Biz həmişə bir-birimizin qazandığı uğurlara qəlbən sevinmişik. Bizi bir-birimizdən tikanlı sərhədlərin, ideoloji sipərlərin ayırdığı zamanlarda da belə olub, indi də belədir. Əbəs yerə bir-birimizi bir millətin, iki dövlətin insanları saymamışıq ki?! Təbii ki, söhbət Azərbaycan və Türkiyə türklərinin bir-birinə bəslədiyi əbədi sayğı və sevgidən gedir. 
   
   Son günlər Azərbaycanın mədəniyyət və teatral çevrəsində türkiyəli qardaşlarımızın adına bir sevinc, qürur hissi də yaşadıq. Bu hissi doğuran səbəb isə tanınmış türk yazıçısı və iş adamı Yaqub Almələyin «İş adamı - «The Businessman» əsərinin «Off Off Broadway» teatrının «The Richmond Shepard Theatre» truppasının ifasında oynanılmasıdır (əslində bu tamaşa hələ 2009-cu ilin oktyabrında adıçəkilən teatrda səhnələşdirilib. Sadəcə, biz bundan təzə xəbər tutmuşuq. Amma dəxli yoxdur: dost dostun, qardaş qardaşın uğrundan nə zaman xəbər tutarsa, o zaman da qəlbdən sevinər).
   Ötən şənbə günü (2 aprel) Azərbaycan Teatr Xadimləri İttifaqına toplaşanlar bu barədə geniş məlumat əldə etdilər. Üstəlik tamaşanın video çəkilişini seyr etdilər, diskini də hədiyyə aldılar.
   Yaqub Almələyin «İş adamı» pyesinin video diskini Bakıya UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun Türkiyə təmsilçisi Emre Erdem gətirib. Ötən ilin noyabrında I Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən Emrə bəyin paytaxtımıza növbəti səfəri iki qardaş ölkə arasında teatr əlaqələrinin genişlənməsi, dolayısı ilə Azərbaycan teatrının, dramaturgiyasının ölkəmizin hüdudlarından kənarda tanınması istiqamətində bir addımdır.
   Əslində təqdimat mərasimi bizə bilmədiklərimizi öyrənmək məramı da daşıyırdı. Məsələn, dünya teatrı barədə az-çox məlumatı olanlar, təbii ki, məşhur Brodvey teatrı haqqında eşidiblər. Bildiyimiz bu teatrda möhtəşəm, dəbdəbəli müzikllərin tamaşaya qoyulması, onun tamaşalarına aylar öncə bilet satılması və s. məlumatlardır. Halbuki hələ ötən əsrin əllinci illərində Brodvey artıq sırf teatr çərçivəsindən çıxaraq şou, bahalı əyləncə simvoluna çevrilmişdi. Çünki Nyu-Yorka qədəm basan şəxs Brodvey teatrında olmaq, yəni həm tamaşaya baxmaq, həm də özünü göstərmək istəyilə, sənətdən zövq almaqdan daha çox prestij naminə bu məkana üz tutduğundan əsl sənət meyarları bir növ arxa plana keçirdi. Salondakılar səhnədəkilərdən daha parlaq və zəngin olduğundan «Brodvey» zəngin turistlərin və milyonçu elitanın vaxt keçirdiyi məkana dönürdü. Razılaşın ki, eyni bir tamaşanın on ildən çox oynanıldığı səhnədə hiss, duyğu, sənətkarlıq da şablonlaşmaqdan qaça bilmir. Bu zaman yalnız sənəti uca tutanlar, yaradıcılığı standart müziklə qurban vermək istəməyən teatr insanları Brodveydən uzaqlaşaraq «Off Broadway», yəni «Brodvey olmayan» teatrı yaratdılar. Bütün dəyərləri aşınmağa məcbur edən zaman isə illər sonra «Off Off Broadway» («iki dəfə Brodvey olmayan») teatrının yaranmasını zəruri etdi. Artıq kiçik səhnələrdə, azsaylı truppa ilə yığcam pyeslər, əsl müasir teatr anlayışına cavab verən əsərlər tamaşaya qoyulur. Elə 76 yaşlı iş adamı və yazar Yaqub Almələyin «İş adamı» pyesi də belə kiçik səhnələrdən birində səhnələşdirilib. Bütün bu bilgiləri həmin təqdimatda Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətin və Emrə Erdemin çıxışlarından öyrəndik.
   Bəs bu gün Azərbaycanda az qala hər kəsin çağdaş Türkiyə mədəniyyətinə yaxından bələd olduğuna arxayınkən əsəri Brodveydə səhnələşdirən yazarın əsərlərindən niyə xəbərsizdik? Cavab bəllidir: bildiklərimiz seriallar və arabeska musiqisi çərçivəsindən o qədər də kənara çıxmır. O ki qaldı çağdaş Türkiyə dramaturqlarının yaradıcılığının ölkəmizdə tanınmasına, son illər yalnız Tuncər Cücənoğlunun «Uçqun» əsəri Milli Dram Teatrında səhnələşdirilib və yadda qalıb.
   Təqdimat mərasimində çıxış edən sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə və Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Azərbaycan dramaturqlarının əsərlərinin Türkiyədə, həmçinin qarşılıqlı olaraq türk ədiblərinin pyeslərinin bizim teatrlarda oynanılmasına, uzunmüddətli qastrolların gerçəkləşməsinə dair fikirlərini söylədilər. Milli teatr sənətimizi dünya çapında tanıtmaq yolunda Emre Erdemə güvəndiklərini bildirdilər.
   Bu yerdə sorağı ta Amerikadan gələn «İş adamı» pyesinin məğzi barədə bir neçə kəlmə söz deməyə dəyər. İş adamı Aydın bir gün xəbər tutur ki, xərçəngə tutulub və onun ömür boyu artırdığı zənginliyi onun sağlamlığını geri qaytarmağa qabil deyil. Ömrünün sanılı günlərini yaşayan Aydın həyatını tamam dəyişməyə çalışır. Düzdür, «İş adamı» tamaşasının diski tədbir iştirakçılarına və bu xeyirxah aksiyaya qoşulan «525-ci qəzet»in abunəçilərinə çatdırılıb. Sadəcə, içimizdə inam var ki, Brodvey təfsirində olmasa da, biz yaxın zamanlarda milli teatrlarımızın birində Yaqub Almələyin «İş adamı» əsərini görə biləcəyik.
   
   Gülcahan Mirməmməd   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar