Oktyabrın 20-də görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın (1922-1993) anadan olmasının 100 illiyi tamam oldu.

Bu münasibətlə Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları, incəsənət xadimləri Fəxri xiyabana gələrək Xalq artistinin məzarını ziyarət etdilər, üzərinə çiçəklər düzdülər.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Şövkət Ələkbərovanın Azərbaycan musiqi sənəti tarixində rolundan söz açdı. Bildirdi ki, Şövkət xanım məlahətli səsi, özünəməxsus ifa tərzi, Azərbaycan qadınına məxsus gözəllik və nəcibliyi ilə bütün nəsillərin sevdiyi ifaçılardandır: “Şövkət xanımın ifasında “Qarabağ şikəstəsi” çox fərqli idi. Mən düşünürəm ki, hər sənətkar məxsusi zövq yarada bilmir. O, səsləndirdiyi nəğmələrlə həm də şəxsiyyətinin dəyərlərini ifadə edirdi. Onun səsi hər zaman qulaqlarımızdadır”.

Elnur Əliyev dedi ki, Şövkət Ələkbərovanın musiqi mədəniyyətimizə olan sevgisi bir nümunədir. O, eyni zamanda öz müəllimlərinə ehtiramla yanaşır, onların xatirəsini əziz tuturdu: “Hər ifaçı bütün şəxsi keyfiyyətləri ilə ifasına bağlı olmur. Düşünürəm ki, Şövkət xanımın ifa etdiyi mahnılar həm də onun şəxsi keyfiyyətlərinin tərənnümüdür. Bu mahnılarla öz daxili dünyasının dəyər və dərinliklərini ifadə edib. Biz qürur duyuruq ki, mədəniyyətimiz belə bir sənətkarlar yetişdirib. Arzu edirəm ki, Şövkət xanımın qoyduğu ənənələr davam eləsin. O, sağlığında olduğu kimi, bu gün də gənc sənətçilərə örnək olsun”.

Nazirin birinci müavini vurğuladı ki, bir sıra mahnılar yalnız Şövkət Ələkbərovanın adı ilə assosiasiya olunur: “Dəfələrlə başqa ifaçılar tərəfindən səslənsə belə, o mahnıların etalonu Şövkət xanımdır. Sənətkarın böyüklüyü də elə budur. Hər mədəniyyətə qismət olmayan bu parlaq ulduzlarımızla fəxr etməli, təbliğatını aparmalıyıq”.

Şövkət Ələkbərovanın yetirməsi, Əməkdar artist Aybəniz Haşımova sənətkarla  bağlı xatirələrini bölüşdü, 12 yaşında ilk dəfə Şövkət xanımdan sənət dərsi almağa başladığını dedi. Qeyd etdi ki, bu gün öz yetirmələrinə Şövkət xanımın sənət məktəbindən bəhrələndiklərini verməyə çalışır: “30 ilə yaxındır ki, Şövkət Ələkbərova bu dünyada deyil. Lakin biz tələbələri və doğmaları onu heç zaman unutmadıq və hər zaman yanımızda hiss etdik. O, hələ sağlığında öz nəcibliyi, mədəniyyəti, savadı və istedadı ilə hörmət qazanmışdı”.

Sonda Şövkət Ələkbərovanın ailə üzvləri adından Tofiq Quliyev adına 12 nömrəli Uşaq musiqi məktəbinin direktoru Gülnarə Səfərova çıxış edərək sənətkarın xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirdi.

Anım mərasimi daha sonra T.Quliyev adına 12 saylı Uşaq musiqi məktəbi və Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin birlikdə təşkil etdiyi tədbirlə davam edib.

Lalə