Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan və Türkiyənin tanınmış sənətçilərinin iştirakı ilə “Şuşa İli” və Türkiyənin Cümhuriyyət Bayramına (29 oktyabr) həsr edilən “Qardaşlıq salnaməsi” adlı konsert keçirildi.
Oktyabrın 31-də Azərbaycan Mədəniyyət Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı və iki ölkənin bir sıra qurumlarının dəstəyi ilə gerçəkləşən gecədə elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak edirdi.
İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Türkiyədə fəaliyyət göstərən “Xəzər” Folklor, Təhsil və Araşdırma Mərkəzinin (“Hazarfem” dərnəyi) rəhbəri Nuran Acar çıxış edərək konsertin təşkilində əməyi olan qurumlara təşəkkürünü bildirdi.
Daha sonra söz musiqiyə verildi.
Konsertdə Xalq artistləri Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artistlər Firuz Səxavət, Ehtiram Hüseynov, qardaş ölkədən TRT-nin solistləri Dünya Tekin, Özlem Üngör, Zafer Albayrak, İlker Gökkaya, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin solisti Mustafa Gökay Ferah, Türkiyədən digər sənətçilər Gökhan Karakaya və Mustafa Acar öz ifaları ilə gecəyə toplaşanların könüllərini oxşadılar.
Musiqiçilər tərəfindən “Şuşanın dağları”, “Qaragözlər hoyratı” (uzun hava), “Dön bəri, dön, üzünü görüm”, “Uzun, incə bir yoldayam”, “Bağçada yaşıl çinar”, “Yandırdın qəlbimi...”, “Gəz, oğlum”, “Xudayar təsnifi”, “Hey, gidi Qara dəniz”, “Baharımsan”, “Bu qala daşlı qala”, “Cənnətim Qarabağ”, “Bəri bax”, “Biz”, “Çırpınırdın, Qara dəniz”, “Anadır arzulara hər zaman Qarabağ” və iki ölkənin digər mahnıları böyük coşqu ilə ifa edildi.
Gecənin sonunda isə bütün ifaçılar birlikdə “Gəlmişik, Şuşa!” (söz: Vahid Əziz, musiqi: Xanım İsmayılqızı) mahnısını səsləndirdilər. Musiqiçilərin çıxışı böyük alqışlarla qarşılandı.
Konsertdə solistləri Əməkdar artist, tarzən Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarıbülbül” muğam qrupu müşayiət edirdi.
Xatırladaq ki, Azərbaycan və Türkiyənin tanınmış sənətçiləri oktyabrın 29-da “Qardaşlıq salnaməsi” adlı konsert proqramı ilə mədəniyyət paytaxtımız Şuşa şəhərində də çıxış ediblər.
Nurəddin