“Kəşfiyyat ordunun görən gözüdür. Məqsədimiz hərbi qulluqçulardan peşəkar kəşfiyyatçı yetişdirməkdir. Mən fəxr edirəm ki, kəşfiyyatçıyam”.
Bu fikirlər Vətən müharibəsinin şəhid mayoru, kəşfiyyatçı Elçin Mansurova məxsusdur. Bu gün qəhrəman döyüşçünün doğum günüdür.
Elçin Elşən oğlu Mansurov 25 noyabr 1984-cü ildə Yardımlının Kürəkçi kəndində dünyaya göz açıb. Kənd məktəbini başa vurub Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. 2003-cü ildə təhsilini bitirib bir müddət Silahlı Qüvvələrin təlim mərkəzində xidmət edir. Daha sonra Tovuz, Murovda, Füzuli bölgələrində düşmənlə təmas xəttində düz 13 il xidmət aparır. Qorxmaz kəşfiyyatçı ən çətin tapşırıqlardan üzüağ qayıdır. 2016-cı ilin Aprel döyüşlərində də qəhrəmanlıqla döyüşür. Rütbəyə, şöhrətə, ada can atmayan, sadə komandir olaraq zabit və əsgərlərin sevimlisinə çevrilir. Xidmət illəri ərzində 6 medala layiq görülür.
Ancaq Elçin Mansurov Qarabağı azad görmək istəyi ilə nəfəs alırdı. İkinci Qarabağ müharibəsi başlayanda 24 nəfərlik kəşfiyyatçı qrupu ilə yenə ön sırada, qaynar nöqtələrdə idi. Döyüş başlanan zaman bir neçə saat ərzində erməni faşistlərini məhv edərək üç mühüm postu ələ keçirirlər. Onların ikinci hücumu zamanı isə cəmi 45 dəqiqə ərzində iki erməni qrupu darmadağın olunur, strateji əhəmiyyətli daha iki post düşməndən təmizlənir.
İgid komandir tabeliyindəki qrupdan ayrılıb düşmən bölmələrinin yerləşdiyi dərinliklərə təkbaşına daxil olur. Onlarla düşmən əsgərini məhv edir. Geri qayıdan zaman düşmən snayperinə tuş gəlir. Elçin Mansurov elə müharibənin ilk günü – sentyabrın 27-də Füzuli ərazisində şəhadətə qovuşur. Ancaq cənazəsi oktyabrın 11-də döyüş meydanından götürülür, Bakıda II Fəxri xiyabanda böyük izdihamla torpağa tapşırılır.
Dövlət başçısının sərəncamları ilə Elçin Mansurov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, “İgidliyə görə”, həmçinin Füzuli və Xocavəndin azad olunmasına görə medallarına layiq görülüb.
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü