İlyas Əfəndiyevin tarixi dramı yeni yozumda səhnəyə gəldi...
Qəlbində böyük Azərbaycan sevdasına sonsuz yer verən, istər fəaliyyətində, istərsə də yaradıcılığında vətən, millət sevgisi bütün duyğularının önündə gələn qəlbi “Qaldı sərgəştə Natəvan, əfsus”lu Xan qızının – Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasını 190 illiyi müxtəlif layihələrlə qeyd edilir.
Azərbaycan tarixində və ədəbiyyatında Xurşidbanu bir obraz kimi də daim özünün layiqli məqamındadır. Bu mənada Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesinə Akademik Milli Dram Teatrında verilən yeni səhnə yozumu da yubileyə əlamətdar sənət töhfəsidir.
Dekabrın 4-də tamaşanın premyerasında mədəniyyət naziri Anar Kərimov, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, sənətsevərlər iştirak edirdilər.
Dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.
Tamaşanın mövzusu, adından da göründüyü kimi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif qadın, ana kimi tanıyır və sevir. Səhnəsində tarixi hadisələr fonunda xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib.
İkihissəli səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), Rafiq Əzimov (Mirzə Ruhullah), Hacı İsmayılov (Qoca Knyaz), Əməkdar artistlər Anar Heybətov (Knyaz Xasay), Elşən Cəbrayılov (Seyid Hüseyn), Rəşad Bəxtiyarov (Nəvvab), Elnar Qarayev (Mamayı), Mirzə Ağabəyli (Kor kamançaçı), Kazım Həsənquliyev (Məliküldövlə), Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyorlar Elçin Əfəndi (Hidayət xan), Vüsal Mustafayev (Zahir bəy), Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Corc Qafarov, Elsevər Rəhimov (kütləvi səhnələr) iştirak edirlər.
Xalq yazıçısı İlyas Əfəndiyevin bu əsəri sayəsində ilk dəfə Azərbaycan qadını tarixi dramın baş qəhrəmanı olub. Rejissor da yeni quruluşda ədəbi materialdan çıxış edərək bizi Natəvanla, onun tarixi şəxsiyyət və qadın kimi həyatı, hiss və duyğuları ilə bir arada, əlavə təfsirçiliyə yol vermədən tanış edir.
Məsələn, tamaşanın əvvəlində biz qəhrəmanın dilindən “Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz ləyaqətinə sahib çıxmasındadır. Mən azadlığın qüdrətinə inanıram. İnsan ləyaqətinin yüksəlişi üçün həqiqi vicdan azadlığı lazımdır” sözlərini eşidirik.
Digər tərəfdən, tamaşaçı Natəvanla ilk dəfə Tiflisdə, çar Rusiyasının Qafqaz Canişiliyində tanış “olur”, onun canişinlə söhbətinin şahidinə çevrilir. Xalqını ləyaqətlə təmsil edən bu təəssübkeş xanımın davranış və fikirləri diqqət mərkəzinə çıxarılır. Canişin də onu xan qızına layiq bir hörmət və diqqətlə qəbul edır. Natəvanın ötkəmliyi, qətiyyətli danışığı canişini həm təəccübləndirir, həm də xoşuna gəlir. Gənc azərbaycanlı qadınla imperiya nümayəndəsi arasındakı qısa dialoqda bir şəxsin timsalında xalqın istək və arzularını, düşüncə və tələblərini verən müəllif sonrakı hadisələrdə bu məqama dönə-dönə qayıdır.
Quruluş müəllifi də bu incə detalı müxtəlif elementlər, xüsusən aktrisanın emosional ruh halındakı sürətli dəyişkənliklə onun hisslərini tamaşaçıya sadə formada çatdırmağa nail olur.
Biz bu səhnədə Natəvanın ilk məhəbbətinin başlanğıcını da görürük. Dağıstanlı əsilzadə, Knyaz Xasayla sevgi işartıları da buradan yaranır.
Düzdür, qarşılıqlı sevgiyə əsaslanan və canişinin cəsarətləndirməsi ilə (hərçənd burada da imperiya maraqları barizdir və bu, eyhamlarla tamaşaçıya çatdırılır) başlanan izdivacın ömrü az olsa da, izləri hər iki qəhrəmanı ömrü boyu tərk etmir. Biz burada daha çox Natəvanın xarakter bütövlüyünü, insanpərvərliyini və humanistliyini görürük. Bir də xalqına, onun taleyinə dərindən bağlılığını.
Məsələn, Xasay əmisinin (qoca Knyaz) Dağıstana qayıtmaq tələbi qarşısında aciz qalanda, Natəvanın qarşısına “Gedək, bir neçə il də Dağıstanda yaşayaq” şərtini qoyanda güclü idarəyə malik qadın yenə də fədakarlıq edir və ayrılıq nə qədər çətin olsa da, Xasayın getməsini məsləhət bilir, ayrılığa haqq qazandırır və ona “Mən sənin öz həmvətənlərinin lənətlərinə məruz qalmağına dözmərəm!” deyərək qətiyyət göstərir.
Tamaşa boyu Natəvanı səciyyələndirən əsas xüsusiyyətləri – xalqla birliyi, xalq haqqında düşüncələri müxtəlif detallarla tamaşaçıya təqdim edilir, onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri ön plana çıxarılır. Xüsusən onun təkcə Qarabağ hüdudları ilə qapanıb qalmadığını, İranın şahlıq quruluşunun əsarətində inləyən Cənubi Azərbaycan əhalisinin taleyi üçün sarsıntılarını, apardığı mübarizəni də görürük. Beləcə, müəllifin illər əvvəl, hələ sovet dönəmində cəsarətlə dediyi “Bütöv Azərbaycan”, “hürriyyət”, “xalqın taleyi”, “azadlıq”... kimi ifadələrin ayrı-ayrı mizanlarda əsaslı həllini alqışlayırıq.
Tamaşa boyu biz iki hissin ağuşunda məhz Natəvanın özü kimi təzad yaşayırıq: güclü görünməyə çalışan, lakin qəlbinin dərinliyindəki zərif quşa pərvazlanmağı öyrədən kədər və ümid yüklü bir qadını.
Bu mənada incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı şairə tamaşa boyu bizi müxtəlif mövzulu qəzəlləri ilə baş-başa qoyur, öz dərin sarsıntılarını poetik dildə ötürə bilir.
Tamaşa boyu ədəbi materiala sadiq qalan, daha doğrusu, onun əsas keyfiyyətlərini tamaşaçının mühakiməsinə verən rejissor dramaturqun əsas niyyətinə – Natəvanın həm ictimai xadim, həm də elinə-obasına bağlı şairə kimi dolğun obrazına nail olur. Burada aktrisanın oyun imkanları və ələlxüsus da qəhrəmanının taleyinə bir qadın, insan olaraq yanğısı ön planda idi. Bu mənada bəzən səhnədə olduğunu unudan və ümumi qəlibindən sıçrayaraq çıxmağı bacaran M.Əsədova tamaşaçı reaksiyasını (oyun boyu bir neçə dəfə alqış eşidildi) duyurdu.
Digər tərəfdən, dramatik konfliktin ən çox Natəvanın taleyi üzərində qurulduğunu nəzərə alsaq, burada da yanaşmada baxış müxtəlifliyi nəzərə çarpır.
Bu məqamda Natəvandan başqa Knyaz Xasay, Seyid Hüseyn, şair Mamayı, Nəvvab, Qafqaz canişini və başqa obrazların da ön plana çəkildiyini və ümumi ansamblda səliqəli yerləşdirildiyini görürük. Ən əsası da bu üzvi bağlılıq bizi yormadı. Əksinə, son nəticəyə detallar vasitəsilə gedib çaxmağımızda “bələdçi” oldu.
Tamaşa boyu Xan qızı ilə onun dərin tellərlə bağlı olduğu Qarabağın, bütünlükdə Azərbaycanın taleyinin eyniləşdirildiyini də görürük. Bununla da, Natəvan obrazı şimallı-cənublu Azərbaycanın taleyi və dərdi ilə yaşayır. Özü də bu ayrılıqla barışmadan, mübarizə aparmaqla. Bu motivin qabarıq həllini Natəvanın həm Rusiya imperiyası, həm də İran dövlətinin səfirlərinə, xüsusən ona izdivac təklif edən İran şahzadəsinə münasibətində, nifrət və qəzəbində görürük.
Burada maraqlı, incə bir detala xüsusi vurğu edilir. Qafqaz canişini ilə görüşən Natəvan əsl diplomat qətiyyəti ilə ondan Qarabağ xanlığının bütün torpaqlarını və mülklərini tələb edir. İmperiya nümayəndəsinin “Bu qədər torpaq sənin nəyinə lazımdır?” sualına qısaca “Mənim xalqım var...” cavabını verərək tamaşaçıya əsas qayəsini, həyat amalını açıqlayır.
Tamaşada şuşalıların sevinc səhnələrini də görürük. Natəvan xalq üçün Şuşaya su çəkdirir, kəndli balaları üçün məktəb açdırır, yollar saldırır, hətta susuz Muğan torpaqlarında həyatın qaynaması üçün Arazdan arx çəkdirilməsi üçün tapşırıqlar verir. Hərçənd əmisi oğlu Hidayət xan buna hər vəchlə mane olur.
Seyrçi kimi mənə görə, tamaşanın ən emosional və konflikti dərinləşdirərək həm də açan, bizi bir insan olaraq başqasının taleyinə acımağa vadar edən səhnə uzun ayrılıqdan sonra Xasay bəyin Natəvana yazdığı məktubdur. Biz bu qısa məktubda siyasi, ideoloji və insani duyğuların bir-biri ilə amansız və qələbəsiz döyüşünü görürük. Dərin sarsıntılar keçirən Xasay bəy “Beləliklə, hər şey məhv olub getdi, Banu bəyim. İndi məni bu uzaq yerə sürgün eləyiblər. Bu tilsimin sonu görünmür. Mən daha sürünmək istəmirəm, Banu bəyim. Zənn edirəm ki, buna sən də razı olmazdın. Əlvida, Banu bəyim. Heç olmasa, sən möhkəm dayan, Banu bəyim!” yazaraq, əslində, peşmanlığının ağırlığına tablaşa bilmədiyini də göstərir.
Konflikt dərinləşdikcə biz dedi-qodudan can qurtarmaq üçün, çətinliklə də olsa, alınan qərarı görürük: Xasay bəydən ayrıldıqdan sonra varlı nəsillərdən, hətta şahzadədən gələn izdivac təklifinə rədd cavabı verən Natəvan Cənubi Azərbaycandan gələn Seyid Hüseynlə ailə həyatı qurur.
Tamaşanın ikinci hissəsi, xüsusən nikahdan sonrakı hadisələr – İran şahzadəsinin qətlə yetirilməsi və ittihamçılar arasında Seyid Hüseynin, dolayısı ilə Xan qızının olması, Xurşidbanunun əmisi oğlu ilə konflikti, yaşadığı mənəvi sarsıntılar fonunda müqaviməti sonda onun “Gedin, kəndlilərə deyin ki, onlar daha mənə vergi verməyəcəklər. Daha xan qızı Xurşidbanunun kəndi, torpağı yoxdur! Onu da deyin ki, bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir” deməsi ilə bitir. Beləcə, bir xalqın mübarizəsinin fərddən topluma ötürüldüyünü görürük.
Tamaşada sadə, daha doğrusu, dövrün koloritini – Şuşa şəhərini, qala keçidlərini ehtiva edən çoxqatlı mizan və tərtibatda izafi detallardan azad iri məkanda aktyor oyunu ilə baş-başa qalırıq ki, bu da yaxşı düşünülmüş addımdır. Nəzərə alsaq ki, bu gün tamaşaçı tərtibatda gizlədilən oyun həllindən çox aktyorla işə vurğu tələb edir.
Səhnə əsərinin emosional təsirində musiqinin də payı, sözsüz ki, mühümdür. O, ideyanı və təsvir olunan dövrü, xüsusən qəhrəmanın ruh dünyasını açır.
İran şahzadəsi və onun vəkili, eləcə də ümumi plandakı “Məclisi-üns” üzvləri, xüsusən də Nəvvab obrazının ifaçısı qəhrəmanlarının xarakterini bariz göstərdilər. Hərçənd bu fikirləri pyesdən irəli gələrək rejissorun xüsusi planlarda verdiyi Xasay bəyin ifaçısı haqqında demək çətindir. Elə tamaşa boyu müxtəlif vəziyyətlərdə özünün aktyor məziyyətlərini açmaq imkanı olan Seyid Hüseynin səhnə yükünə cavabdeh aktyor barəsində də.
Ümumən aktyorlarla uzunmüddətli iş və bunun sonucu kimi yaxşı ansamblı da unutmayaq. Bir də sonda özünəməxsus təzimin həllini. Amma bir detalı çıxmaq şərtilə...
Həmidə Nizamiqızı