Adam da bu yaşda özünü aldadar?...

 

O, belədir. Şəksiz, şübhəsiz. Niyə? Çünki ruhən çox azaddır. Özü də bu azadlığını hər hansı “bəhanə”lərlə pərdələmir. Fitrətdən belədir. Amma ən əsası, istedadlı və əsl sənət sevdalısıdır.

Bu dövr üçün fədai sözü müəyyən qədər əhəmiyyətini itirsə də, ona baxanda anlayırsan ki, o, sözün əsl mənasında, elə fədaidir. Özünün də dediyi kimi, onun üçün səmimiyyət və cəngavərlik prinsipi üstün olub həmişə. Hə, bir də sədaqət. Öz ideallarına, prinsiplərinə və peşəsinə.

Kukla sənətinin ən parlaq simalarından olan Namiq Ağayev bu dünyanı sonu şirin bitən nağıl bilənlərdəndir. Nəinki kuklalardan, adi əşyalardan, hətta tullantı sayılacaq nəsnələrdən də sənət məhsulu yaratmağı bacaran və bunu ustalıqla sevdirən kuklaçı rejissordur. Özü də təkcə uşaqlara yox, həm də böyüklərə.

Dövrümüzün Don Kixotu 60 yaşına çatıb. O, yel dəyirmanları ilə döyüşməsə də, həyatını doğru bildikləri uğrunda mübarizədə keçirib. Nə hikmətdirsə, hamısında da qalib gəlib.

Bunu oktyabrın 28-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına gələn hər kəs təsdiqlədi. Çünki həmin gün özü yerdə, ruhu göylərdə pərvaz edən istedadlı rejissor Namiq Ağayevin 60 illik yubiley gecəsi idi.

Rejissorun səhnə, sənət dostlarının, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi səmimi ovqatlı gecə əsl Namiqsayağı idi: səmimi, azad və təbii.

Gecə ənənəvi olaraq rejissorun həyat və yaradıcılığı haqqında qısa məlumatla başladı. Ardınca rejissorun özü haqqında hazırladığı qısametrajlı film estetikasında süjet nümayiş olundu. Kadrlar bir-birini əvəz etdikcə rejissor hər məqama özünəməxsus yumorla izah verirdi. Məsələn, “Bu günlə yaşayın, amma bu saniyədən yapışmayın. Yapışsanız, onun əsirinə çevriləcəksiz”, “Yüz ölçüb, bir biçmək də yalan sözdür. Min ölçsən, milyonacan ölçməli olacaqsan, o qədər ölçəcəksən ki, biçməyə vaxtın qalmayacaq. Siz ölçən kimi biçin” deyib bütün ömrünü elə belə də yaşayacağının, 60-dan sonrakı zamana sığdıracağının anonsunu verdi.

Tədbirin ideya müəlliflərinə, tamaşaçılarına təşəkkürünü bildirən yubilyar özünü kuklaçı kimi ifadəsinə özünəməxsus yozum da gətirdi: “Mənim kuklaçı olmağıma kömək edən əsas amil rəssam olmağım idi. Təxəyyülüm çox aktiv idi. Bəxtim gətiribmiş, bu elə kuklaya lazım olan vergi imiş. Atam Firudin Ağayev həmişə mənə deyirdi ki, istedad öz yerində, amma sən var gücünlə çalışmalısan. Qolların qırılana qədər rəsm çəkməlisən. Sonradan başa düşdüm ki, sənə verilən istedadın realizə proqramı olur. Mən lap elə gözəl rəsmlər çəksəm də, böyük rəssam vergisinə sahib deyiləm. Rəsm də çəkirəm, kukla da oynadıram, amma bütün bunlar sintez şəklindədir. Mən özümü Kukla Teatrında tapmışam. Ona görə də burada özüməm. Bura mənim doğma evim, azad nəfəs aldığım məkandır. Bundan sonra özümü uşaqdan-böyüyə bütün tamaşaçılarım qarşısında daha da toparlayıb 60-dan sonranı ürəyimdə qalan sənət arzularını gerçəkləşdimək üçün yaşayacam. Beləcə, özüm üçün təyin etdiyim yox, boyuma biçilən yolu sonadək gedəcəm. Əslində, heç bundan başqa yolum da yoxdur...”.

Yubilyarı təbrikə gələnlər çox idi. Özü də ürəyi və əlidolu. Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov rejissora təbriklərini çatdırdı, ATXİ-nin İdarə heyəti adından “Sənətkar medalı”nı ona təqdim etdi.

Sevincindən yerində dura bilməyən yubilyar “Artıq “Sənətkar medalı”m da var. Daha mənə hər yerdə yaşıl işıqdır” deyib salonu qəhqəhəyə qərq etdi.

Xalq artisti Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimləri – teatrşünaslar İlham Rəhimli və Aydın Talıbzadə isə rejissorun quruluş verdiyi kukla tamaşalarının hər birinin hadisəyə çevrildiyini yada saldılar. Bildirildi ki, o, quruluş müəllifi olduğu “Bakı həyatının rekviyemi”, “Qar qızı”, “Yeddi gözəl”, “Əhmədin ları xoruzu”, “Oxay və Əhməd”, “Göy saqqal”, “Xəlifə və hacıleylək”, “Məlikməmməd”, “Keçəlin toyu”, “Son əhvalat”, “Bülbül” kimi tamaşalarla Rusiya, İran, Türkiyə, İtaliya, Yunanıstan, İngiltərə, Polşa və s. ölkələrdə keçirilən nüfuzlu beynəlxalq festivallarda iştirak edib, teatra müxtəlif mükafatlar qazandırıb.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə rejissorun fərqli texnikalarda hazırladığı rəngarəng kukla tamaşalarından bəhs etdi. Bildirdi ki, o, bu teatrda çalışdığı dövrdə, elə ondan sonra da teatr üçün doğma olub. Direktor sonra sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Ədalət Vəliyevin yubilyar rejissora təbriklərini çatdırdı.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının direktoru Şahirə Tacəddin, tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov da təbriklilərə qoşuldular. Gildiya adından yubilyara fəxri fərman təqdim olundu. Namiq Ağayevi özünə müəllim saydığını deyən E.Cəfərov onun qeyri-adi bilik və bacarığından, istedad və sənətsevərliyindən bəhs etdi.

Yubiley gecəsində teatrın nəzdindəki “Oyuq” teatr-studiyası vokalçılarının ifalarında rəngarəng musiqi nömrələri də təqdim olundu.

Tədbir uzun illərdən sonra yenidən Kukla Teatrı ilə əməkdaşlığa cəlb olunan rejissorun hazırda repertuarda olan “Qara balığın nağılı” (S.Behrəngi) tamaşasının nümayişi ilə yekunlaşdı.

Xatırladaq ki, yaradıcılığa başladığı ilk vaxtlardan fərqli üslubu və quruluşları ilə seçilən Namiq Ağayev Kukla Teatrı tarixində xüsusi yeri olan rejissorlardandır. O, teatrın baş rejissoru kimi fəaliyyət göstərdiyi 1987-1993-cü illərdə bir-birindən maraqlı səhnə işlərinə imza atıb, teatral eksperimentləri ilə seçilib.

1993-2001-ci illərdə Türkiyədə yaşayıb, oradakı dövlət və şəhər teatrlarında tamaşalara quruluş verib. 2002-ci ildən fəaliyyətini televiziya rejissoru kimi davam etdirən N.Ağayev kino sahəsində də özünü uğurlar sınayıb.

O, yaradıcılıqla məşğul olduğu bütün sahələrdə diqqətəlayiq sənət nümunələri yaratmağı bacarıb. Özü də bunu heç vaxt nə tərcümeyi-halı, nə şöhrəti, nə də ad-sanı üçün yox, böyük sənət və ona bəslədiyi sərhədsiz eşq uğrunda edib.

Həmidə Nizamiqızı