AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov 3-4 dekabr tarixlərində Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində keçirilən “Orta əsrlər Avrasiyasının köçəri sivilizasiyaları” (2-ci “Məcidov oxuları”) beynəlxalq elmi-praktik konfransında iştirak edib.

Başqırdıstanın tanınmış arxeoloqu, akademik Niyaz Məcidovun (1933-2015) xatirəsinə həsr olunan konfransa Rusiya, Özbəkistan, Azərbaycan, Qazaxıstan və Monqolustandan alimlər qatılıblar. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru konfransda çıxış edib.

İnstitutdan bildirilib ki, konfrans iştirakçıları öncə Ufa şəhərindən təxminən 400 km məsafədə ibtidai insan məskəni olan Şulqan-Taş mağarasında və həmin ərazidə bu ilin iyul ayında açılmış müasir tipli muzeydə olublar. Mağaranın içərisinə uzanan yolların uzunluğu 3 km-dən artıqdır. Şulqan çayı mağaranın altından keçərək onun giriş hissəsində yenidən torpaq üzərinə çıxır.

Qonaqlar Başqırdıstanın Milli Tarix Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi ilə də tanış olub, məşhur başqırd şairi Salavat Yulayevin abidəsini ziyarət ediblər.

A.Seyidov üzəri əl işi ilə bəzədilən Azərbaycan bayrağının kiçik maketini konfransın təşkilatçılarına hədiyyə edib, yerli televiziya və informasiya agentliklərinə müsahibə verib.

Tədbir çərçivəsində Başqırdıstan arxeoloqlarının Azərbaycanda, Azərbaycan arxeoloqlarının isə Başqırdıstanda tədqiqat aparması üçün ilkin razılığa gəlinib.