Gəncə Dövlət Dram Teatrında hazırlanan daha bir səhnə əsərinə baxış olub. Sənət ocağı bu dəfə rumın əsilli Fransa dramaturqu Ejen İoneskonun yaradıcılığına müraciət edərək “Kral ölür” (absurd keçid) tamaşasını hazırlayıb.
Dekabrın 10-da tamaşaya daxili baxışda Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun müdiri Könül Cəfərova, sektorun baş məsləhətçisi Emin Əliyev və teatrşünas Elçin Cəfərov da iştirak ediblər.
Ejen İoneskonun “Kral ölür” pyesi ölüm və həyat arasında dünyanın maraq doğuran keçidlərinin təzahürü və insan taleyi haqqında baxış çərçivəsidir. Həmçinin bu əbədi mövzu həyat baxışlarının kəsişməsi olaraq hər birimizə aiddir. Yəni dünyaya gəldikdə bəlkə də ölümdən xəbərimiz olmadığı halda, yaşadıqca daha sonra ölümü dərk edir və öyrənirik...
Tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Zeynəb Hüseynova, rejissor assistenti Dursun Cəlilovadır. Rolları Əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Kəmalə Məmmədova, Sevda Orucova, aktrisa Günay Cabbarova və aktyor Ruslan Hüseynov oynayır.