Birinci Qarabağ müharibəsi şəhidi Fuad Qərib oğlu Əsədovun (1972–1992) anadan olmasının 50-ci ildönümü qeyd edilib.

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Fuad Əsədov adına Cəbrayıl rayonu Quycaq kənd orta məktəbində keçirilən anım tədbirində şəhidin doğmaları, döyüş yoldaşları, eləcə də Quycaq kəndindən Birinci Qarabağ müharibəsinin digər şəhidləri – Arif Turab oğlu Alekseyev, Şaiq Sevdimalı oğlu İbayev və Elsevən Kalbalı oğlu Mirzəyevin ailə üzvləri iştirak ediblər.

Fuad Əsədov 1972-ci il noyabrın 25-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra indiki Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olub. 1992-ci ilin fevralında erməni qəsbkarlarının Xocalıda törətdiyi soyqırımı Vətən, yurd, torpaq təəssübkeşi Fuadın da həyatını dəyişir. O, ali məktəbdə III kursda təhsilini yarımçıq qoyaraq Cəbrayıl rayonuna qayıdır və özünümüdafiə batalyonuna yazılır. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu istiqamətindən erməni dəstələrinin Cəbrayıl rayonunun kəndlərinə hücumlarının dəf edilməsində iştirak edir, döyüşlərdə şücaət göstərir. 1992-ci il iyunun 28-də şəhidlik zirvəsinə ucalır...

Mərasimdə şəhidin anası Solmaz müəllimə, bacısı Nüşabə xanım xatirələrini dilə gətiriblər. 20 yaşında canını doğma torpaq uğrunda fəda edərək əbədi həyat qazanmış Fuadın nəsillərə örnək ömrünün qısa səhifələri duyğulu anılar işığında vərəqlənib.

Şəhid Arif Alekseyevin həyat yoldaşı Məlahət müəllimə, şəhid Elsevən Mirzəyevin bacısı Əfiqə xanım və digər çıxış edənlər yurd, torpaq naminə canlarını qurban verənlərin təkcə onların əzizlərinin deyil, bütün xalqımızın qəlbində yaşadıqlarını vurğulayıblar. Qeyd olunub ki, 44 günlük  Vətən savaşında qazandığımız tarixi qalibiyyətdən sonra cəmi şəhidlərimizin ruhları şaddır.

Fuad Əsədov qısa ömründə təkcə vətənsevərliyi ilə deyil, fitri istedadı ilə də tanınmışdı. Bu gün onun xatirəsini vaxtilə qələmə aldığı yazıları, poetik dünyası, çəkdiyi rəsmlər, memarlıq eskizləri də yaşadır. Ölümündən sonra nəşr olunan “Fuad dünyası” kitabında şeirləri, yazıları, rəsmlərindən nümunələr toplanıb.

Anım tədbirində məktəbin şagirdləri Fuad Əsədovun şeirlərindən parçalar söyləyib, bədii kompozisiya nümayiş etdiriblər.

Məktəbin direktoru Natiq Mirzəyev pedaqoji kollektiv adından Fuad Əsədovun ailəsinə şəhidin portreti əks olunmuş xalça və xatirə suveniri təqdim edib.