Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “Qoruqlar arasında təcrübə mübadiləsi və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. Tədbirdə İlisu, Zaqatala və “Orta əsr Ağsu şəhəri” tarix-mədəniyyət qoruqlarının direktor və əməkdaşları iştirak ediblər.
Qəbələ Arxeoloji Mərkəzin akt zalında keçirilən toplantıda əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov qoruğun fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruq 1976-cı ildə yaradılıb. Ümumilikdə 420 hektar ərazini əhatə edən qoruq 3 tarixi məkandan – Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.
Qoruqlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasının, Azərbaycanın tarixinin daha da geniş təbliğ edilməsinin, qoruq ərazisinə gələn turistlərin digər qoruqlara yönəldilməsinin vacibliyini diqqətə çatdıran Zahir Kərimov iş planlarında nəzərdə tutulmuş belə toplantıların qoruq əməkdaşlarının qarşılıqlı fəaliyyətinə töhfə verəcəyinə əminliyini bildirib.
“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova, İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun direktoru Anar Laçınov rəhbərlik etdikləri qoruqlar haqqında ətraflı məlumat verib, tədbirin təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər. Çıxışlarda qoruqlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyəti və gələcəkdə digər qoruqlarla da bu mövzuda tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Çıxışlardan sonra qoruqlar arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Toplantının sonunda “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filmi nümayiş olunub.
Zaqatala, İlisu və Ağsu qoruqlarının əməkdaşları Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Qonaqlar həmçinin qoruğun tarixi məkanlarından olan Antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələrinə baş çəkiblər. Qonaqlara Qəbələ arxeoloji ekspedisiyasının ərazidə arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, sualları cavablandırılıb.