Yazıçı-publisist, Əməkdar jurnalist Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən “Qara qan” trilogiyasının yenilənmiş 5-ci nəşri işıq üzü görüb. Noyabrın 29-da Azərbaycan Yazıçılar Birliyində kitabın təqdimatı keçirilib.
Əvvəlcə Əməkdar elm xadimi Tofiq Məlikli kitab haqqında danışaraq, onun milli-mənəvi dəyərlər baxımından çox qiymətli bir əsər olduğunu vurğulayıb və hər kəsə əsəri oxumağı tövsiyə edib.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Şahin Fazil kitab haqqında təəssüratlarını bölüşərək, Fazil Güneyin yaradıcılığından söhbət açıb. Bildirib ki, F.Güney Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil aldığı vaxtlardan bədii yaradıcılığa başlayıb. Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışdığı dövrdə də yaradıcılığa vaxt tapıb.
Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Firuz Mustafa diqqətə çatdırıb ki, XX əsrin sonlarında Azərbaycan ictimai-siyasi mühitində baş verən hadisələr, müstəqillik ab-havası Fazil Güneyin yaradıcılıq istiqamətini daha çox jurnalistikaya yönəldib. 1991-ci ilin əvvəlində yaradılan “Assa-İradə” Azərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən ingiliscə “AzerNews” qəzetinin təsisçisi və baş redaktoru, “Azeri Observer” jurnalının direktoru olan Fazil Güney Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini əsirgəməyib. Qarabağ münaqişəsindən bəhs edən, müasir Azərbaycan reallıqlarını əks etdirən yenilənmiş “Qara qan” tarixi romanı ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı əsərdir.
Azərbaycan Tibb Universitetinin professoru Nadir İsmayılov, diplomat, filologiya üzrə fəlsəfə doktoru Tofiq Abdullayev, filologiya elmləri doktoru, Ali Attestasiya Komissiyasının şöbə müdiri Asif Rüstəmli də fikirlərini bölüşüblər.
Qeyd olunub ki, Fazil Güney “Qara qan” romanı üzərində 30 il çalışıb. Yazıçı uzun illərdən bəri davam edən yaradıcılıq axtarışlarının yekunu olaraq maraqlı bir əsəri oxucuların ixtiyarına verib. Romanda döyüş səhnələri canlı və inandırıcı boyalarla qələmə alınıb. Roman sevgi və ismət sınağı ilə qarşı-qarşıya qalmış Aysunun əsirliyi fonunda Qarabağ savaşının geniş və dərin mənzərəsini əks etdirir.
Çıxışlarda romanın bədii-publisistik əhəmiyyəti vurğulanıb, vətənpərvərlik, ana torpağa məhəbbət və yurd təəssübkeşliyi ruhunda yazıldığı qeyd olunub. Diqqətə çatdırılıb ki, roman insanların haqsız olaraq zülm və işgəncələrə məruz qalması, doğma yurdunu, ev-eşiyini itirməsi fonunda müharibənin doğurduğu mühiti, əsirlik əzabı çəkən insanların düşüncə tərzini, zülmə mərdliklə sinə gərdiklərini, habelə neofaşizmlə müqayisə edilə biləcək erməni faşizminin insanlığa böyük təhlükə olduğunu açıq-aydın göstərir. Yazıçının Uzaq Sibirdən Aralıq dənizinədək böyük bir ərazidə məskunlaşmış qədim bir millətin övladlarını başımıza gələnlərdən xəbərdar etməkdən ötrü hərbi-siyasi, tarixi və məhəbbət süjeti üstündə qurulmuş romanı maraqlı, oxunaqlı və bitkin təəssürat oyadır.