Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin (ANAİB) təşəbbüsü və təşkilatçılığı ilə noyabrın 11-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində II Gəncə Kitab Sərgisinin açılışı keçirilib.

“Nizami yurduna kitabla gəlirik!” şüarı ilə keçirilən sərginin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, ANAİB-in sədri Şəmil Sadiq, ziyalılar, ictimaiyyət nümayəndələri, yazıçı və kitabsevərlər iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Daha sonra tədbir iştirakçılarına “Bölgələrə kitabla gedirik!” şüarı ilə həyata keçirilən layihə barədə məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində artıq ikici ildir ki, respublikamızın bir çox şəhər və rayonlarda kitab sərgiləri təşkil olunur. Sərgilərin keçirilməsində məqsəd dövlətçilik dəyərlərimizin intellektual gənclərə kitab vasitəsilə çatdırılması, yerli kitabçılığın inkişafının təmin edilməsidir. Son zamanlar gənclər arasında kitaba, mütaliəyə maraq göstərənlərin sayı artır və bu müsbət tendensiyada kitabın təbliği ilə bağlı belə layihələrin də mühüm rolu var.

Bildirilib ki, sərgidə ölkəmizin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edir.

Üç gün davam edəcək kitab bayramında nəşrlərə 50 faizədək endirim tətbiq olunur. Sərgi çərçivəsində tanınmış şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssam və sənətkarların əl işlərinin nümayişi, həmçinin bədii proqramlar nəzərdə tutulur.

Nurəddin