahim İsfahanlının yaradıcılığı, keçdiyi mürəkkəb həyat və sənət yolundan danışdı. Onun ömrünü Tiflis şəhərinə bağlamasına rəğmən daim Azərbaycan milli teatrının ənənələrinə sadiqlik göstərdiyini dedi.
Bildirdi ki, İbrahim İsfahanlı eyni zamanda teatr təşkilatçısı, sözün əsl mənasında, səhnə fədakarı kimi tanınmışdır. Sənətkarın ifaçılıq xüsusiyyətlərinə və çoxşaxəli yaradıcılığına nəzər salan H.İsmayılov onun zəngin aktyor palitrasına malik olduğunu dedi.
Çıxışın ardınca Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnə ustaları – Xalq artisti Əli Nur, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, aktyor İlyas Əhmədin ifasında “Səhnə fədaisi” adlı kompozisiya göstərildi.
Tamaşaçılar aktyorların təqdimatında İbrahim İsfahanlı ömrünün müxtəlif məqamlarından faktları, xatirə və qeydləri dinlədilər.
Beləcə, qonaqlar İsfahanda doğulmadığı halda o dövrün sənət adamlarına olan təqiblərdən yayınmaq üçün İsfahanlı təxəllüsünə sığınan, milli aktrisaların olmadığı bir dövrdə səhnədə qadın rollarını da məharətlə ifa edən, özünü təkcə aktyor kimi yox, həm də rejissor kimi teatra həsr edən teatr fədaisini yenidən xatırlatmağa çalışdılar.
İbrahim İsfahanlını teatr aləminə gətirən böyük eşq və amallardan söz açıldı. Onun nəinki xüsusi teatr təhsili, hətta ibtidai məktəb təhsili belə olmadığı, ancaq sanki anadan fitri istedada malik aktyor kimi doğulduğu, güclü fəhmlə səhnənin incəliklərini duyaraq, daima çağlayan daxili emosiyalarından bacarıqla istifadə etdiyi vurğulandı. Qeyd olundu ki, o, həyatın ən sərt sınaqları ilə üzləşsə də, mətanəti, iradəsi və ən əsası, alovlu sənət məhəbbəti ilə bütün çətinliklərə sinə gərib. İbrahim İsfahanlının Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında onlarla əsərə quruluş verdiyi də diqqətə çatdırıldı.
Teatr onun üçün doğma evi olub. O, burada həm rejissorluq, həm də aktyorluq edib. Bir aktyor kimi o, daha çox romantik səpkili qəhrəmanların səhnə təcəssümünə meyl göstərib. Həmişə deyərmiş ki, mənim ən fərəhli günlərim, xoşbəxt çağlarım teatrda keçib. Lakin bu o demək deyildi ki, o, sənətin başqa sahələrində iştirak etməyib. Əksinə, o, həyatının son dövrlərində də böyük bir şövqlə Tbilisidə teatr, musiqi kollektivlərinə rəhbərlik edib, bədii qiraət ustası kimi Azərbaycan və gürcü poeziyasının alovlu təbliğatçılarından biri olub.
Dolğun kompozisiya yerini Əməkdar artistlər Qoçaq Əsgərov, Teymur Əmrah və müğənni İlahə Fədanın klassik estrada və xalq mahnılarından ibarət rəngarəng ifalarına verdi.
Qonaqlar ATXİ-nin foyesində sənətkarın həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən fotosərgi ilə də tanış oldular.
Həmidə Nizamiqızı