Respublika Gənclər Kitabxanası və Cəfər Cabbarlının Ev-Muzeyinin birgə təşkilatçılığı ilə noyabrın 23-də istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunan “Çırpınırdın, Qara dəniz” adlı tədbir keçirildi. Tədbirdə “Əhməd Cavad – 130” adlı elektron məlumat bazasının da təqdimatı oldu.

Tədbirdə elm, ədəbiyyat və mədəniyyət xadimləri, təhsil işçiləri, məktəbli və tələbələr iştirak edirdilər.

Kitabxananın direktoru Aslan Cəfərov çıxışında Əhməd Cavadın ömrünü istiqlal ideyalarına, türkçülüyə həsr etdiyini dedi. O, Əhməd Cavadın vətənə, torpağa, Azərbaycan-Türkiyə qardaşlığına, bayraqlarımıza şeirlər həsr etdiyini və onun bütövlükdə Türk dünyasının şairi olduğunu vurğuladı.

Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı Əhməd Cavadın Azərbaycanla yanaşı, qardaş Türkiyənin də istiqlalı uğrunda mübarizə apardığını bildirdi.

Gənclər Kitabxanasının İnformasiya xidməti və media ilə iş şöbəsinin müdiri Günay Həsənova ədibin yubileyi ilə əlaqədar həyata keçirdikləri tədbirlər, o cümlədən “Əhməd Cavad – 130” elektron məlumat bazası haqqında məlumat verdi.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə repressiya qurbanları Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin bir epoxanın inciləri olduğunu bildirdi.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev Əhməd Cavadın “Çırpınırdın, Qara dəniz” şeirinin yazılma tarixindən danışdı, şairin yaradıcılığında vətənpərvərlik mövzusunun aparıcı yer tutduğunu vurğuladı. Dedi ki, Əhməd Cavad poeziyası xalqımıza şanlı Zəfər yaşadan Azərbaycan əsgəri üçün bir yürüş marşı, vətənpərvərlik çağırışıdır.

Bakı Dövlət Universitetinin (BDU) dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, dosent Günay Qarayeva Azərbaycan milli ideyasının poeziyada ən fəal tərənnümçüsü olan Əhməd Cavadın dünyagörüşündə islamçılıq və türkçülüyün bir vəhdət təşkil etdiyini söylədilər.

BDU-nun hazırlıq kursunun türkiyəli tələbələri “Çırpınırdın, Qara dəniz”, “Can Azərbaycan”, “Şəhidlər” şeirlərini, “Çanaqqala türküsü”nü, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri şairin “Səhər-səhər”, “Azərbaycan bayrağına”, “Qaldı”, “Dönür” və digər şeirlərini səsləndirdilər.

Lalə