Zamanın səhifələrində qalan olaylar, faktlar...
298 il əvvəl...
10 noyabr 1724-cü ildə Rusiya çarı I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə fərman verib. Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsi İrandan rusların əlində olan Bakıya köçürülüb. Azərbaycanın Xəzəryanı əraziləri 1723-cü ildə Rusiya ilə Səfəvi dövləti arasında bağlanmış Peterburq müqaviləsinə əsasən, rusların nəzarətinə keçmişdi. Pyotrun ölümündən sonra rus qoşunları bölgəni (müvəqqəti) tərk etdilər. Pyotrun ermənilərlə bağlı vəsiyyətinə isə sonrakı rus çarları tərəfindən ardıcıl əməl edildi.
223 il əvvəl...
9 noyabr 1799-cu ildə Fransada “18 brümer çevrilişi” olub. Çevrilişə rəhbərlik edən general Napoleon Bonapart hakimiyyəti ələ alıb. Hərbi rejim Direktoriyanın (1789-cu ildə qələbə çalmış Fransa burjua inqilabının nəticəsi olaraq yaradılan hökumət) mövcudluğuna son qoyub. 1804-cü ildə Napoleon Fransa İmperatoru elan edildi, onun imperatorluğu 10 il sürdü.
104 il əvvəl...
9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üçrəngli (mavi, qırmızı, yaşıl) dövlət bayrağının qəbul olunması barədə qərar verib. 1920-ci ildə Azərbaycan sovetləşəndən sonra üçrəngli bayraq qırmızı sovet bayrağı ilə əvəzləndi. Ölkəmiz müstəqilliyini bərpa edəndən (1991) sonra Cümhuriyyətin bayrağı yenidən Azərbaycanın dövlət rəmzi kimi qəbul olundu. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən, 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.
11 noyabr 1918-ci ildə Birinci Dünya müharibəsi başa çatıb. Almaniyanın kapitulyasiyasına dair “Kompen sülhü” imzalanıb. Fransanın Kompen meşəsində dəmiryolu vaqonunda müharibənin qalibləri – Fransa, Britaniya, ABŞ və digər müttəfiq dövlətlərin diqtəsi altında imzalanan sazişə əsasən, Almaniya müharibə zamanı tutduğu bütün əraziləri azad etməli, ordudan məhrum edilməli idi. 1919-cu ildə Versal sülhü müharibənin yekunlarını rəsmiləşdirdi.
84 il əvvəl...
10 noyabr 1938-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfat edib. 1919-cu ildə türk xalqının qurtuluş və istiqlal savaşına başçılıq edən Mustafa Kamal paşa 1923-cü ilin 29 oktyabrında elan olunan Türkiyə Cümhuriyyətinin ilk Prezidenti seçilmişdi. 1932-ci ildə TBMM-in qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. 15 il Türkiyə Cümhuriyyətinə rəhbərlik edən Atatürk 4 dəfə prezident seçilmişdi.
74 il əvvəl...
11 noyabr 1948-ci ildə energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının tikintisinin başlanması bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi. Ötən illərdə Mingəçevir iri yaşayış məntəqəsinə çevrilib.
40 il əvvəl...
10 noyabr 1982-ci ildə SSRİ-nin rəhbəri, Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnev vəfat edib. 1964-cü il oktyabrın 14-də SSRİ rəhbərliyinə yüksəlmiş Brejnev hakimiyyətinin uzunömürlüyünə görə Stalindən sonra ikinci sovet rəhbəri idi.
33 il əvvəl...
9 noyabr 1989-cu ildə Almaniyanın iki yerə (Qərbi və Şərqi Almaniya) bölünməsinin simvolu olan “Berlin divarı”nın uçurulması başlanıb. 1961-ci ildə SSRİ rəhbərliyinin qərarı ilə inşa edilən “Berlin divarı”nın uzunluğu 155 kilometr idi.
10 noyabr 1989-cu ildə Bolqarıstanın kommunist diktatoru Todor Jivkov hakimiyyətdən gedib, ölkədə kommunist idarəçiliyinə son qoyulub. T.Jivkovun 35 illik hakimiyyəti Bolqarıstanda xüsusilə türk əhalisinə qarşı təqiblərlə yadda qalmışdı.
31 il əvvəl...
9 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilk olaraq Türkiyə Cümhuriyyəti tərəfindən tanınıb.
21 il əvvəl...
9-10 noyabr 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Prezident Heydər Əliyevin 23 may 2001-ci il tarixli sərəncamına əsasən keçirilən qurultayda Azərbaycan diasporunun 36 ölkədən 1150 nümayəndəsi iştirak edib. Forumda qəbul edilən qərara müvafiq olaraq 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı.
Hazırladı: V.Orxan