Zamanın səhifələrində qalan olaylar, faktlar...
136 il əvvəl...
28 oktyabr 1886-cı ildə Nyu-Yorkda “Azadlıq” heykəlinin rəsmi açılışı olub. 46 metr hündürlüyündə və ümumi çəkisi 225 ton olan monument Fransa xalqının Birləşmiş Ştatlara hədiyyəsi idi və ölkə əhalisinin ianəsi hesabına (o vaxtın pulu ilə 250 min dollar) başa gəlmişdi. Fransızlar bununla 1789-cu il Fransa inqilabına dəstəyinə görə ABŞ-a təşəkkür etdilər. Memarı F.Bartold olan qadın heykəli Amerika azadlığının simvolu sayılır. Onun sağ əlində məşəl, sol əlində isə ABŞ-ın “Müstəqillik bəyannaməsi” yazılmış lövhə var.
104 il əvvəl...
29 oktyabr 1918-ci ildə Rusiya fəhlə və kəndli gənclərinin 1-ci qurultayı keçirilib. Qurultayda Rusiya Kommunist Gənclər İttifaqı – komsomol yaradılıb. 1924-cü ildə Leninin vəfatından sonra ittifaqa onun adı verildi, 1926-cı ildən ittifaq SSRİ miqyaslı təşkilat oldu. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı sovet cəmiyyətinin aparıcı qüvvələrindən idi.
30 oktyabr 1918-ci ildə I Dünya müharibəsində məğlub duruma düşən Osmanlı dövləti müharibənin qalibi sayılan Antanta ölkələri (Britaniya, Fransa, ABŞ) ilə Mudros sülh sazişi imzalayaraq qoşunlarını Azərbaycandan və bütün Cənubi Qafqazdan çıxarmaq barədə öhdəlik götürüb. Bakını tərk edən türk qoşunlarının yerinə şəhərə ingilis qüvvələri daxil olmalı idi.
99 il əvvəl...
29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yarandığı elan edilib. Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Mustafa Kamal Atatürk ölkənin ilk prezidenti seçilib.
79 il əvvəl...
28 oktyabr 1943-cü ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Böyük Vətən müharibəsində “faşistlərə yardım etmiş xalqlar barəsində” qərar qəbul edib. Qərarda Şimali Qafqaz, Volqaboyu və Krımın əksər xalqları “qara siyahıya” salınıb. 1944-cü ilin iyununadək ümumilikdə 400 min çeçen, 140 min kalmık, 200 min Krım tatarı, 100 min inquş, 80 min qaraçay, 40 min balkar Mərkəzi Asiya və Sibirə deportasiya edilib. Bu xalqların reabilitasiyası barədə qərar Stalinin ölümündən (1953) sonra verildi.
70 il əvvəl...
30 oktyabr 1952-ci ildə Böyük Britaniya ilk nüvə bombasını sınaqdan çıxarıb. ABŞ və SSRİ-dən sonra Britaniya “nüvə klubu”nun üçüncü üzvü oldu. Bu işdə amerikalı mütəxəssislər britaniyalı həmkarlarına kömək göstərmişdilər. Daha sonra bu sıraya Fransa (1960) və Çin (1964) qoşuldu.
30 il əvvəl...
29-31 oktyabr 1992-ci ildə Ankarada Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan dövlət başçılarının ilk zirvə toplantısı keçirilib. Türkiyə Prezidenti Turqut Özalın təşəbbüsü ilə gerçəkləşən sammitdə türkdilli ölkələrin əməkdaşlıq platforması qurulub. 2009-cu ildə (Naxçıvan sammiti) Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması barədə qərar qəbul edilib. Türk Şurası bir il sonra İstanbul sammitində rəsmən təsis olunub. 2021-ci ildə Türk Dövlətləri Təşkilatı adlandırılıb.
29 il əvvəl...
27-29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və Arazboyu kəndləri, Cəbrayıl rayonunun Arazboyu kəndləri və Zəngilan rayonu işğal olunub. 27 oktyabrda Horadizi ələ keçirən ermənilər Bakı-Mincivan avtomobil və dəmir yollarını kəsiblər. Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə Bakıya səfərə gələn İran Prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani mühasirədən çıxa bilməyən əhalinin Araz çayından İrana keçməsinə razılıq verib. Zəngilan Azərbaycanın Ermənistan tərəfindən işğal edilən axırıncı rayonu oldu. 27 il sürən işğala 2020-ci ilin Vətən müharibəsində son qoyuldu.
27 il əvvəl...
28 oktyabr 1995-ci ildə Bakı metrosunda dəhşətli qəza baş verib. “Nərimanov” və “Ulduz” stansiyaları arasında sərnişin qatarında baş vermiş yanğın nəticəsində 300-dək insan həlak olub. 400-dən çox insan müxtəlif dərəcəli yanıq xəsarətləri alıb alıb. Bu, dünya tarixində ən böyük metro qəzası idi. Hadisədə terror əməli aşkarlanmadı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi.
Hazırladı: V.Orxan