Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər sədası” adlı musiqi festivalı keçirilib. Paytaxt və bölgələrimizin bir sıra mədəniyyət ocaqlarında 5-7 noyabr tarixində gerçəkləşən festival konsertlərində zəfər soraqlı musiqilər səslənib.

“Zəfər sədası” musiqi festivalının paytaxtda əsas konserti noyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdim olundu.

Konsert proqramında Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Oqtay Zülfüqarovun əsərləri, eləcə də şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalib əsərləri yer almışdı.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Sonra Fikrət Əmirovun möhtəşəm “Azərbaycan süitası” səsləndirildi. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunan əsər ilk dəqiqələrdən salona sanki bir qələbə ruhu çilədi.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova tamaşaçıları salamlayaraq Zəfər bayramı münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, ötən il Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi keçirilib Bu gün həmin müsabiqənin qalibi olan əsərləri də dinləmək imkanı əldə edəcəyik.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə xalqımıza şanlı Qələbə yaşadan Ali Baş Komandan və şanlı Ordumuzun şücaətindən söz açdı, bu Zəfərin mədəniyyətimizə təsirindən danışdı: “Bəstəkarlar İttifaqı olaraq gənc bəstəkarları öz sıralarımıza qəbul edirik, cığır açırıq. Onların akademik yolda uğur qazanmaları aldıqları təhsil və öz içlərindən gələn duyğulara bağlıdır. Müasir və akademik musiqi ilə məşğul olmaq çətindir. Bizim musiqi sənətimiz həmişə yüksəklərdə olub. Ötən il keçirilən müsabiqəyə 26 partitura daxil olmuşdu və onlardan 15-i qəbul edilərək dinlənildi. Bu gün biz 3 qalibi mükafatlandıraraq bütün gənc bəstəkarlara uğurlar arzulayırıq”.

Sonra müsabiqənin qalibləri elan edildi.

Gənc bəstəkar Üzeyir Məmmədova həvəsləndirici mükafat təqdim olundu. II yerə Vətən müharibəsi qazisi, bəstəkar Vüqar Məmmədazdə, III yerə Elvin Quliyev layiq görüldü. Müsabiqənin birinci mükafatı isə Tural Məmmədliyə təqdim edildi.

Mükafatlandırmadan sonra konsert proqramı davam etdi. Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) və orkestr vətənpərvərlik notlu əsərləri böyük sevgi və coşqu ilə ifa etdilər. Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım”, “Qara Qarayevin “Zamanın bayraqdarı”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru səsləndikcə bu dahilərlə yanaşı, müsabiqə qalibləri Tural Məmmədlinin “Şuşa fəthi”, Vüqar Məmmədzadənin “İnsan”, Elvin Quliyevin “Qayıdış”ını dinlədikcə musiqimizin köklü ənənələr üzərində davamlı inkişaf etdiyinə şahid olduq. Gənc bəstəkarların əsərləri xüsusi alqışa layiq idi. Və tamaşaçılar onların haqqını, dəyərini öz alqışları ilə təsdiqlədilər.

***

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən “Zəfər sədası” musiqi festivalı çərçivəsində daha bir konsert proqramı noyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təqdim edildi.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra aparıcı Günay Məmmədova Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qalibiyyətdən söz açdı. Qeyd etdi ki, Azərbaycan tarixinin şanlı səhifələrinin yazıldığı salnamənin zəfər tacı 8 noyabr 2020-ci ildə mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi oldu.

Vurğulandı ki, Vətən müharibəsində tarixi Zəfərin ikinci ildönümü mədəniyyət ocaqlarında silsilə tədbirlərlə qeyd olunur. Dövlət Mahnı Teatrının instrumental ansamblı da “Zəfər sədası” musiqi festivalı çərçivəsində bayram konserti ilə sizin görüşünüzə gəlib. Ansamblın rəhbəri tarzən Mirxalid Salayevdir.

Sonra konsert proqramı təqdim edildi. Ansamblın solistləri Fəxri Kazım-Nicat, Fərhad Allahverdiyev, Aşıq Ramin, Ayşən Mehdiyeva, Anar İlhamlı, Rövşən Qəhrəmanov, Metin və Aynur İsgəndərlinin ifasında “Nə gözəldir”, “Azərbaycan”, “Vətən yaxşıdır”, “Yol verin, Turan gəlir”, “Tək ümid qalsın” , “Azərbaycan bayrağı”, “Bura vətəndir”, “Qarabağ” və başqa mahnılar səsləndi. Çıxışlar alqışlarla qarşılandı.

***

“Zəfər sədası” musiqi festivalı çərçivəsində Bərdə Regional Mədəniyyət İdarəsi (RMİ) Bərdə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) “Zəfər sədası” adlı bayram konserti keçirilib.

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistləri – Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Nərgiz Kərimova, Muğam Televiziya müsabiqələrinin iştirakçıları Rəvanə Qurbanova, Səbinə Ərəbli, Məftun Səfərli, beynəlxalq və respublika müsabiqələrinin qalibləri Vaqif Təhməzov, Süleyman Süleymanov və Taleh Yahyayevin ifasında bayram ab-havalı bəstəkar və xalq mahnıları səsləndirilib.

***

Festivalın növbəti konserti Ağdam Muğam Mərkəzində (Quzanlı qəsəbəsi) təşkil edilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağcabədi RMİ-nin rəisi Qalib Həsənov çıxış edərək rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən söz açıblar. Bildirilib ki, Zəfər Günü Azərbaycanının ən əziz, qürur verən bayramlarından biridir. Bu şanlı Qələbəni bizə qazandıran şəhidlərimizin xatirəsi həmişə uca tutulacaq.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlərinin ifasında bəstəkar və xalq mahnılarından ibarət rəngarəng musiqi nömrələri təqdim olunub.

***

Zəfər soraqlı festivalın daha bir ünvanı Sumqayıt Dövlət Dram Teatrı olub. Tədbir iştirakçılarını salamlayan Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev Zəfər Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz musiqiyə verilib.

Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı və solistləri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

***

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası da “Zəfər sədası”na qoşulub. Gəncə Dövlət Kamera Orkestri (bədii rəhbəri və dirijor – Xalq artisti Rafael Bayramov) və “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Sahil Quliyev) birgə hazırladığı bayram konserti böyük maraqla qarşılanıb.

Musiqi axşamının tamaşaçıları arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov da olub.

Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Zəminə Nuriyeva, Rövşən Məmmədov, Əlizadə Malasov, Xəyal Əliyev, Elmir Pişnamazzadə, Vasif Bayramov, Şirxan Cahangirov, Azər Verdiyev və baletmeyster Sənan Cavadov rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

***

Xatırladaq ki, “Zəfər sədası” musiqi festivalı çərçivəsində noyabrın 5-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında da konsert keçirilib.

Festivalın bütün tədbirləri Zəfər Gününə və 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə sənət töhfəsi kimi yaddaşlara yazılıb.

Lalə

Savalan

Nurəddin