Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (1882-1941) 140 illiyi ölkə başçısının sərəncamına əsasən silsilə tədbir və layihələrlə qeyd edilir.
Ədibin “Şeyx Sənan” dramı 20 ildən çoxdur ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında yer alıb. Noyabrın 26-da tamaşanın növbəti nümayişi keçirilib.
Nümayişdən öncə teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmış mütəfəkkir şair, görkəmli dramaturq haqqında fikirlərini bölüşüb.
Daha sonra “Şeyx Sənan” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.
Rolları Əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Qəmər Məmmədova, Elnur Bəhramxan, aktyorlar Rövşən Abbasov, Vüqar Məmmədəliyev, Eyvaz İbrahimov, Kərəm Hadızadə və digərləri canlandırıblar.