Bu il Bakı Bələdiyyə Teatrının fəaliyyətə başlamasının 30 illiyidir. Noyabrın 15-də teatrın yubiley gecəsi keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili, akademik Rafael Hüseynov, Azərbaycanın Vatikan Dövlətindəki səfiri İlqar Muxtarov, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, tanınmış mədəniyyət, incəsənət xadimləri, sənətsevərlər iştirak ediblər.
Öncə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edərək mədəniyyət naziri Anar Kərimovun Bakı Bələdiyyə Teatrının kollektivinə yubiley münasibətilə təbriklərini çatdırıb. O, həmçinin nazirliyin müvafiq əmri ilə teatrın bir qrup əməkdaşının fəxri fərmanla təltif olunduqlarını bildirib və təltifləri sahiblərinə təqdim edib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri müavini, Xalq artisti Hacı İsmayılov ittifaqın sədri, Xalq artisti Azər Paşa Nemətovun xoş diləklərini kollektivə çatdırdıqdan sonra ATXİ-nin teatrın bir qrup sənətçisinə “Sənətkar” medalı, fəxri fərman və “Qızılgül” mükafatları təqdim olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin yubiley təbrik məktubunu ittifaqın katibi, Xalq artisti Həmidə Ömərova oxuyub.
Gecədə digər çıxış edənlər də teatrın yubileyi ilə bağlı kollektivə təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıblar.
Çıxışlardan sonra Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra yubilyar teatrın Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırladığı “Şuşada ürəyim qaldı” tamaşasının premyerası olub.
Tamaşanı səhnələşdirəni və quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Eldar Mansurovdur. Əsas rolları İsmayıl Atakişiyev, Rəşad Kəsəmənli, Rafiq İbrahimov, Əməkdar artistlər Hüsniyyə Mürvətova, Əfqan Soltanov, həmçinin Zülfiyyə Qurbanova, Asif Rəhimov və başqaları oynayıblar.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə, eyni zamanda Bakı Bələdiyyə Teatrının 30 illik yubileyinə həsr olunan “Şuşada ürəyim qaldı” tamaşasında tarixən Azərbaycan xalqının başına gətirilən müsibətlər və ölkəmizin bu bəlaların içindən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışması diqqət mərkəzinə çəkilir. Çar Rusiyasının general Sisianovun Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda törətdiyi faciələrdən danışan və İbrahim xanın qızı Ağabəyim ağanın başına gətirilən müsibətlərdən bəhs edən səhnə əsərində Azərbaycan xanlıqlarının ayrı-ayrı dövlətlərdən ibarət olsa da, əslində, müstəqilliyimizin əsasını qoymağa çalışmaları göz önünə gətirilir.
Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Mədəniyyətimizin böyük hamisi, ulu öndər Heydər Əliyev teatrın fəaliyyətinə xeyir-dua verib, diqqət və qayğı göstərib. Bu illər ərzində yerli və xarici müəlliflərin çoxsaylı əsərlərinə səhnə həyatı verən kollektiv müasir Azərbaycan teatrının inkişafında öz imzasını qoyub.