Üzündən təbəssüm əskik olmayan, optimist təbiətli, nikbin insan olan Çingiz Ələsgərlini mən həmişə belə görmüşəm. Gülərüzlüyü, müsbət aurası ilə daim ətrafındakılara da müsbət enerji ötürür. Problemsiz insan olmaz, deyirlər. Bəzən elə insanlarla rastlaşırıq ki, onlar öz problemlərini açıqlamaqla çoxlarını narahat etdiklərinin fərqində olmurlar. Çingiz isə, problemi olanda belə, bunu ətrafdakılara hiss etdirmir. Kiçik bir girişdən sonra Çingiz Ələsgərli haqqında daha ətraflı yazımıza keçək.
Bunu portretə cizgilər də adlandırmaq olar.
2022-ci il noyabrın 19-u yazıçılıq qabiliyyətinə, istedad və bacarığına hörmətlə yanaşdığım teatrşünas və dramaturq Çingiz Ələsgərlinin 70 illiyidir. O, mənim yaradıcılığım haqqında xeyli sayda məqalə yazsa da, mən onun nə teatrşünaslığı, nə də dramaturgiyası haqqında heç vaxt heç nə yazmamışam. Buna heç ehtiyac da olmayıb. Çünki yazıçılıq onun, aktyorluq və rejissorluq isə mənim peşəmdir. O, daim mənim yaradıcılığımı izləyib, uğurlarıma sevindiyi kimi, mən də onun yaradıcılığını maraqla izləyib, uğurlarına sevinirəm.
Oxuculara bir sirr açım. Mən bəzən yazmağa ehtiyac duyub, ürəyim istəyən mövzulara müraciət edirəm. Deyilənə görə, pis də alınmır. Bu dəfə də belə oldu. Düşündüm ki, 40 ilə yaxın bir müddətdə mədəniyyət sahəsində yorulmadan çalışan, külüng çalan, qələmini bu günə qədər yerə qoymayan, zəhmətkeş və işgüzar bir insan haqqında yazmasam, düz olmaz. Mən Çingizi, yalan olmasın, hardasa dörd onilliyə yaxın bir müddətdir tanıyıram. Adətən, illər istər-istəməz insanları dəyişir, hətta bəzən tanınmaz edir. Amma bu dəyişmələr bizim yubilyara aid deyil. O, 40 il əvvəl necə idisə, bu gün də elədir. Zaman dəyişsə də o, dəyişmir.
Teatrşünas və dramaturq dostum bu günə qədər bir sıra idarə və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb. Hazırda Akademik Milli Dram Teatrında ədəbi dram hissə rəhbəridir. Bildiyimiz kimi, bu vəzifədə vaxtilə Cəfər Cabbarlı və daha neçə-neçə yazıçılar çalışıb. Mən bu insanda harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq, heç vaxt təkəbbür, özündənrazılıq, özünü dartmaq və sair keyfiyyətləri görməmişəm. O, həmişə pozitiv, səmimi, təvazökar, zəhmətkeş, sadə, işinə məsuliyyətlə yanaşan, hər kəsə təmənnasız kömək əlini uzatmağa hazır olan, qeyd etdiyim kimi, üzündən heç vaxt təbəssüm əskik olmayan və ən əsası isə, qələminə heç vaxt xəyanət etməyən şəxsdir. Hamı onu belə tanıyır və məhz bu keyfiyyətlərinə görə dəyər verir.
Mənə qalınca, deməliyəm ki, bizim uşaqlığımız iki və ya üç küçə ilə bir-birindən ayrılan məhəllələrdə keçib. O, Təzəpir məscidinin yuxarı hissəsində, keçmiş Şors, indiki Bəşir Səfəroğlu küçəsindəki ata-baba mülkündə, mən isə məscidin aşağı hissəsində keçmiş Poluxin, indiki Murtuza Muxtarov küçəsindəki ata-baba mülkündə yaşamışıq. Evlərimiz yaxın olsa da biz, çox-çox sonralar, təsadüfən hansısa tədbir və ya tamaşada rastlaşıb, teatr sənəti haqqında söhbətləşmişdik. Həmin söhbət maraqlı olduğu üçün uzandıqca uzanmışdı. Mən bu söhbət əsnasında Çingizin teatr haqqında dərin bilik və savadını bəyənmişdim. Elə həmin vaxtdan, keçən əsrin 80-ci illərindən bu günə qədər dostluğumuz davam edir.
Bu gün Çingiz Ələsgərli imzası teatr və jurnalistika aləmində tanınan imzadır. Bu imza ilə dostum məqalələrində hər zaman dürüst olub, “düzü düz, əyrini əyri” yazıb və yazır.
Məhz bu səbəbdən həm mən, həm də qardaşım Cəfər yubileyimizlə bağlı yazılacaq kitablarımızın yazılışını ona həvalə etdik və peşman da olmadıq. Çingiz Ələsgərli mənim 65 illik yubileyimə “Sənətkar ömrü”, qardaşım, Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə isə “Tale yazısı” kitablarını yazdı. Hər iki kitabda o, bizim yaradıcılığımızın oxşar və fərqli cəhətlərinin elmi-nəzəri araşdırmasını apararaq, maraqlı və oxunaqlı əsərlər ortaya qoydu. Elə buna görə də hər iki kitab çox qısa bir müddətdə geniş yayılaraq, oxucuların rəğbətini qazandı.
O, neçə-neçə aktyor və rejissor yaradıcılığına həsr olunmuş kitabların redaktoru və müəllifidir. Bunlardan “Məhərrəm Haşımov-100”, “Hökümə Qurbanova-100”, kuklaçı-aktyor Ruslan Həsənovun yaradıcılığına həsr etdiyi “Xəzana dönmüş ömür və ya kuklaçının nağılı”, eləcə də Mükafat Abbasovun “Sevənləri aldatmayın”, Mehdi Məmmədov və Zəfər Nemətovun “Rejissor işi haqqında” (yeni redaktədə), Azərbaycan televiziyasının veteran diktoru Natəvan Hacıyevanın “Televiziya mənim dünənim, bu günüm və sabahımdır”, Xalq artisti Mərahim Fərzəlibəyovun 70 illiyinə “Səhnəyə sığmayan arzular” və daha neçə-neçə kitabı nümunə göstərmək olar.
Çingiz Ələsgərli neçə-neçə məqalə və elmi-nəzəri kitablarla yanaşı, dramaturgiya sahəsinə də müraciət edərək, maraqlı nəticələr əldə edib. Onun dram əsərlərinin hər biri qeyri-adi süjet xətti, obrazların bütövlüyü, dramatik vəziyyətin gərginliyi, konfliktin kəskinliyi, hadisələrin gözlənilməz düzüm xətti ilə rejissorların diqqətini cəlb edə bilib. Əgər səhv etmirəmsə, onun yazdığı dram əsərləri və etdiyi səhnələşdirmələrin sayı artıq 40-ı keçib və bu əsərlərin 35-i müxtəlif teatrlarda tamaşaya qoyulub. Hər dəfə onunla görüşəndə və ya zəngləşəndə o, mütləq yeni bir məqaləsi, ya kitabı və ya dram əsəri haqqında danışaraq, məni həm heyrətləndirir, həm də sevindirir. Çingiz daim yazır, çünki yazmaq artıq onun yaşam tərzinə çevrilib.
Mən də ona vaxtilə yaratdığım “İlham” miniatür teatrı və Şamaxıda yaratmaq istədiyim teatr üçün günümüzlə səsləşən, insanları düşündürən dramatik əsər və səhnəciklər sifariş etmişdim. O, çox qısa vaxtda mənim istədiyim mövzuları yazdı və çox da xoşuma gəldi. Hayıflar olsun ki, birinci teatr binasızlığın, ikinci isə laqeyd münasibətin qurbanı oldu. Amma mən hələ də ümidimi üzməmişəm. İnanıram ki, yaxın gələcəkdə ya “İlham” miniatür teatrında, ya da Şamaxıda yaranacaq teatrda Çingiz Ələsgərli ilə müştərək yaradıcılıq işimizi nümayiş etdirə biləcəyik. Sağlıq olsun.
Hazırda isə ölkəmizin bir sıra teatrlarında Çingiz Ələsgərlinin müəllifi olduğu və ya səhnələşdirdiyi əsərlər uğurla nümayiş olunur. Akademik Milli Dram Teatrında “Qətibə İnanc” (M.S.Ordubadinin “Qılınc və qələm” romanı əsasında), Bakı Bələdiyyə Teatrında “Şanlı Vətən” və “İmadəddin Nəsimi” (İ.Muğannanın ““Məhşər” romanı əsasında), İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Nağıl” və sair. Bildiyimə görə, daha iki və ya üç teatrda da əsərləri tamaşaya hazırlanır.
Çingizin 1993-cü ildə yazdığı “Şahidə çevrilən şəhid” əsəri bu yaxınlarda Xaçmaz Xalq teatrında tamaşaya qoyulub. Çingizin dediyinə görə, 2006-cı ildə çapdan çıxmış “Pyeslər” toplusuna daxil edilmiş dramatik novellanı teatrın rejissoru İlham Tağızadə oxuyub və əsərə yozum vermək istəyib. Haşıyə çıxıb qeyd etməliyəm ki, bu teatrın yaradılmasında mənim də müəyyən əməyim olub.
Tamaşanın ilk baxışına Çingiz məni də dəvət etmişdi, təəssüf ki, o vaxt çəkilişlərimlə bağlı iştirak edə bilmədim. Amma, eşitdiyimə görə, nümayiş yüksək səviyyədə keçib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, digər vəzifə sahibləri, şəhid ailələri və qazilər də tamaşaya baxıblar. İcra başçısı sonda çıxış edərək teatrın kollektivinə uğurlar arzulayıb.
Çingiz Ələsgərli, qeyd etdiyim kimi, neçə-neçə maraqlı dram əsərinin müəllifidir. Yaxşı yadımdadır, “İxtira” adlı ilk pyesi 1986-cı ildə M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdu. İlk qələm təcrübəsindən sonra o, “Milyon ilin sevgisi”, “Şahidə çevrilən şəhid”, “Düzlük”, “Yabançı dostlar”, “İnsan ömrünün nağılı”, “Həyat oyun olanda”, “Tənbəl Əhməd”, “İbrət dərsi”, “Ana intiqamı”, “Qaçaq Kərəm”, “Nəsrullah fenomeni”, “Xacə şah”, “Yeni ilə az qalanda”, “İnam olanda”, “Rüşvət”, “Mənim müasirlərim”, “Dörd payız yarpağı”, “Sürpriz”, “Rəssamın əbədi sevgisi” və digər əsərlər yazıb. Adları çəkilən əsərlərin əksəri, qeyd etdiyim kimi, müxtəlif teatrlarda səhnəyə qoyulub.
Teatrşünas və dramaturq kimi yaxşı tanınsa da, son dövrlərdə ssenari sahəsində də qələmini sınayıb. Onun Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı haqqında “Aləmdə səsim var” (Əzizə Cəfərzadənin eyniadlı əsəri əsasında) ssenarisi üzrə çəkilən film Azərbaycan Televiziyasında nümayiş olunub. İlk kino işindən sonra Çingiz Ələsgərli Nurəngiz Günün “Tanrı bəşər övladıdır” povesti əsasında “Qırmızı kərpicli evin Tanrısı” ssenarisini yazıb. Bu ssenari əsasında çəkilmiş film də Azərbaycan Televiziyasında nümayiş olunur.
Mən bu istedadlı insana, peşəkar teatrşünasa və dramaturqa, bu yaşına qədər hələ də layiq olduğu fəxri adının almamasına narahatlığımı bildirəndə, Çingiz bunu özünəməxsus sakitlik və təbəssümlə qarşıladı. Gülümsəyərək dedi ki, gec-tez haqq yerini tutar. Mənim isə bu yerdə Cabir Novruzun məşhur şeiri yadıma düşür. “Sağlığında qiymət verin insanlara...”. Əlaqədar təşkilatların, gec də olsa, yüzlərlə məqalə, onlarla kitab və dram əsərinin müəllifinə layiq olduğu fəxri adın verilməsində yardımçı olacaqlarına əminəm. Onu da yaxşı bilirəm ki, teatrşünas və dramaturq dostumuz bəziləri kimi hansısa qapıları döyən, kimlərəsə müraciət və şikayət edən deyil.
Çingiz Ələsgərlinin 70 illik yubileyində ona daha möhkəm cansağlığı, uzun ömür, olduğundan daha artıq pozitivlik, daha artıq təbəssüm arzu edirəm. Qoy gülərüzlülük heç vaxt onu tərk etməsin. Hələ neçə-neçə illər teatrşünas və dramaturq Çingiz Ələsgərli əsərləri ilə milli teatr prosesinin inkişafında öz sözünü desin.
İlham Namiq Kamal
Xalq artisti, professor