Masallı Regional Mədəniyyət İdarəsi (RMİ) Masallı rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə və 8 Noyabr – Zəfər Gününə həsr edilən “Şuşa – Qafqazın sənət məbədi” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” adlı bilik yarışı təşkil olunub. Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə keçirilən yarışda tələbələrdən ibarət 6 komanda iştirak edib.
İştirakçılar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Şuşa şəhəri, hərb tariximiz, məntiq, həmçinin qəhrəmanlarımızla bağlı müxtəlif sahələri əhatə edən sualları cavablandırıblar. “Zirvə” komandası yarışın qalibi olub.
***
Sumqayıt RMİ Sumqayıtın Tarixi Muzeyində “Şuşa mədəniyyət mərkəzimizdir” adlı tədbir keçirilib. RMİ-nin rəisi Rəşad Əliyev qeyd edib ki, Şuşanın azadlığı Ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür.
Regional idarənin Şuşa rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Bayram Cəfərli, Sumqayıtın Tarixi Muzeyinin direktoru Aygün Zülfüqarlı 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun bütün dünyaya Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdiyini söyləyiblər. Sonda muzeyin materialları əsasında “Şuşa mədəniyyət mərkəzimizdir” adlı sərgi nümayiş etdirilib.
N.Məmmədli