Bu, Qaxa payızda ilk səfərim idi. Sizli-bizli yaz-yayı oraları ayaqdan salıb, naz-nemətindən, ələlxüsus da havasından, suyundan xeyli faydalanırıq. Qucaq-qucaq səfa ilə, şəfa ilə dönürük Qaxdan.

Bu payızda yolçuluğum bir ayrı xoş ovqat yaratdı məndə. İstirahət həvəskarlarının təkəmseyrək olduğu Qaxla baş-başa qala bildim. Zaman az olsa da, İlisudan bağlı bazara, teatrdan muzeyə gəzib-dolaşa bildim.

Qax səfərim haqqında öncəki yazımı oxuyanlar bilir ki, yurdumuzun bu guşəsində payızın sapsarı vaxtında, oranın göyünün gur-gur guruldayıb, yağışının şırhaşır yağan vaxtında getməyimin özəl səbəbi var idi: Qax Dövlət Kukla Teatrının 50 illik yubileyi.

Bu möhtəşəm mədəniyyət hadisəsi, sənət bayramında iştirakın zövqü iki gün çəkdi və 14-15 noyabr tarixləri mənim üçün yaddaqalan, maraqlı və dolğun oldu.

Qax və qaxlılar hər zaman qonaq-qaralı olsalar da, bəzi turizm bölgələrinə xas turistə kapital kimi baxmaqları da yoxdur. Onlar üçün əsas olan rayonları haqqında xoş təəssüratdır. Bunu hotel xidmətçisindən bazar alverçisinə, restoran inzibatçısından taksi sürücüsünə hər kəsdən hiss etdim. Hə, bir də qəribə, bir az da adamı xoşhal edən rahatlıqları var. Sənə elə gəlir ki, onların heç vecinə də deyilsən. Amma, əslində, diqqətcil və çox mehribandırlar.

Qaxda olduğum iki gündə günəş də bütün səxavəti ilə gülümsəyir, əlin çatacaq qədər yaxın təəssüratı yaradan sıx meşəli dağların arxasından cəsarətlə şəfəqlərini ətrafa səpələyir, adama “Getmə, qal” deyirdi.

Qax Dövlət Kukla Teatrında yubiley ertəsi iki tamaşaya baxacaqdıq: “Biz mehriban ailəyik”, “Xeyir və Şər”. İlk nümayiş səhər saat 11:00-da idi.

Günəşi ilk görüşündə salamlayan qonaqlardan biri kimi məni də yuxu tutmadı və sakitliyin meydan oxuduğu parkda xeyli dolaşdım. Sonra Bakıdan birgə gəldiyimiz dostlar da mənə qoşuldu. Qərara gəldik ki, yaxınlıqdakı bağlı bazara gedək.

 

Qax bazarında

 

Qax teatrının qayğıkeş əməkdaşı Şövkət bəyin müşayiəti ilə bazara daxil oluruq. O, mehribanlıqla qulağıma pıçıldayır: “Siz baxın, seçin, kənara durun. Qiymət soruşmağı mənə həvalə edin. Düzdü, qaxlılar adamaldadan döyüllər. Amma bazardı, ticarətdi də...” deyib göz vurur. Onun bu yumoruna mən də eyni əda ilə – əlimi gicgahıma yaxınlaşdırıb “Baş üstə, komandir” işarəsini verirəm.

Sakitlikdir. Hər tərəfdə təmizlik, səliqə-sahman göz oxşayır. Sanki bazara yox, kənd təsərrüfatı sərgisinə gəlmisən. Hərçənd Bakıda son getdiyim kənd təsərrüfatı malları satış-sərgisində bu sahmandan əsər yox idi.

Məsləhətə uyğun olaraq almaq istədiklərimi  jest və mimika ilə işarə edirəm. Kəklikotu, çayotu, qollu-budaqlı zirinc, çaytikanı kolu, bir qismət də qoz-fındıq tədarük edəndən sonra gəldik əsas məsələyə – sumağa. Hə, mərəkə də bundan sonra başladı. Yox, özü də deyəsən, bu, təkcə bələdçimiz Şövkət müəllim üçün yox, ümumən bazar əhli üçün prinsipial məsələ idi. Çünki vitrinə yaxınlaşıb sumaqlara əl uzatdığım zaman satıcılar “Yox, bu qonaqlıq döyül. Özümüzü rüsvay eliyəsi döyülüh ha” deyib başqa bir vitrini nişan verirdilər. Bələdçimiz bizi bazarın lap qurtaracağına gətirdi. Şirindil sumaqsatan (ondan başqa heç nə satmır) ovcuma bir çimdik sumaq tökdü, “Sən almasan da, arxanca ağlayası döyül. Dadına bax” deyib gülümsündü. Sonra bələdçimizə baxıb “Teatr adamlarıyla gərək teatr çıxardan kimi danışasan” deyib qəşş elədi. Məhz bu replikasından sonra sumaq almaq fikri olmayanlar da hərəsi bir fincan məhsul aldı...

 

Yubiley tamaşaları

 

Axşamkı yubiley ziyafətinin xoş əhvalı simalarına hopan teatrın əməkdaşları artıq iş başındadır. Ön sıralarında da direktor Seymur Vəliyev. Yenə diqqətlə bizi qarşılayıb, hal-əhval tutur. Sonra “Dünən baş xeyli qarışıq idi, sizləri teatrla yaxından tanış edə bilmədim. Buyurun, birlikdə gəzib təəssüratınızı zənginləşdirək” dedi.

Əvvəlcə sahmanlı həyəti dolaşırıq. Ürəkaçan işləri, gözədəyən nəticələri alqışladıqdan sonra xidməti otaqlara keçirik. Səliqəli inzibati otaqlar artıq isti və rahatdır. Bu “isti” sözünü ona görə xüsusi vurğuladım ki, teatrda istilik (kombi, kondisioner) sistemi yalnız bir neçə ay öncə qurulub. Yəni qaxlı kuklaçılar və kuklasevərlər artıq tamaşalarını soyuqla döyüşə-döyüşə hazırlayıb izləməyəcəklər.

Direktor və baş rejissorun bələdçiliyi ilə rekvizitlərin saxlanıldığı, kuklaların hazırlandığı və cəmləndiyi iri otağa da baxırıq. Kuklaların hazırlanma texnikaları, rəssam və konstruktorların iş üslubu ilə tanış oluruq. Fərqli texnikalarda hazırlanan kuklaların sayı az olsa da, kolleksiyaları zəngindir.

Bu məqamda bir arzumu da dilə gətirim: yaxşı olar ki, qaxlı kuklaçılar tamaşaların hazırlanması zamanı kuklaların sayından çox, onların texniki funksionallığına (hərəkətliliyinə) diqqət etsinlər...

Kuklaların, səhnə geyimlərinin hazırlıq prosesi ilə tanış olduqdan sonra proqrama uyğun olaraq tamaşaları izləyirik.

İlk olaraq bayram ovqatına köklənən “Biz mehriban ailəyik”ə baxırıq. Xub, nəinki səhnədə, məncə, elə hər yerdə mehriban olsaq yaxşıdır. Ələlxüsus da teatrda, kulisdə, səhnə arxasında. Çünki səhnə, sənət səmimiyyət, fədakarlıq və sənətin birləşdirdiyi insanların böyük sevgisi ilə yaşayır. Bu, öz yerində.

Yubiley tamaşası 10 aktyorun çiynində ərsəyə gəlib. Ümumən, bildiyim qədər, truppadakı aktyor sayı da məhz bu qədərdir. Osman Abdullayevin pyesinə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov quruluş verib. Rəssamı isə Mais Abdullayevdir. Musiqili tamaşada hadisələr meşədə baş verir.

Teatrın yubileyinə sürpriz hazırlamaq istəyən meşə sakinləri həyəcanla tədarükdədirlər. Amma onların bu sevincini gözündə qoymaq istəyən şər qüvvələr – yəni səhnə dili ilə desək, mənfi personajlar da var. Əslində, onların da arzusu məsumdur: səhnədə olmaq, həmin yubileyə qatılmaq.

Rejissor uşaqlı-böyüklü hər birimizə yaxşı tanış olan nağıl personajlarını, fərqli əsatirlərin qəhrəmanlarını, xülasə, rekvizitdəki əksər gözəgəlimli kuklaları da bu işə cəlb edib və özünəməxsus mesajları, sətiraltı eyhamları olan tamaşa hazırlayıb.

Üzümüzə təbəssüm qondurub əhvalımızı xoş etməyi bacaran səhnə işinin gözəl görünən texniki və bədii qüsurlarını, uşaq teatrı, kukla tamaşasının təməl prinsiplərini 3-4 elementdə ciddi şəkildə pozan detalları nəzərə almasaq, baxımlı tamaşa hasil olmuşdu.

Aktyorların əziyyəti, tamaşaçı ilə sürətli rabitə cəhdi də yaxşı idi. Diksiya və səslə işdəki müəyyən qüsurlar nəzərə çarpsa da, oyunlarına qatdıqları dinamika ilə bunu örtməyə çalışırdılar.

Düzü, təhlil baxımından mövzunu daha da genişləndirmək olardı. Amma bayram ovqatına və özümə verdiyim yarızarafat “Qonaqsan, yerini bil” tənbehimə əməl edib keçirəm ikinci tamaşaya. Hə, qoy bir-iki cümləni də yazım, sonra.

Hörmətli rejissorlar və rəssamlar, kukla tamaşalarında ana prinsip kuklanın funksionallığı və aktyorun kukla idarəetmə qabiliyyətidir. Bunu nəzərə alaraq bir aktyoru 5-6 kukla (rol) ilə yükləməkdənsə, az kukla ilə oyun texnikası baxımdan daha optimal, səliqəli və baxımlı iş hasil etmək olar. Üstəlik, müasir uşaqlar kukladan müqəvvalıq yox, hərəkətlilik gözləyir...

Teatrın repertuarında çoxdan özünə yer tapan maraqlı tamaşalardan biridir dahi Nizami Gəncəvinin poeması əsasında hazırlanan “Xeyir və Şər”. Birhissəli tamaşada canlı plan daha maraqlı, baxımlı alınmışdı. Odur ki, ayrılıqda qeyd etməyi özümə borc bilirəm: Xeyir (canlı) – İlmar Abdullayev, Şər (canlı) – Araz Mehrablı, Xeyir (kuklada) – Afət Yaqubova, Şər (kuklada) – Azər Kərimov, həmçinin Şahzadə – Aynurə Abbasova, Qulluqçu – Elnarə Razıyeva.

Canlı planda aktyor oyunu, ikilinin təsirli dialoqu, tamaşanın plastikasında özünəməxsusluq var idi. Tərtibatdakı əngəlləri, daha doğrusu, izafi detalları və ona adekvat olmayan işıq və səslə işi nəzərə almasaq, təsirli tamaşa idi.

Düşünürəm ki, nəinki Qax, ümumən bölgə teatrlarının aktyorları, eləcə də işıqçıları və səs rejissorları üçün uzunmüddətli ustad dərslərinə, təkmilləşmə, statistik vərdişlərin təkmilləşdirilməsinə böyük ehtiyac var.

 

İsmayıl Dağıstanlının evində

 

Vaxt daralır. Bakıya qayıtmağımıza 1 saat qalıb. Odur ki, zamana meydan oxuyurmuş kimi, özü də sürhüllüdən (şimal-qərb zonasına məxsus xəmir yeməyi) imtina ilə növbəti məkana uşaq kimi qaça-qaça getdim. Uzaqdan bacasından tüstü qalxan bu munis ev məni də, məni tək qoymayan teatr, səhnə, sənət (qaxlı və gəncəli kukla rejissorları da bizimlə idilər) adamlarını da nəvazişlə “çağırırdı”. Mənzilin önündəki gümüşü abidə, onun düşüncəli təsviri  müşayiətində içəri keçmək üçün qısa pilləkənə yaxınlaşırıq.

Lövhə diqqətimi cəlb edir: “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. Memorial Xatirə Muzeyi. Dövlət tərəfindən qorunur”. Bura görkəmli səhnə, sənət xadimi, SSRİ Xalq artisti İsmayıl Dağıstanlının Xatirə Muzeyidir.

Muzeyin əməkdaşı, zal baxıcısı Sevinc xanım deyir ki, muzey 1990-cı ildən fəaliyyət göstərir. Bina iki otaq və bir foyedən ibarətdir. Burada 1255 eksponat qorunur. Əsas eksponatlar kitablar və fotoşəkillərdir.

İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb, 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dövlət Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub. Azərbaycan səhnəsində V.İ.Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Görkəmli sənətkar 1 aprel 1980-ci ildə vəfat edib.

Bələdçidən muzeyə ən çox qaxlıların, yoxsa başqa yerlərdən qonaqların gəldiyini xəbər alıram. “Qaxlılar, yerli insanlar daha çox gəlir. Çünki onlar bu torpağın fəxri hesab edirlər İsmayıl müəllimi” deyir. Sonra nə düşünürsə, əlavə edir: “İndiki sakitliyə fikir verməyin. Soyuqdur deyə ziyarətçilər azalıb. Yaz-yay ayları buralar qaynar olur”.

İkinci otağa keçirik. Burada daha çox foto və rəsmlər nümayiş olunur. Otaqda çox qalmaq olmur. Odun sobasının üzərindəki çaydanın zümzüməsi nə qədər xoş, sobada çırtıldayan odunla səsi nə qədər ekzotik olsa da, küləyin əks təsirindən içəri təpilən tüstüdə çox qalmaq olmur. Acı tüstünün “qovduğu” qonaqların arxasınca çıxıb ev sahibəsinə məxsus utancaqlıqla gülümsəməyə çalışan muzey əməkdaşı asta səslə “Muzeyimizin təmirə ehtiyacı var və ümid edirik ki, yaxın zamanda bu, baş verəcək” deyir. Biz də bu ümidə möhkəm inanaraq, Qaxla sağollaşırıq. Artıq yola düşmək vaxtıdır...

Həmidə Nizamiqızı
Qax-Bakı