Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdə olub.
ADMİU-dan bildirilib ki, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor Gülşən Əliyeva-Kəngərli, Təsviri sənət kafedrasının müdiri Rəşad Cabarov, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri Aslan Xəlilov, dosent Elfira Məlikova-Qurbanovanın da yer aldığı heyət Özbəkistan Bədii Akademiyası Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunda “Dünya alimlərinin nəzərində Kəmaləddin Behzad yaradıcılığı” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.
Tədbir çərçivəsində iki təhsil ocağı arasında qarşılıqlı münasibətlərə dair müqavilə imzalanıb. Müqavilədə müəllim və tələbələrin təcrübə mübadiləsinin aparılması da əksini tapıb.
Professor Ceyran Mahmudovaya Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun “Fəxri professor”u diplomu təqdim edilib. Təltifə görə təşəkkürünü bildirən C.Mahmudova da ADMİU ilə institut arasında əlaqələrin inkişafı istiqamətində əlindən gələni edəcəyini deyib.
Səfər zamanı ADMİU heyəti Özbəkistan Bədii Akademiyasının prezidenti, Xalq rəssamı Akmal Nuriddinovla görüşüb. Görüşdə həyata keçiriləcək layihələr və yaradıcılıq planları müzakirə olunub. Xalq rəssamı Akmal Nuriddinov müəllifi olduğu kitabları Ceyran Mahmudovaya hədiyyə edib.
Səfər çərçivəsində ADMİU-nun nümayəndə heyəti Daşkənddə yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində də olub. C.Mahmudova mərkəzə ADMİU tələbələrinin əl işi olan “Xarıbülbül” rəsmini hədiyyə edib.