Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

129 il əvvəl...

25 noyabr 1893-cü ildə türk mədəniyyəti tarixində mühüm hadisə baş verib. Danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuduğunu bildirib. İlk olaraq “Tanrı” və “türk” sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.

 

117 il əvvəl...

24 noyabr 1905-ci ildə Rusiyada inqilabi hərəkat yeni mərhələyə keçib. Qara dəniz donanmasının Sevastopol limanındakı gəmilərində leytenant Pyotr Şmidtin başçılığı ilə matrosların qiyamı başlanıb. “Oçakov” gəmisində ilk dəfə qırmızı bayraq qaldırılıb. İki mindən çox matrosu əhatə edən qiyam tezliklə yatırıldı və Şmidt güllələndi (1906).

 

104 il əvvəl...

22 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiq edib. Bu tarix Azərbaycan ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

79 il əvvəl...

22 noyabr 1943-cü ildə Livan müstəqilliyini elan edib. XVI əsrdən 1918-ci ilədək Osmanlı imperiyasının tərkibində olan Livan daha sonra Fransanın mandatı altına keçmişdi. Müstəqilliyin ilk dövrü Livanda xristian-müsəlman toqquşmaları, 1975-1990-cı illər vətəndaş müharibəsi ilə müşayiət olunub. Konfessiyalararası razılaşmaya görə, ölkədə prezident xristian, baş nazir müsəlman-sünni, parlamentin sədri müsəlman-şiə olmalı, hökumətdə yerlər xristian və  müsəlmanlar arasında bərabər bölünməlidir. Livan dünyada əhalinin ən sıx (ərazisi 10,5 min kv km, əhalisi 8 milyon) yaşadığı ölkədir.

 

73 il əvvəl...

22 noyabr 1949-cu ildə Sumqayıt şəhərinin yarandığı gündür. Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə burada istilik elektrik stansiyasının tikintisi ilə başlanıb. 40-cı illərdə kimya və metallurgiya zavodlarının təməli qoyulub. Şəhərin tikintisində SSRİ-nin bütün respublikalarından inşaatçı dəstələr iştirak edib. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.

 

67 il əvvəl...

23 noyabr 1955-ci ildə SSRİ-də hidrogen bombasının ilk sınağı keçirilib. Bombanın gücü Xirosimaya atılan atom bombasından 300 dəfə güclü idi. Onun müəllifləri isə tanınmış sovet “atomçu”ları Saxarov və Zeldoviç idi.

 

66 il əvvəl...

24 noyabr 1956-cı ildə Sov.İKP MK 40-cı illərdə Stalin tərəfindən repressiyaya məruz qalmış xalqların reabilitasiyası haqqında qərar qəbul edib.

 

59 il əvvəl...

22 noyabr 1963-cü ildə ABŞ-ın Texas ştatının Dallas şəhərində Prezident Con Fitscerald Kennedi qətlə yetirilib. ABŞ-ın 35-ci prezidenti növbəti seçki kampaniyasında iştirak etmək üçün Dallasa gəlmişdi. Prezidenti üç atəşlə qətlə yetirən ABŞ dəniz piyadası Li Osvald özü də iki gün sonra həbsxanaya aparılarkən Kennedinin pərəstişkarı Cek Rubi tərəfindən öldürüldü.

 

40 il əvvəl...

22 noyabr 1982-ci ildə Heydər Əliyev SSRİ-nin ali rəhbərliyinə – Sov.İKP MK Siyasi Bürosuna üzv (1978-ci ildən Siyasi Büro üzvlüyünə namizəd idi) seçilib. İki gün sonra o, həmçinin SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini təyin edilib. Sovet İttifaqında ilk dəfə olaraq belə yüksək posta müsəlman-türk respublikasının nümayəndəsi yüksəlmişdi. Heydər Əliyev 1987-ci ilin 21 və 23 oktyabrında hər iki vəzifədən istefa verdi.

 

19 il əvvəl...

23 noyabr 2003-cü ildə Gürcüstanda parlament seçkiləri (2 noyabr) ilə bağlı etiraz  aksiyaları Prezident Eduard Şevardnadzeni istefa verməyə məcbur edib. Mixail Saakaşvili və silahdaşlarının rəhbərliyi altında “məxmər inqilab” baş verib, seçkilərin nəticələri ləğv olunub. 2004-cü ilin yanvarında Saakaşvili prezident seçildi, mart ayında isə onun tərəfdarları yeni parlament seçkilərində qalib gəldilər.

 

15 il əvvəl...

22 noyabr 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan hissəsinin (Tbilisi-Axalkalaki-Türkiyə sərhədi) təməlatma mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri İlham Əliyev, Mixail Saakaşvili və Abdullah Gül iştirak ediblər. Bakı-Tbilisi-Qars dəmiryolu xətti 30 oktyabr 2017-ci ildə istifadəyə verildi.

Hazırladı: V.Orxan