Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma ilə görüşüb.
Fonddan bildirilib ki, Günay Əfəndiyeva təşkilatın üzv və müşahidəçi dövlətlərinin mədəni irsinin qorunması istiqamətində gələcək layihələrdən, yaxın zamanlarda həyata keçiriləcək tədbirlərdən, eləcə də Macarıstanla əməkdaşlıq imkanlarından bəhs edib.
Səfir Tamaş Yojef Torma 2023-cü il üçün “Avropanın Mədəniyyət Paytaxtı” olan Macarıstanın Vezprem şəhəri və “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən Azərbaycanın Şuşa şəhəri arasında əlaqələrin gücləndirilməsi məqsədilə qarşılıqlı səfər və tədbirlərin keçirilməsi planları haqqında məlumat verib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun da bu işlərə dəstək verəcəyinə əminlik ifadə olunub.
Fond və Macarıstan arasında qədim türk mədəniyyəti və irsinin təbliği istiqamətində birgə əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.