Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

138 il əvvəl...

1 noyabr 1884-cü ildə beynəlxalq miqyasda coğrafi uzunluq və saat zolağının başlanğıc nöqtəsi kimi Qrinviç meridianı (yaxud sıfır meridianı) qəbul edilib. Qrinviç meridianı Londondakı Qrinviç rəsədxanasının yerləşdiyi yerdən hesablanır.

 

101 il əvvəl...

3 noyabr 1921-cü ildə Rusiya K(b)P Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenumu Cənubi Qafqazın üç sovet respublikasının – Azərbaycan, Ermənistan və Gürcüstanın federasiyasının yaradılması barədə qərar qəbul edib.  Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası 1922-ci ildə yaradıldı və Sovet İttifaqının (SSRİ) təsisçilərindən biri oldu. ZSFSR 1936-cı ilədək fəaliyyət göstərdi və həmin il qəbul edilən SSR-nin yeni Konstitusiyasına əsasən, Azərbaycan, Ermənistan və Gürcüstan Sovet İttifaqının müttəfiq respublikalarına çevrildilər.

 

99 il əvvəl...

2 noyabr 1923-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyəti – respublikanın baş elmi müəssisəsi təsis olunub. Sonralar təşkilat müxtəlif adlarla fəaliyyət göstərib və onun əsasında Azərbaycan Elmlər Akademiyası (1945) yaradılıb.

 

94 il əvvəl...

3 noyabr 1928-ci ildə Türkiyədə ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar verilib. Azərbaycanda latın qrafikalı əlifba ilə bağlı qərar 1922-ci ildə qəbul olunmuş, tam keçid 1929-cu ildə gerçəkləşmişdi. Ardınca Mərkəzi Asiyanın türk respublikaları da analoji qərar qəbul etdilər. Lakin SSRİ rəhbərliyi türkdilli respublikaların bu həmrəyliyinə imkan vermədi. 1939-cu ildə Moskva bu respublikaları kiril əlifbasına keçməyə məcbur etdi.

 

68 il əvvəl...

1 noyabr 1954-cü ildə Əlcəzairdə Fransa müstəmləkəçiliyi əleyhinə inqilab başlanıb. Milli-azadlıq mübarizəsi 8 il sürdü və 1962-ci ildə Əlcəzair Xalq Demokratik Respublikası elan edildi. 1 noyabr Əlcəzairdə milli bayram – İnqilab Günü kimi qeyd olunur. Əlcəzair XVI əsrin əvvəlindən Osmanlı imperiyasının tərkibində olmuş, 1830-cu ildən isə Fransanın müstəmləkəsinə çevrilmişdi.

 

28 il əvvəl...

1 noyabr 1994-cü ildə Azərbaycan Respublikası ilə Qvatemala arasında diplomatik münasibətlər qurulub.

 

23 il əvvəl...

1 noyabr 1999-cu ildə Ankarada Azərbaycan Prezidenti Heydər Əliyevə Atatürk Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib. Azərbaycan rəhbəri Türkiyə Cümhuriyyətinin yüksək mükafatına iki ölkə arasında dostluq əlaqələrinin inkişafı, Cənubi Qafqazda sülh və sabitlik naminə göstərdiyi xidmətlərə görə layiq görülmüşdü.

Hazırladı: V.Orxan