Xarici ölkələrdəki ispandilli kütləvi informasiya vasitələrində fəaliyyət göstərən bir qrup jurnalist İsraildəki Azərbaycan diasporunun dəstəyi ilə Azərbaycana səfər edib.
Səfər çərçivəsində xarici jurnalistlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, xarici işlər nazirinin müavini Fariz Rzayev, gənclər və idman naziri Fərid Qayıbov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüblər.
Xarici jurnalistlər noyabrın 29-da işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. İki rayonun ərazisində erməni işğalı dövründə törədilmiş dağıntıların və vandallıq aktlarının şahidi olan jurnalistlər foto və video çəkilişlər aparıb, Xudafərin körpüsündə və Zəngilanın Ağalı kəndində olublar. Onlara postmüharibə dövründə minaların təmizlənməsi, aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri, “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürüldüyü barədə müfəssəl məlumat verilib.
Qeyd edək ki, qrupun tərkibində “El Español” onlayn jurnalı, “La Vanguardia” (Barselona) və “La Razón” (Madrid) qəzetləri, “SIC”, “Mediaset España”, “La Vanguardia”, “Haaretz” media qurumları və “The Jerusalem Post Magazine”, “The Berlin Quarterly” jurnallarının əməkdaşları yer alıblar.