Özbəkistanın balet və opera sənətçilərinin Bakı qastrolundan yaddaşa köçənlər
Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan və Özbəkistan arasında genişlənən mədəni əlaqələr çərçivəsində Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Bakıda qastrol səfərində oldu.
Vokal və balet truppaları, xor və simfonik orkestrdən ibarət heyət paytaxtımıza teatrın repertuarından iki əsər – “Humo” baletini və “Riqoletto” operasını gətirmişdi.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində gerçəkləşən hər iki tamaşa sənətsevərlər tərəfindən maraqla qarşılandı. İstər özbək xalqının şifahi xalq ədəbiyyatı nümunəsinin balet kimi unikal və zərif sənət növünə inteqrasiyası, istərsə də vətəni Avropa olan opera incisinin özbək vokalçıların ifasında təqdimatı maraqlı və fərqli zövqün nümunəsi idi. Bu həm də onun isbatı idi ki, sənətin, musiqinin, səhnənin imkanları və təsir gücü onun dinləyicisi, izləyicisi olan hər yerdə arzulanandır.
Qonaq kollektiv noyabrın 16-da Özbəkistanın Əməkdar incəsənət xadimi, bəstəkar və dirijor Ənvər Erqaşovun (1954-2021) “Humo” baletini (dirijor Əzəmxan Əhmədov) təqdim etdi.
Qeyd edək ki, tamaşanın quruluşçu baletmeysteri Gürcüstanın Xalq artisti Georgi Aleksidze, baletmeysteri Özbəkistanın Əməkdar artisti Nazimə Həsənova, quruluşçu rəssamı Özbəkistanın Əməkdar mədəniyyət işçisi Zubaydullo Batırovdur. Premyerası 2005-ci ildə olan baletə görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət mükafatına layiq görülüb.
Tamaşada xeyirlə şərin mübarizəsindən bəhs olunur. Xeyir şər qüvvələr üzərində zəfər çalır. Bir çox Şərq xalqlarının mifik təfəkküründə olduğu kimi, özbəklərin folklorunda da xüsusi yerə sahib Humo (Humay) quşu isə xeyirxahlıq və ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.
İki pərdədən ibarət romantik nağıl baletində bütün hadisələrin mərkəzində o var – Humo. Sehrli pəri-quş getdiyi hər yerə gözəllik, xoşbəxtlik və sevgi aparır. Axı, o, Yer üzünü dolaşaraq sevgi və sülh üçün tüklərini tökür və yenidən qol-qanad açana qədər aləm səadətə qərq olur. Günlərin bir günü dağları dolaşıb, uzun yolları qət edən mahir dulusçu Zərgər Humonun məmləkətinə gəlir. Su sonası kimi səf tutan pəri-qızlardan birinə – Züleyxaya aşiq olur.
Gözəlliyi ilə bir çoxlarını heyran edən, lakin kimsəyə könül verməyən Züleyxa da Zərgərə aşiq olur. Amma onların vüsalı qısa sürür. Zalım və tamahkar hökmdar Harun da ona göz dikib. Odur ki, min cür hiyləyə əl ataraq o gözəlliyi ələ keçirmək istəyir. Buna görə bədxah ovçusu Mənsuru, həmçinin digər güclərini də işə qoşur. Onlar Züleyxanı oğurlayaraq saraya aparırlar.
Amma ədalət zəfər çalır. Dərvişin köməyi ilə sevgilisini azad edən Zərgər Humonun sehrli gücü ilə birləşib, səadətlərinə qovuşurlar. Beləcə, o vaxtdan Humo firavanlıq və ədalət simvolu kimi də əfsanəyə dönüb, bütün aşiqlərin qəlbində özünə yer tutur.
Musiqi ilə mövzunun mükəmməl harmoniyası, özbək milli rəqs və geyimlərinin baletin ayrı-ayrı pərdələrində incəliklə, özü də müxtəlif vaxtlarda, həm də yerində həlli maraqlı, ecazkar bir mənzərə yaradırdı. Mürəkkəb xoreoqrafik elementləri, xüsusən eyni tarazlıqda hərəkət-ifadələrdə qüsursuz sinxronluq, minimalist yanaşma, xüsusən kütləvi səhnələrdə vahid nizama xələl gətirməyən temp dəqiq xoreoqrafik aktın sürəkli alqışlanması ilə nəticələndi.
Ümumilikdə balet nümunəsi zərifliyi, ifaçıların ustalığı və quruluşunda milli elementlərin çoxşaxəli sintezi ilə tamaşaçıların rəğbətini qazana və müasir özbək balet sənətinin səviyyəsini göstərə bildi.
Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin paytaxtımızda ikinci tamaşası da yaddaqalan oldu. İtalyan bəstəkarı Cüzeppe Verdinin məşhur “Riqoletto” operasının (dirijor Denis Vlasenko) tamaşası da səfər proqramı üçün uğurlu seçim hesab oluna bilər.
Əsas partiyaları Özbəkistanın opera ulduzları – Xalq artistləri Şükür Qafurov və Ramiz Usmanovun ifa etdiyi bu klassik opera nümunəsi (quruluşçu rejissor Ruslan Şerezdanov) özünün ənənəvi mövzusu ilə əslində, azərbaycanlı operasevərlərə çoxdan tanışdır. Sadəcə, bəlli mövzuya fərqli səs və ifa texnikalarında baxmaq müqayisə və fərqlərin analizi üçün də vacibdir.
“Riqoletto” Verdi yaradıcılığının zirvəsidir və bizim Opera və Balet Teatrının çoxsaylı tamaşaçıları tərəfindən ən çox sevilən operalardan biridir. Bu mənada Verdi musiqisinin gözəlliyi və əzəməti, müğənnilərin güclü və emosional təsirli səsləri, gözəl tərtibat və geyimlər tamaşanı unudulmaz edə bildi.
Sənətsevərlərə bəlli olduğu kimi, operanın əsasını Viktor Hüqonun “Kral əylənir” əsərinin süjet xətti təşkil edir. Bu, acınacaqlı sonluqla bitən romantik dramdır və o, Mantuanın əxlaqsız və həyasız hersoqundan bəhs edir. Zarafatcıl Riqoletto qızının namusunu təhqir etdiyinə görə ondan qisas almağa çalışır. Qəddar qisas planlaşdıran Riqoletto istəmədən qızının qatilinə çevrilir.
Tamaşaçılar bəlli hekayənin özbək vokalçılarının ifadə imkanlarında təsvirinə qapana və hadisələrin təsiri altına düşə bildilər. Bu işdə sözsüz ki, əsas partiya ifaçıları ilə yanaşı, ecazkar xorun (baş xormeyster Özbəkistanın Xalq artisti Süleyman Şadmanov) da payı az deyildi.
Qısacası, iki axşam Bakı səhnəsində sənətsevərlər özbək opera və balet sənəti təmsilçilərinin valehedici çıxış imkanına malik olduğunu gördülər və onların klassik irsə qatdıqları özəllikləri alqışladılar.
Həmidə Nizamiqızı