İncəsənətin müxtəlif sahələrində fəaliyyət göstərən insanlar “Şuşa İli”nə töhfə vermək üçün imkanlarını səfərbər edir, mədəniyyət paytaxtımızın təbliğinə dəstək olmağa çalışırlar. Noyabrın 3-də Bakıdakı “Qız qalası” Rəsm Qalereyasında (“QGallery”) açılışı keçirilən rəssam Mir Azər Abdullayevin “Rəngarəng” adlı fərdi sərgisi də “Şuşa İli”nə həsr olunub.
Sərginin açılışında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova təhsil ocağında Mir Azər Abdullayev kimi istedadlı, kreativ, müasir düşünən müəllimlərin olmasından məmnunluğunu bildirdi: “Mən uzun müddətdir ki, Mir Azər müəllimin yaradıcılığı ilə tanışam. O öz üzərində yorulmadan çalışan sənətkarlardan biridir. Fərdi sərgisi münasibətilə rəssamı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov qeyd etdi ki, Mir Azər Abdullayev stereotipləri qırmağı bacaran rəssamdır. Onun əsərləri insanı xəyallar aləminə aparır. Rəssamın son illərdə yaratdığı əsərlər müəllifin Vətənə, onun tarixinə, gözəlliyinə, azadlığına ehtiramını ifadə edir. Eyni zamanda bu əsərlər onun özünükəşfi və fəlsəfi qənaətləri ilə bağlıdır.
ADMİU-nun Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı Arif Əziz, Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam Rəşad Cabbarov və sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək rəssamın yaradıcılığı haqqında danışdılar.
Vurğulandı ki, Mir Azər Abdullayevin yaradıcılığında milli xüsusiyyətlərlə müasirliyin sintezi uğurlu şəkildə təcəssüm olunur. O, daim irəliyə can atır, yenilik axtarır, özünü təkmilləşdirir, nailiyyətləri ilə kifayətlənmir.
Sonda rəssam çıxış edərək yaradıcılığına göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
30-dan çox əsərin yer aldığı “Rəngarəng” sərgisi noyabrın 9-dək açıq olacaq.
Qeyd edək ki, Mir Azər Abdullayev 1971-ci ildə Bakıda anadan olub. 1991-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1997-ci ildə ADMİU-nu bitirib. Bir çox müsabiqə və biennalelərin iştirakçısı olub, yerli və beynəlxalq sərgilərdə mütəmadi iştirak edir.
2005-ci ildən Rəssamlar İttifaqının üzvü olan fırça ustasının əsərləri bir sıra kolleksiyaları, həmçinin italyan milyarder Luciano Benettonun “Imago Mundi” layihəsini bəzəyir. Afişa dizayneri kimi də tanınan Mir Azər Abdullayev BMT üçün əsərlər hazırlayıb. Onun rəsm və afişaları Nyu-York, Kopenhagen, Düsseldorf, Paris, Melburn, Ankara və digər şəhərlərdə şəxsi kolleksiyalarda saxlanılır.
Rəssam hazırda ADMİU-nun Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi vəzifəsində çalışır, gənclərə sənətin sirlərini öyrədir.
Nurəddin Məmmədli