Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 25-30 noyabr tarixində Bakıda II “4.4” Qısa Tamaşalar Festivalı keçiriləcək.
Təşkilat komitəsi festivalın proqramını müəyyənləşdirib. Festivala təqdim olunan 20-dən artıq tamaşadan 12-si müsabiqə proqramına daxil edilib. Bu tamaşaların 6-sı Bakıda, 4-ü rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür. Sənət yarışına dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb.
Bundan əlavə, festivalın proqramında ölkənin müxtəlif teatrlarının repertuarından seçilmiş 7 müsabiqədənkənar tamaşa yer alıb.
Builki festivalın özəlliklərindən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının təqdimatında Lev Tolstoyun eyniadlı povesti əsasında “Kreyser sonatası”na baxa biləcəklər.
Tamaşalar Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Pantomima və Kukla teatrlarında nümayiş olunacaq.
Festivalın proqramı yalnız tamaşalarla bitmir. Teatr mütəxəssislərinin ustad dərsləri, treninqlər və panel müzakirələri də nəzərdə tutulub. Noyabrın 24-də Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının (Türkiyə) professoru Cahangir Novruzovun “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” mövzulu treninqi (ADMİU), noyabrın 30-da Tbilisi Beynəlxalq Teatr Festivalının art-direktoru Yekaterina Mazmişvili və Tbilisi Beynəlxalq Teatr Festivalının prodüseri Nutsa Burjanadzenin, habelə K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının bədii rəhbəri Levan Tsuladzenin iştirakı ustad dərsləri ilə (Akademik Musiqili Teatr) olacaq.