Xəbər verdiyimiz kimi, 8-9 dekabr tarixlərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Bursada Şuşa Günləri keçirilib. Silsilə tədbirlər 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Bursa şəhərinin bu missiyanı Azərbaycanın Şuşa şəhərinə təhvil verməsi münasibətilə təşkil olunub.

Tədbirlərin açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakup Canbolat və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış ediblər.

Təşəbbüs barədə danışan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu layiqincə daşıyan Bursadan sonra gələn il bu estafeti Azərbaycan mədəniyyətinin beşiyi Şuşa davam etdirəcək. Bununla bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bursada Şuşa Günlərinin keçirilməsi təşəbbüsünü irəli sürdü və bu təklif dəstəklənərək, Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə (11 noyabr – red.) qəbul olunan Bəyannamədə öz əksini tapdı. Bu həm də yeni və gözəl bir ənənənin başlanğıcı sayıla bilər.

“Bursada keçirilən Şuşa Günlərində iki qədim şəhər görüşür. Bu, iki şanlı keçmişin, şanlı tarixin vəhdətidir. Bu təşəbbüs vaxtilə Ulu öndərimiz Heydər Əliyev tərəfindən söylənilən və artıq kəlama çevrilən “Bir millət, iki dövlət” fəlsəfəsinin bariz nümunəsidir. Bu tədbirlərin məqsədi Qarabağın mədəniyyətini, Şuşanın mədəni irsini dünyaya tanıtmaqdır”, – deyə Günay Əfəndiyeva bildirib.

***

Silsilə tədbirlərin ilk günü “Şuşanın tək incisi” bədii-sənədli filminin təqdimatı olub. Bu il 190 illiyi qeyd olunan Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş filmin (ideya müəllifi Günay Əfəndiyeva, rejissor Zəhra Quliyeva, ssenari müəllifi Ülviyyə Heydərova) çəkilişləri Xan qızının ocağında – Şuşada ermənilər tərəfindən viran qoyulan evində aparılıb. Natəvan obrazını Xalq artisti Mehriban Zəki canlandırıb.

***

Şuşa Günləri çərçivəsində Bursada “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib. Tamaşa Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Bakı Bələdiyyə Teatrı tərəfindən Xalq yazıçıları İlyas Əfəndiyevin “Qarabağnamə” pyesi və Elçinin “Baş” romanı əsasında hazırlanıb. Tamaşanın quruluş müəllifi Xalq artisti Mərahim Fərzəlibəyov, musiqi tərtibatçısı Xalq artisti Eldar Mansurov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Tamaşadan əvvəl çıxış edən quruluşçu rejissor Mərahim Fərzəlibəyov Bakı Bələdiyyə Teatrı, eləcə də XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən olan İlyas Əfəndiyevin və Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında danışıb. Qeyd olunub ki, “Qarabağnamə” pyesində XIX  əsrin əvvəllərində Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən istilasından bəhs edir. Elçinin “Baş” romanında hadisələr də həmin dövrdə cərəyan edir.

Nümayişdən sonra Bakı Bələdiyyə Teatrının yaradıcı heyətinə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun xatirə hədiyyəsi təqdim edilib. Rejissor Mərahim Fərzəlibəyov da Günay Əfəndiyevaya və TÜRKSOY-un baş katibi Sultan Raevə teatr adından hədiyyələr təqdim edib.

***

Şuşa Günləri çərçivəsində məşhur fotoqraf Reza Deqatinin “Azərbaycanın incisi Şuşa” adlı sərgisi də açılıb. Bursa Böyükşəhər Bələdiyyəsinin başqanıi Alinur Aktaş, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un baş katibi Sultan Raev, Bursa valisi Yakup Canbolat və digərləri sərgiyə baxıblar.

Sərgidə fotoqrafın Şuşada işğaldan əvvəl və sonra çəkdiyi 60 foto nümayiş olunur. “Şuşa nisgili daima mənim ürəyimdə yaşayırdı, ruhum Şuşada qalmışdı. Şuşanı dünyaya göstərmək istəyirdim. Şükürlər olsun ki, bu arzuma çatdım”, – deyə Reza Deqati Bursada jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, Reza Deqati 1992-ci ilin aprelində, Şuşanın erməni qüvvələri tərəfindən işğal olunmasından bir neçə həftə əvvəl şəhərdə fotolar çəkib. O, 29 il sonra Şuşaya qayıdaraq şəhərdə gördüklərini yenidən fotokameranın yaddaşına köçürüb.

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından Reza Deqatiyə təşəkkür plaketi təqdim edib.

***

Dekabrın 9-da Bursada “Yeddi gözəl” musiqi qrupunun konserti təşkil edilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yaradılan musiqi qrupu Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstan olmaqla yeddi ölkəni təmsil edən qadın musiqiçilərdən ibarətdir. Qrupun dirijoru və solisti Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadədir.

Xatırladaq ki, qrup ilk çıxışını bu il noyabrın 11-də Səmərqənddə, Türk Dövlətləri Təşkilatının XI Zirvə görüşü çərçivəsində türkdilli ölkələrin birinci xanımları üçün edib.

Bursadakı konsert proqramında türkdilli xalqların musiqiləri ilə yanaşı, Turan Manafzadənin ifasında Azərbaycan mahnıları da səslənib. Konsertdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından qrup üzvlərinə xüsusi plaketlər təqdim edilib.

***

Bursada Şuşa Günləri çərçivəsində dekabrın 9-da Qarabağ qadın milli geyim kolleksiyasının təqdimatı olub. Mərasimdə tanınmış modelyer, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı kolleksiya nümayiş etdirilib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva gələn il “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu layiqincə daşımağa hazırlaşan Şuşa şəhərinin tarixi və mədəni mirasının tanıdılmasına töhfə verməkdən qürur hissi keçirdiklərini bildirib. Gülnarə Xəlilova tədbirə dəvətə görə təşkilatçılara minnətdarlığını bildirib.

***

Silsilə tədbirlərlə yanaşı, Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş və Bursa valisi Yakup Canbolat ilə görüş də keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirak ediblər.

***

Dekabrın 9-da TÜRKSOY-un “Bursa-2022 – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

Mərasimdə “mədəniyyət paytaxtı”nın simvolu Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova təqdim edilib.

TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər Bələdiyyə başqanı çıxış ediblər.

Sonra Bursa şəhərinin və TÜRKSOY-ya üzv ölkələrin sənətçilərinin iştirakı ilə musiqi proqramı təqdim olunub. Konsertdə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova da çıxış edib.

“Bir il boyunca “Türk dünyasının mədəniyyət paytaxtı” adını layiqincə daşıdığımız üçün qürurluyuq. 2021-ci ildə aldığımız bu əmanəti indi “Bir millət, iki dövlət” bildiyimiz can Azərbaycana, qardaş və dost ölkəyə təhvil veririk. Təbii ki, Şuşa hər birimiz üçün xüsusi məna kəsb edən bir məkandır”, – deyə Alinur Aktaş bu sözlləri Azərbaycan mediasına müsahibəsində bildirib.

***

Qeyd edək ki, türk dövlətləri başçılarının 2010-cu ildə İstanbulda keçirilən zirvə toplantısında təsdiqlənən TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinə əsasən, 2012-ci ildən etibarən bu missiyanı hər il təşkilata üzv ölkələrdən birinin şəhəri qəbul edir.

İlk olaraq “Türk dünyasının mədəniyyət paytaxtı” adını Qazaxıstanın Astana, ardınca 2013-cü ildə Əskişəhər (Türkiyə), 2014-cü ildə Kazan (Tatarıstan), 2015-ci ildə Mərv (Türkmənistan), 2016-cı ildə Şəki (Azərbaycan), 2017-ci ildə Türküstan (Qazaxıstan), 2018-ci ildə isə Kastamonu (Türkiyə) daşıyıb. 2019-cu ildə bu missiyanı Oş (Qırğızıstan), 2020-ci ildə isə Xivə (Özbəkistan) qəbul edib. Xivə şəhərində 2020-ci ilin “Türk dünyasının mədəniyyət paytaxtı” mərasimləri pandemiya səbəbindən ertələnərək 2021-ci ildə keçirilmiş, sonra estafet Bursa şəhərinə verilmişdi.

Beləliklə, Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını qəbul edən sayca 11-ci şəhərdir.