Sumqayıt Dövlət Dram Teatrından yeni xəbər var. Noyabrın 27-də sənət ocağı növbəti premyera tamaşasını teatrsevərlərin ixtiyarına verəcək.

Rejissor Fuad Kazımov bu dəfə Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına müraciət edərək, onun “Kimdir müqəssir?!” pyesinə maraqlı traktovka verməyə çalışıb.

Klassik nümunəyə rejissor tərəfindən əlavə edilmiş Şeytan obrazı hadisələri qarışdırır, ərlə arvad arasındakı mübahisəni kulminasiya nöqtəsinə çatdırır, bir növ nağılçı missiyasını boynuna götürür. Tamaşanı iki heyət oynayır. Dağlar Rüstəmovla Vəfa Qurbanovanı gənclər Elay Xasıyev və Məryəm Hüseynli əvəz edirlər. Şeytan obrazını isə hər iki heyətdə Elmir Mehdiyev canlandırır.

Lirik-psixoloji komediya ruhunda yozulan tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Plastik elementlərlə zəngin tamaşada rəqslərin quruluşçusu isə Yusif Dadaşovdur.

Həmidə