Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Zəfər Gününə həsr edilmiş “Xarıbülbül” rəqs müsabiqəsi keçirilib.
BXA-nın tam orta təhsil, orta ixtisas təhsili və bakalavr pillələri üzrə şagird və tələbələri arasında keçirilən müsabiqədə rəqs nümunələrini prorektor, Xalq artisti Təranə Muradovanın sədrliyi ilə münsiflər heyəti (elmi katib, dosent Həbibə Məmmədova, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, Baletmeyster kafedrasının müdiri, professor Lyudmila Həsənova, Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova, Klassik rəqs kafedrasının müdiri Mayra Almaszadə və tam orta təhsil pilləsinin xüsusi fənlər üzrə direktor müavini Kamilə Əliyeva) dəyərləndirib.
Müsabiqədə tam orta təhsil pilləsinin və orta ixtisas təhsili pilləsinin iştirakçıları tərəfindən təqdim edilən rəqslərin quruluşu şagird və tələbələr tərəfindən verilib. Eyni zamanda, bakalavr pillələrinin tələbələrinin ifasında nümayiş etdirilən rəqs nömrələrinin də quruluşunun əksər qismi ifaçı tələbələr tərəfindən qoyulub.
Münsiflər heyətinin üzvləri hər çıxış sonrası şagird və tələbələrə öz tövsiyələrini bildiriblər.
Müsabiqənin yekununda milli, klassik və müasir rəqs üzrə I, II, III yerlərlə yanaşı, “Simpatiya”, “Xarıbülbül” və “Münsiflər” mükafatları da təqdim olunub.
BXA-nın tam orta təhsil pilləsi şagirdlərinin ifasında I yerin qalibləri klassik rəqs üzrə “Lirik rəqs”, milli rəqs üzrə “Qaytağı”, müasir rəqs üzrə “Cadugər” rəqsləri olub. II yerə klassik rəqs üzrə “Ruhun valsı”, milli rəqs üzrə “Biz gəlirik”, müasir rəqs üzrə “Azadlıq anı” layiq görülüb. III yer isə klassik rəqs üzrə “Zəfər gülü”, milli rəqs üzrə “Zəfər rəqsi”, müasir rəqs üzrə “Xarıbülbül” rəqslərinə verilib.
Tam orta təhsil pilləsi şagirdlərinin ifasında təqdim edilən “Qarabağ Azərbaycandır!” rəqsi “Münsiflər”, “Acaruli” və “Kəpənək” rəqsləri isə “Xarıbülbül” mükafatlarına layiq görülüb.
Orta ixtisas təhsili pilləsi üzrə təhsil alan tələbələrin təqdimatında “İgidlər” rəqsi I yeri, “Qələbə” rəqsi II yeri, “Odlar Yurdu” rəqsi III yeri qazanıb. Tələbələrin ifasında “Bu gecə” rəqsi “Münsiflər”, “Hardasan?” rəqsi “Simpatiya”, “Qarabağ Azərbaycandır!” rəqsi isə “Xarıbülbül” mükafatına layiq görülüb.
Bakalavr təhsil pilləsinin tələbələri tərəfindən təqdim edilən “Qartal” rəqsi 1-ci, “Küçələrə su səpmişəm” xalq rəqsi 2-ci, “Qaval” rəqsi isə 3-cü olub. “Pasodobl flamenko” rəqsi “Simpatiya”, “Hardasan?” rəqsi isə “Münsiflər” mükafatına layiq görülüb.