Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

502 il əvvəl...

28 noyabr 1520-ci ildə dünya coğrafiya tarixinə yeni okeanın – Sakit okeanın adı düşüb. Portuqaliyalı dəniz səyyahı Fernan Magellan Avropadan Amerikaya səfəri zamanı Cənubi Amerika sahillərindən keçərək yeni okeana çıxıb və onu Sakit okean adlandırıb.

 

444 il əvvəl...

28 noyabr 1578-ci ildə Ağsu çayı sahilində, Mollahəsən kəndi yaxınlığında Səfəvi qoşunları ilə Osmanlı dövlətinin müttəfiqi, Krım xanı Adil Gərayın qoşunları arasında döyüş olub. Səfəvi qüvvələri qalib gəlib. Krım xanı yaralanaraq əsir düşüb, onun qoşun hissələri isə Osmanlının nəzarətindəki Dərbəndə geri çəkilib. Lakin sonrakı hərbi əməliyyatlar Osmanlının üstünlüyü ilə keçdi və müharibə Səfəvilərin Şimali Azərbaycanı itirməsi ilə (1590) nəticələndi.

 

110 il əvvəl...

28 noyabr 1912-ci ildə Albaniya Osmanlı imperiyasından (1479-cu ildən onun tərkibində idi) müstəqilliyini elan edib. Osmanlı Balkan müharibəsində (1911-1912) məğlub olandan sonra, digər Albaniya üzərində də nəzarəti itirmişdi. Albaniya tezliklə İtaliyanın nəzarətinə düşdü.

 

98 il əvvəl...

26 noyabr 1924-cü ildə Monqolustan Xalq Respublikasının yarandığı elan edilib. Monqolustan Xalq Xuralı (nümayəndələr məclisi) ölkənin ilk Konstitusiyasını qəbul edib.

 

86 il əvvəl...

25 noyabr 1936-cı ildə Moskvada VIII (fövqəladə) Ümumittifaq Sovetlər Qurultayı işə başlayıb. 10 gün sürən qurultay dekabrın 5-də SSRİ-nin yeni Konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə, ölkənin ali hakimiyyət orqanı kimi Ümumittifaq Sovetlər Qurultayını SSRİ Ali Soveti əvəz etdi. 1937-ci ildə Ali Sovetə ilk seçkilər keçirildi.

 

79 il əvvəl...

28 noyabr 1943-cü ildə SSRİ, ABŞ və Britaniya dövlət başçılarının Tehran konfransı işə başlayıb. Bu, Stalin, Ruzvelt və Çörçillin ilk görüşü idi. Dekabrın 1-dək davam edən konfransda Almaniyaya qarşı ikinci cəbhənin açılması razılaşdırıldı. Avropada ikinci cəbhə 1944-cü ilin yayında açıldı.

 

62 il əvvəl...

28 noyabr 1960-cı ildə Fransanın Şimali Afrikadakı müstəmləkəsi (1920-ci ildən) olan Mavritaniya müstəqilliyini elan edib, Mavritaniya İslam Respublikası yaranıb.

 

47 il əvvəl...

25 noyabr 1975-ci ildə Niderlandın Cənubi Amerikadakı müstəmləkəsi (XVII əsrdən) olan Surinam dövlət müstəqilliyini elan edib.

 

34 il əvvəl...

27-29 noyabr 1988-ci ildə Ermənistan SSR-nin Qafan, Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlı əhalini deportasiya etmək üçün terror və qətllər törədilib. Üç gün ərzində erməni silahlı dəstələri tərəfindən 33 azərbaycanlı qətlə yetirilib. Bu hadisədən sonra Ermənistandakı azərbaycanlı əhalinin kütləvi köçü daha da sürətləndi.

 

33 il əvvəl...

28 noyabr 1989-cu ildə SSRİ Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyətin normallaşdırılması tədbirləri haqqında” qərar qəbul edib. Sənədə əsasən, Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsi (1989-cu il yanvarın 12-də yaradılmışdı) əvəzinə Respublika Təşkilat Komitəsi yaradılıb. DQMV üzrə Təşkilat Komitəsinin rəhbəri vəzifəsinə Azərbaycan KP MK-nın 2-ci katibi Viktor Polyaniçko təyin edilib. Bakının formal tabeçiliyində olsa da, bu qurum da Moskvanın nəzarətində fəaliyyət göstərirdi.

 

31 il əvvəl...

26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərar qəbul edib. Qərar ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası” yaratmaq qərarına (2 sentyabr 1991) cavab olaraq qəbul edilmişdi. Həmçinin keçmiş DQMV-nin inzibati mərkəzi – Stepanakert şəhərinin adının dəyişdirilərək Xankəndi adının bərpa olunması, Mardakert və Martuninin Ağdərə və Xocavənd adlandırılması barədə qanun qəbul edilib. Hadrut və Əsgəran rayonları ləğv edilib, Hadrutun inzibati ərazisi Xocavənd rayonunun tərkibinə, Əsgəranın ərazisi isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilib.

Həmin gün Ali Sovetin iclasında parlamentin daimi fəaliyyət göstərəcək orqanının – 50 nəfərdən ibarət Milli Şuranın yaradılması barədə də qərar qəbul edilib. İqtidar və müxalifətyönlü deputatlardan paritet əsasda (25-25) formalaşan Milli Şura 1992-ci ilin mayında Milli Məclis adlandı və 1995-ci ilədək Ali Sovetin funksiyasını yerinə yetirdi.

Hazırladı: V.Orxan