Türk Dövlətləri Təşkilatına sədrliyi Türkiyədən təhvil alan Özbəkistana bu məsuliyyətli işin yerinə yetirilməsində uğurlar arzu edirik. Əminik ki, Özbəkistan bu müddət ərzində həm qardaş türk dövlətləri, həm də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da daxil olmaqla, Türk dünyası təşkilatları ilə əməkdaşlığa töhfə verərək, bu vəzifənin öhdəsindən layiqincə gələcək.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu sözləri noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının IX toplantısında çıxışı zamanı söyləyib. Xatırladaq ki, toplantı TDT-nin IX Zirvə görüşü (11 noyabr) ərəfəsində keçirilib.

Fondun fəaliyyətindən söz açan Günay Əfəndiyeva TDT-nın IX Zirvə görüşü çərçivəsində Səmərqənddə həyata keçirilən layihələrdən də bəhs edib: “Səmərqənddə türk dövlətlərinin Böyük İpək Yolu üzərində əməkdaşlığına həsr olunmuş simpozium təşkil etdik. Fondun nəzdində yaradılan və 7 ölkənin qadın musiqiçilərindən ibarət “Yeddi gözəl” qrupu Türk dünyasının əsrarəngiz musiqisini burada ilk dəfə nümayiş etdirir”.

Türk dünyasının böyük mütəfəkkirlərinin, yazıçılarının, musiqiçilərinin beynəlxalq aləmdə, o cümlədən Avropada tanıdılması yönündə həyata keçirdikləri tədbirləri diqqətə çatdıran Günay Əfəndiyeva bu il Xurşidbanu Natəvanın 190 və Fikrət Əmirovun 100 illiyi münasibətilə reallaşdırılan layihələrdən danışıb, o cümlədən Bolqarıstanın paytaxtı Sofiyada bəstəkarın məşhur “Min bir gecə” baletinin uğurla səhnələşdirildiyini deyib.

Günay Əfəndiyeva Fondun əsas məqsədləri sırasında türk etnik kökənli azsaylı xalqların tarixinin, mədəniyyətinin mühafizəsinin və təbliğinin yer aldığına toxunaraq, diqqətə çatdırıb ki, bu istiqamətdə Litva, Polşa, Rumıniya ilə əlaqələr genişləndirilir. Bu günlərdə Litva karaimlərinin iştirakı ilə keçirilən tədbirlər də buna misaldır.

Fondun prezidenti Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsini nəzərə çatdıraraq bildirib ki, bu ilin “Mədəniyyət Paytaxtı” Bursada “Şuşa Günləri”nin keçirilməsini təklif etmişik. Bu tədbir mədəniyyət paytaxtı statusunun bir şəhərdən digərinə ötürülməsi üzrə yeni ənənənin başlanğıcı olacaq. Bursada “Şuşa Günləri” bu ilin sonuna planlaşdırılıb.

“Qarşılıqlı işbirliyinə əsaslanan fəaliyyətimizlə türk dövlətləri arasındakı əlaqələrin genişlənməsinə, türk xalqlarının yaxınlaşmasına öz töhfəmizi verəcəyik”, – deyə G.Əfəndiyeva bildirib.