Özbəkistanın Mədəniyyət və İncəsənətin İnkişaf Fondunun dəstəyi ilə Daşkənddə Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında müzikl tamaşaya qoyulub.

Özbək ədəbiyyatında roman janrının ilk nümunəsi sayılan “Ötən günlər” 1926-cı ildə kitab halında nəşr olunub. Romanda mərgilanlı gözəl Gümüş ilə daşkəndli igid Atabəyin faciəli məhəbbəti özbək xalqının tarixindəki ən mühüm mərhələlərdən birinin – XIX əsrin ortalarındakı hadisələrin fonunda cərəyan edir.

Abdulla Qədirinin sağlığında böyük şöhrət tapmış roman, müəllif repressiya qurbanı olduqdan sonra qadağan edilsə də, ona maraq heç vaxt səngiməyib. Əsər müxtəlif dillərə tərcümə olunub, Azərbaycanda geniş oxucu rəğbəti qazanıb.

İndisə roman ilk özbək milli müzikli kimi yenidən sənət gündəminə gəlməyə hazırlaşır. Fonddan verilən məlumata görə, dünyanı özbək ədəbiyyatının incisi ilə tanış etmək üçün bu əsərə müraciət edilib. Müziklin premyerası 2023-cü ilin avqust ayına planlaşdırılır.

Quruluşun əsas ideyası – ənənə və texnologiyanı elə bir tərzdə birləşdirməkdən ibarətdir ki, klassik roman bugünkü görmə bucağından həm yetkin, həm də gənc auditoriya üçün maraqlı olsun. Çünki əsərdə toxunulan bir sıra problemlər bu gün də cəmiyyətdə öz aktuallığını itirməyib.

Müziklin baş rejissoru Aleksey Frandetti əslən Daşkənddəndir. Rusiyada bir çox müzikllərə quruluş vermiş rejissor “Rossiya – Kultura” telekanalının layihəsi olan “Böyük müzikl” proqramının təşəbbüsçüsü kimi daha çox tanınıb. Hazırda “Lenkom” teatrının baş rejissorudur. Tamaşa üzərində yerli və əcnəbi ssenoqraflar, dramaturq, geyim üzrə rəssamlar, aranjimançı və xoreoqraflardan ibarət beynəlmiləl heyət çalışacaq. Aktyor heyətinə gəlincə, iştirakçılar özbək teatr və kino artistlərinin arasından seçiləcək.

İlk milli özbək müziklinin quruluşçu rejissoru layihə barədə fikrini belə ifadə edib: “Dünyaya gəldiyim, insanları sevməyi öyrəndiyim, şəxsiyyət kimi formalaşmağımda böyük rolu olmuş doğma şəhərə qayıtmaq mənə çox xoşdur. Bir zamanlar “Ötən günlər” romanını mənə nənəm oxumuşdu. Bu gün Rusiya və Avropa teatrlarında tamaşa qurmaq təcrübəsi qazandıqdan sonra öz bilik və bacarığımı Daşkənd səhnəsində istifadə edə biləcəyim üçün qürur duyuram”.

Gülcahan