Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi Leyla Səfərova 1 noyabr 2022-ci il tarixində vəfat edib.
Leyla Həzrət qızı Səfərova 15 oktyabr 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Uzun müddət Moskvada kino sahəsində müxtəlif vəzifələrdə çalışıb. Fəaliyyəti dövründə özünəməxsus dəst-xətti ilə seçilən rejissorlardan biri kimi tanınıb.
L.Səfərova 1980-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor kimi fəaliyyət göstərib. Burada işlədiyi zaman bir neçə film lentə alıb, həmçinin Hüseyn Cavid və A.S.Puşkinin əsərləri əsasında tamaşalar hazırlayıb.
Bir müddət “Lider” televiziyasında da rejissor kimi fəaliyyət göstərən L.Səfərova Xalq rəssamı Hüseyn Əliyev haqqında sənədli film çəkib. Daha sonra Gəncə şəhərinə köçən rejissor burada yaradıcılığını davam etdirib.
L.Səfərova “Mosfilm” Kinostudiyasında “Əbədi təkanverici qüvvə” (1979), “Oğul” (1982) bədii filmlərini lentə alıb. Azərbaycan Televiziyasında “Firəngiz Qurbanova – rəssam və rejissor” (1986), “Aslan və pişik” (1986), “Azərbaycanfilm” Kinostudiyasında “Kölgədə 40 dərəcə isti” (1988) bədii, “Birlik” studiyasında “Naməlum torpaq” (1992), “İstiqlal şairi” (1996), “Ana” (1996), “Mərhəmət” (1998) və başqa sənədli filmləri çəkib.
Sənətkar animasiya sahəsində də özünü sınayıb. Onun ssenariləri əsasında “Seans” (1995), “Zəka yatarsa” (1996), “Təhlükə sovuşdu” (1998) animasiya filmləri lentə alınıb.
Yaradıcılığı yüksək qiymətləndirilən rejissor 2016-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
İstedadlı sənətkar, səmimi insan Leyla Səfərovanın xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin.