Qax Dövlət Kukla Teatrı 50 yaşını qeyd etdi

 

Buludlu, boz-bulanıq halı ilə baş-başa qoyduq Bakını. Zatən günlərdi qaşqabağını tökmüşdü. Odur ki, təklifə yox demədik. Hərçənd payızın son günləri oralar da  başqa cür sərt olur. Amma bunu da göz önünə gətirib yol aldıq təbiətinin şıltaqlığı, adamlarının saflığı ilə ad qazanan Qaxa.

Əlamətdar səbəb də vardı uzun yolu getməyə: sözsüz ki, yenə səhnə, sənət sevdası.

Bu qədər romantik başlanğıcın da ayrı səbəbi var: teatr içində gənclik romantikasını saxlayıb, ona sonsuz sevgi ilə bağlanan adamlardan savayı hamıdan asanlıqla imtina edir. Bu barədə yazının sonunda qeyd-eyhamım olacaq...

Bu il paytaxtdan kənarda fəaliyyət göstərən kukla teatrlarından ən qocamanının – Qax Dövlət Kukla Teatrının 50 illiyidir. Böyük fədailik və saf sevgi sayəsində dərnək kimi yaranıb, sonradan böyük səhnələrə yaşından-başından, boy-biçimindən də iri addımlarla yol alan bu bəbə teatrı yarım əsrdir ki, nəinki Qax və ətraf rayonlar, ümumilikdə ölkə sərhədlərini də aşaraq fərqli ölkə və səhnələrdə özünü göstərə bilib.

Özünün uşaq məsumluğunu, kuklaçılıq fədakarlığını və teatr sevgisini cansız əşyalara – taxtaya, dəmirə, parçaya, boyaya... qataraq, ipə-sapa yatmayan arzuların qol-qanadında 50 ildir yol gəlir.

Gəlin, keçilən bu uzun yola qısa nəzər salaq.

Qax Dövlət Kukla Teatrının uzun və mürəkkəb sənət yolu, əslində, 1971-ci ildə başlayıb. Gürcü əsilli rayon sakini, dünyanı teatr səhnəsi kimi işıqlı, insanları kukla personajları kimi məsum görən və içindəki uşağı ahıl yaşında belə qoruyub-saxlayan  İsako Zeynalaşvili həvəskar gəncləri ətrafına toplayaraq dərnək yaradıb. İlk olaraq rayon Mədəniyyət evində fəaliyyət göstərən dərnəyin səs-sorağı nəinki ətraf rayonlara, hətta Bakıya da gedib çıxıb. Dərnək olmasına rəğmən istər repertuarındakı tamaşa sayına, istərsə də peşəkar ifaçılıq səviyyəsinə və tamaşaçı auditoriyasının genişlənməsinə görə qısa zamanda ad-san qazanıb. Beləcə, beş il sonra bu kollektivə Xalq teatrı statusu verilib.

1992-ci ildə isə yaradıcı kollektiv dövlət statusu alır, Qax Dövlət Kukla Teatrı olaraq böyük səhnə yolunda inamla addımlamağa başlayır. Üç-beş nəfər ilə açılan cığırda gedənlərin sayı artır. 1993-cü ildə kollektiv Bakıda təşkil olunan monotamaşalar festivalında uğurla iştirak edir.

1997-ci ildə teatr xaricə ilk qastrola gedir – qonşu Gürcüstan tamaşaçıları qarşısında çıxış etmək imkanı qazanır. 2003-cü ildə Bakıda keçirilən uşaq tamaşaları festivalında Qax Dövlət Kukla Teatrı da uğurla iştirak edir və diploma layiq görülür. 2005-ci il kollektivin tarixində əlamətdar bir hadisə ilə yadda qalır, Qax Dövlət Kukla Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatını qazanır. Həmin il teatr doğma Qaxa daha bir mükafatla qayıdır. Türkiyənin İzmir şəhərində keçirilən VII Beynəlxalq Kukla və Kölgə Oyunları Festivalında ölkəmizi uğurla təmsil edən yaradıcı heyət nüfuzlu sənət yarışmasında Qran-pri qazanır. 2009-cu ildə kollektiv Estoniyanın Villandi, 2010-cu ildə isə Tallinn şəhərlərində keçirilən festivallardan diplomla qayıdır.

2010-cu ildə Mədəniyyət Nazirliyinin təşkil etdiyi II Respublika Kukla Teatrları Həftəsinin Qaxda keçirilməsində də məhz bu kollektivin uğurları mühüm rol oynayır. Qax kuklaçıları 2014-16-cı illərdə Rusiya Federasiyasının Həştərxan və Ukraynanın İvano-Frankovsk vilayətlərində keçirilən festivallara da qatılaraq teatr sənətimizi layiqincə təmsil edirlər. Kollektiv 2011 və 2013-cü illərdə keçirilən I və II Bakı Beynəlxalq Kukla Teatrları   festivallarında da iştirak edərək diplomlara layiq görülüb.

Qax Dövlət Kukla Teatrı bu əlli il ərzində 150-dən artıq peşəkar səviyyəli tamaşa hazırlayaraq, balaca teatrsevərlərə təqdim edib ki, onların 80-dən çoxu məhz rəsmi dövlət statusu alandan sonra ərsəyə gəlib.

Teatrın uzun illər uğurlu fəaliyyəti diqqətdən kənarda qalmayıb, kollektivin iki üzvünə “Əməkdar mədəniyyət işçisi”, bir nəfərə “Əməkdar artist” fəxri adları verilib. Bir qrup əməkdaş Mədəniyyət Nazirliyinin fəxri fərmanına layiq görülüb.

Əsas məramı balacaları vətənpərvər, mənəvi-əxlaqi dəyərlərə sevgi ilə, həm də zövqlü  tamaşaçı kimi formalaşdırmaq olan teatrın sənətə sevgisi üz-gözlərinə hopan kollektivi var. Rəhbərindən səhnə maşinistinədək hər birində Qax Kukla Teatrının – bölgənin yeganə kukla evinin sakini olmağın qürurunu hiss edirsən. Bir də ən çox diqqətimi cəlb edən ənənələrinə bağlılıq və ustadları İsakonun ruhuna sonsuz ehtiramları idi. Düşünürəm ki, məhz bu keyfiyyətləri olan sənət və səhnələr hər zaman yaşayacaq, hər zaman dolub-daşacaq...

İndi isə qayıdaq 14 noyabr 2022-ci ilə – qaxlı kuklaçıların 50 illik yubiley tədbirinə.

Biz teatra çatanda artıq saat 12-ni keçmişdi. Sarı, çəhrayı, narıncı yarpaqların ağaclardakı son rəqslərini – həzin mehdə süzmələrini günəşin payıza inad səxavətində izləyə-izləyə teatrın həyəti önündə dayanırıq. Darvazanın üstündəki böyük lövhə – “50-ni aşırdıq, 100-ə nə qaldı?!” diqqətimi həmən çəkir. İçəri keçəndə sağ və sol dəmir hasarları bəzəyən rəngarəng şar və şəkillər, binanın həyətindəki əlvan geyimli kollektivin həyəcanlı var-gəli adamı heyran edir.

Uzaqdan tanış səs eşidirəm. Özünəməxsus mehribanlığı ilə teatrın direktoru, uzun illər mədəniyyət, yazı-pozu sahəsində tanıdığım, bir neçə aydır da Qax Dövlət Kukla Teatrının direktoru kimi əzmlə çalışan Seymur Vəliyevin səsini eşidirəm: “Ay, belə həmişə siz gələsiz. Balam, gözümüzü nə yaman yollarda qoydunuz...” deyib, əlindəki kağızları qoltuğuna vuraraq iri addımlarla bizə tərəf gəlir. Eyni sevinc və məmnunluq kollektiv üzvlərinin də üzünə hopmuşdu.

Tədbirin başlamasına bir neçə saat qaldığından biz də onların həyəcanına qoşulub,  vaxtı iplə dartdıq.

Səliqə-sahmanı ilə gözoxşayan, aparılan cari təmir-bərpa işləri ilə öz uçuq-sökük dünəni ilə sağollaşan teatrın tamaşa salonu, butaforu, sexləri, rekvizit otaqlarını gəzdikcə, adam istər-istəməz sevinir. İşləmək həvəsi, bundan da öncə teatrın yaşaması və özünün yeni dövrünə qədəm qoyması 50 yaşlı kukla kimi, bütün qoca-cavan kuklaçıları, kuklasevərləri də xoşbəxt etmişdi.

Hə, onu da deyim ki, qaxlı teatrsevərlərin son zamanlar unudulmaqda olan vacib vərdişləri də var. Tədbirə təxminən bir saat qalmasına rəğmən artıq zaldakı yerlərini tutub, səssizcə anın səfasını sürürlər. Maraqla yerli və gəlmə qonaqları, görkəmi dəyişmiş salonu, səhnəni gözdən keçirirlər. Zaldakı intizar və maraq səhnə arxasına da sirayət edir. Aparıcı da, direktor da, baş rejissor da gah qonaq siyahısını gözdən keçirir, gah çıxışçıları dəqiqləşdirir, gah da səhnəciklər üçün növbəsini gözləyən qonaq teatrların nizamını izləyirlər. Kuklaçılar da uşaq kimi bağlı pərdənin sağ-solunu xəfifcə aralayaraq salonu gözdən keçirir, öz aralarında pıçıldaşırlar. Hiss olunur ki, həyəcandan lap balaca uşaq kimi bir yerdə qərar tuta bilmirlər.

Qısa salamlamadan sonra alqışların müşayiətində teatrın tarixi – dünəni və bu günü ilə bağlı videoçarxı izləyirik.

Mədəniyyət naziri Anar Kərimovun kollektivə təbrik məktubunu nazirliyin Teatr sektorunun müdiri Könül Cəfərova oxuyur.

Ardınca Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubovun təbriklərini eşidirik.

Teatrın keçdiyi yola nəzər salıb, onun bölgənin mədəni həyatında rolunu qeyd edən çıxışçılar kollektivə yeni yaradıcılıq uğurları arzulayırlar.

Kollektivə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı da təqdim edilir. Sonra A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, eləcə də Gəncə, Salyan kukla teatrlarının sazlı-sözlü təbrikləri dinlənilib, izlənilir. Qonşu kollektiv və sadiq dost kimi Yevlax Xalq teatrı da yubiley təbriklərinə qoşulur.

Son sözü ev sahibləri – teatrın direktoru Seymur Vəliyev və baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov deyirlər. Qonaqlara təşəkkür edib, sevinclərini onlarla bölüşən teatr təmsilçiləri qarşıda duran məqsəd və vəzifələrindən, teatrın gələcək yaradıcılıq planlarından qısa söz açırlar. Kollektivə olan dıqqətin, tamaşaçı sevgisinin onlara böyük dayaq olduğunu, qaxlı teatrsevərlərin bu sənət ocağına böyük təəssübkeşliklə yanaşdıqlarını etiraf edirlər. Bundan sonra da Qax teatrının sorağının fərqli səhnələrdən gələcəyinin vədini də verdikdən sonra yeni tamaşalarını – “Biz mehriban ailəyik”i elan edərək səhnədən enirlər. Səhnə kuklaçılara verilir.

Osman Abdullayevin pyesi əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, quruluşçu rəssamı Mais Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyev idi.

Demək olar ki, bütün truppanın oynadığı tamaşada mövzu da, ifadə də, ideya da arzulanan idi: təki həmişə sülh və əmin-amanlıq olsun. Həm dünyada, həm meşədə (hadisələr orada cərəyan edir), elə həm də teatrda. Sözsüz ki, bu da kimdən asılıdır? O teatrda çalışan rəhbərdən nəzarətçiyə – hər kəsdən.

Sizli-bizli hamını mehriban, bərabər və səmimi olmağa səsləyən “Biz mehriban ailəyik” və ertəsi gün sırf qonaqlar üçün nümayiş olunan “Xeyir və Şər” tamaşaları barəsində,  ümumən qax və qaxlılar haqqında növbəti yazı-təəssüratımda ətraflı söz acacağam.

Sonda qayıdıram əvvəldə söz etdiyim qeyd-eyhama. Teatr nüvəsində fədakarlıq və sevgi barındıran sirr dolu bir məkandır. Elm, texnika nə qədər inkişaf edib, insan oğlu nə təhər icadlar etsə də, teatrın mistik gücü, cəzbetmə qabiliyyəti itməyəcək. Ola bilər ki, say azalıb, həlqə daralacaq, amma nə qırılacaq, nə də nizam pozulacaq. Fərdlər gedib nəsillər bir-birini əvəz eləsə də, teatr ona sevgi ilə, özü də tapınacaq qədər bağlı insanlarsız qalmayacaq. Sizlər və bizlər olmasaq da, səhnə, sənət olub və olacaq. Odur ki, sadəcə, teatrı sevək və ona xidmət edək. Bütün olub-olacaqları düşünmədən. Çünki sonunu düşünən qəhrəman olmur. Heç teatr da bəsit qəhrəmanları, “yel dəyirmanları ilə döyüşən cəngavərləri” sevmir...

Həmidə Nizamiqızı
Qax-Bakı