Noyabrın 22-də dünya şöhrətli bəstəkar, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun (1922–1984) anadan olmasının 100-cü ildönümü tamam oldu. Dövlət başçısının sərəncamına əsasən dahi bəstəkarın yubileyi ölkəmizdə və xaricdə müxtəlif təbirlərlə qeyd olunur.
Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü ilə Fikrət Əmirovun 100 illiyi münasibətilə Gəncədə ilk musiqi məktəbinin və Musiqi Texnikumunun yaranmasında böyük rolu olan Məşədi Cəmil Əmirovun (bəstəkarın atası) qəbri ziyarət edilib. Ziyarətdə idarə rəisi Vasif Cənnətov, regional idarənin əməkdaşları, Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbinin direktoru Aidə Əmrahova və müəllimlər iştirak ediblər.
Samux rayon Sərkar kənd Uşaq musiqi məktəbində keçirilən tədbirdə əvvəlcə məktəbin nəzəriyyə şöbəsinin müəllimi İlahə Bayramova bəstəkarın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Sonra müəllimlərin ifasında bəstəkarın bir sıra əsərləri səsləndirilib.
***
Şəki RMİ Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin kollektivi tərəfindən Şəki Dövlət Regional Kollecində Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib. İdarə rəisi Azər Yusubov bildirib ki, geniş və rəngarəng yaradıcılığa malik bəstəkar Cəfər Cabbarlının eyniadlı pyesi əsasında yazdığı “Sevil” operası ilə Azərbaycanda musiqi mədəniyyətində lirik-psixoloji operanın əsasını qoyub. Dahi bəstəkarın “Min bir gecə” baleti isə dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. Bəstəkar həmçinin musiqi mədəniyyətimizə “Şur”, “Kürd ovşarı” və “Gülüstan – Bayatı-Şiraz” kimi simfonik muğamlar, “Nizami” baleti, “Nizami” simfoniyası və s. dəyərli əsərlər bəxş etmişdir.
Balakən şəhər Uşaq incəsənət məktəbinin bir qrup müəllim və şagirdi F.Əmirovun yubileyi ilə əlaqədar bəstəkarın I Fəxri xiyabanda məzarını ziyarət ediblər.