Seyid Mir Möhsün Ağa haqqında yeni kitab işıq üzü görüb
   
   Bu günlərdə tarixçi-jurnalist Təranə Cəbiyevanın övliya Mir Möhsün Ağanın ruhuna həsr etdiyi “İçərişəhərin əbədi sakini” adlı kitabı işıq üzü görüb. 
   Ölümündən 60 il keçsə də, insanların yaddaşında inam mənbəyi, pənah yeri kimi yaşayan Mir Möhsün Ağanın nurlu çöhrəsi, şəfalı əlləri, dərgaha tez yetişən duaları haqqında bu gün də bir-birindən maraqlı əhvalatlar söylənilir. İçərişəhərdəki yaşadığı ev və Şüvəlandakı qəbirüstü məqbərəsi bu gün minlərlə insanın ziyarətgah yeridir.
   Kitab müəllifin “Cəddinə inandığım, Mir Möhsün Ağa!” ön sözü ilə açılır. Mir Möhsün Ağa fenomeninə xüsusi rəğbət və məhəbbət bəsləyən Təranə Cəbiyeva Mir Möhsün Ağanın həyatının möcüzələrlə, ibrətlərlə dolu anlarına “Nurdan yaranan insan”, “Tanrının möcüzəsi”, “Kəramətli ocaq”, “Seyid Əli fenomeni”, “Şüvəlanda bir ünvan var: S.Vurğun küçəsi, ev 73” başlıqlı yazılarında aydınlıq gətirir, yaxın keçmişimizin tarixini vərəqləyir.
   Kitabda Mir Möhsün Ağanın yaxınlarının, doğmalarının xatirələri yer alır. “Xatirələr unudulmur” bölməsində Seyid Mir Möhsün Ağa barədə tanınmış şəxsiyyətlərin, elm və sənət xadimlərinin fikirləri dərc olunub. “Ağanın kəraməti mətbuat səhifələrində” bölümündə isə tanınmış jurnalistlərin müxtəlif illərdə və müxtəlif vaxtlarda Mir Möhsün Ağa haqqında yazdıqları yazılar dərc olunub. Kitabın sonuncu bölməsində isə xalqının, tarixin və insanların yaddaşında zaman keçdikcə yaşayan Mir Möhsün Ağaya ithaf olunmuş şeirlər çap olunub.
   Kitab İçərişəhərin əbədi sakini haqqında oxucuya dolğun məlumat verir və bütün bu məlumatları, faktları, həqiqətləri bir araya gətirib kitab halında çap etdirmək, sözün əsil mənasında müəllifdən fədakarlıq tələb edir.
   Xatırladaq ki, “Bülbülə İmamzadəsi”, “Gənc müəllim və özünütəsdiq”, “Güzgüdəki Sona xanım”, “Bir ömrün taleyi” kitablarından sonra “İçərişəhərin əbədi sakini” kitabı daima axtarışda olan qələm sahibinin oxucularla beşinci görüşüdür.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar